a81fb9b5-88be-4622-a127-827aee3b489a..jpg

Sürətli yox, ağılla arıqlamaq lazımdır – FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Sürətli yox, ağılla arıqlamaq lazımdır – FOTO

Həkimlər sürətli arıqlamağın həm sağlamlıq, həm də gözəllik üçün zərərli
olduğunu deyirlər. Orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır.
Ona görə də artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır.

Artıq çəkidən xilas olmaq istəyənlərin ən böyük arzusu qısa müddətdə, sürətli
şəkildə arıqlamaqdır. Çünki uzun müddət pəhriz saxlamağa, idmanla məşğul olmağa
heç də hər kəs sona qədər davam gətirə bilmir. Mütəxəssislər sürətli çəki
itirilməsini məsləhət görmürlər. Maraqlıdır, niyə? Ümumiyyətlə, sürətli çəki
itirmək deyəndə nə nəzərdə tutulur?

“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Diyetoloq Turxan Baratzadənin sözlərinə görə, bir ay ərzində çəkimizin 10
faizdən çoxunu itiririksə, deməli, sürətli arıqlama gedir: “80 kiloqram çəkisi
olan biri 1-ci ay 8 kiloqram, 2-ci ay 7 kiloqram, 3-cü ay da təxminən bu qədər
arıqlayırsa, bu, artıq həddindən artıq sürətli çəki itirilməsi deməkdir və
normal sayılmır. Həftəyə bir kiloqram çəki vermək daha məsləhətli və sağlamdır”.

Uzun müddət yarıac gəzmək?

Son vaxtlar məşhur olan “su orucu”nda da insanlar sürətli çəki itirirlər. Bəs
bu niyə məsləhət görülür? T.Baratzadə deyir ki, burada yanaşma fərqlidir:
“Bəli, su orucunda da sürətli arıqlama baş verir. Bir-iki həftə ərzində çox
miqdarda çəki vermək olur. Bunun isə bir yeniləmə, detoks olduğu
düşünülməkdədir. Bir-iki həftə sonra artıq sən eyni formada çəki itirmirsən,
qısa müddətlik prosesdir”.

T.Baratzadə bildirdi ki, çəkidən tez qurtulmaq üçün uzun müddət yarıac gəzmək
həm bədən üçün stressdir, həm də makro və mikro elementlərin yetərli alınmaması
bir çox problemin yaranmasına səbəb olur. Bunlar başlıca olaraq ürək ritminin
pozulması, aşağı qan təzyiqi, elektrolit balansının pozulması, orqan
çatışmazlığı, anemiya, saç tökülməsi, tiroid tənbəlliyi, öd kisəsi daşı, yuxu
pozğunluqları, depressiya və s.-dir.

“Hər orqanizm dözə bilmir”

Terapevt Məlahət Abbasova deyir ki, sürətli çəki itirməyə hər orqanizm dözə
bilmir: “Çox tez arıqlayırlar deyə, birinci sevinirlər, amma sonra bədən gücdən
düşür, halsızlıq, zəiflik yaranır, işgörmə qabiliyyətləri itir, heç nə etməyə
gücləri qalmır. Bədənə yağlar, zülallar, karbohidratlar, – hamısı lazımdır.
Sürətli çəki itirmək üçün orqanizmi, hüceyrələri ac saxlamaq olmaz. Onlar həyat
uğrunda mübarizə aparırlar”.

M.Abbasovanın sözlərinə görə, orqanizmimizin zərər görməməsi üçün çəkini
yavaş-yavaş itirməliyik: “Orqanizm o çəkini birdən almayıb. Yavaş-yavaş,
qram-qram alıb. Siz onu sürətli şəkildə itirən zaman orqanizmə əziyyət vermiş
olursunuz. Çünki bədənin də bir rejimi formalaşıb. Birdən-birə sürətli çəki
itəndə, bədəndə böyük dəyişiklik gedir. Ona görə çəkini asta-asta, orqanizmi
öyrəşdirə-öyrəşdirə atmaq lazımdır. Bədən buna alışmalıdır”.

Diyetdən kənara çıxan kimi…

Terapevt bildirdi ki, sürətli çəki itirmək bədənimiz üçün estetik cəhətdən də
yaxşı deyil: “Hüceyrələr ac qalanda dəri solğunlaşır. Fikir versəniz,
görərsiniz ki, sürətli çəki itirənlərin dəriləri solğun olur. Yavaş-yavaş və
düzgün şəkildə arıqlayanlarda bunu görməzsiniz. Çünki sürətli çəki itirəndə
bədən faydalı maddələri itirir. Birbaşa çəki itəndə dəridə sallanma və
solğunluq yaranır. Çəkini ağılla itirəndə, dəri yavaş-yavaş yığılır”.

M.Abbasova qeyd etdi ki, sürətli çəki verən diyeta axtarmamalıyıq: “Fikir
vermisinizsə, çox adam sürətli çəki verdirən diyetalar axtarır. Artıq
çəkilərindən qısa zamanda qurtulmaq istəyirlər. Arıqlayırlar, ancaq həmin
şəxslər diyetadan bir az kənara çıxan kimi həmin çəkidən də artıq çəki
yığırlar. Çünki orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ani
bir pəhrizi pozanda, çəkilərini birə beş artırırlar. Onun üçün artıq çəkini
sürətli yox, ağılla itirmək lazımdır. Həkim məsləhəti ilə, hər kəsə fərdi
yanaşma ilə olmalıdır. Çünki artıq çəkinin səbəbi heç də hər kəsdə eyni deyil”.

“Sonra arıqlamanın qarşısını ala bilmirdim”

Sürətli çəki verən Təranə Hüseynova sonra sağlamlıq problemi ilə rastlaşdığını
deyir: “Rayonda yaşayırdım, həmişə çəkim qaydasında olub. Sonra evlənib Bakıya
köçdüm. Kənddən şəhərə gəldim, istər-istəməz hərəkətlilik azaldı. Yavaş-yavaş
çəkim artdı. Bir də ayıldım ki, 55 kiloqramdan 98 kiloqrama çatmışam. Bir dəfə
də tanışlardan biri çəkimlə bağlı zarafat etdi, özümü pis hiss etdim. Dedim ki,
arıqlayacam. Soyutma qidalar yedim, çörək, yağ, duz, şəkərdən imtina etdim. Üç
ay olmamışdı, 20 kiloqram çəki atmışdım. Sonra arıqlamanın qarşısını ala
bilmirdim. İştaham olmadı. Mədəm elə hala gəldi ki, yediyimi qusurdum. Qısası,
sonradan həkimlərdə qaldım”.

Ləman Etibarova sürətli çəki itirdiyini, sonra onu elə sürətli şəkildə də geri
qaytardığını bildirdi: “Çəkim çox idi. İdman etməklə və bir çox qidalardan
imtina etməklə arıqladım. Arıqlayandan sonra normal həyata döndüm. Yenidən bir
ay içərisində Beş kiloqramdan çox çəkim artdı. Üç ay tamam deyildi, 12 kiloqram
artıq çəkim oldu. Əvvəlki qədər yemirdim, ancaq çəkim artırdı”.

Düzdür, sürətli şəkildə çəki itirib sağlamlığında heç bir problem olmayan
nümunələr də ola bilər. Lakin sağlamlığımız elə məsələdir ki, az nümunələrə
görə onu riskə atmamalıyıq.

Source link