Sürixdə Azərbaycanın və Türkiyənin tarixi bayramları “Yeddi brilyant” konserti
ilə qeyd edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsveçrənin Sürix şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycanın Zəfər və
Bayraq günləri çərçivəsində türk ənənələrinə həsr olunmuş “Yeddi brilyant” adlı
klassik musiqi gecəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə-Azərbaycan Dostluq,
Mədəniyyət və Həmrəylik Dərnəyinin və Sürix Türk Musiqisi Dərnəyinin birgə
təşkilatçılığı ilə məşhur “Swiss Arena”nın konsert zalında baş tutan musiqi
gecəsində diplomatik korpusun nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Konsert öncəsi çıxış edən Türkiyənin Sürixdəki baş konsulu Emre Uygun türk
dövlətləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə
əvəzsiz töhfələrinə görə təşkilatçılara və dəstəkçilərə minnətdarlığını
bildirib. O qeyd edib ki, “Yeddi brilyant”, sadəcə, bir konsert deyil, müxtəlif
coğrafi bölgələrdən başlayan və ortaq köklərdə birləşən mədəni səyahətin
vədidir.
Azərbaycan bəstəkarı Elmir Mirzoyevin bədii rəhbəri olduğu ansamblın üzvləri
Meruert Tulenova (fleyta, Qazaxıstan), Erika Varqa (klarnet, Macarıstan),
Pərvin Aşari (arfa, Azərbaycan), Eleonora Kotlibulatova (piano, Özbəkistan),
Aiken Aitbay (skripka, Qazaxıstan), Yağmur Təkin (viola, Türkiyə) və Nuraim
Kolbunovanın (violonçel, Qırğızıstan) ifasında Azərbaycanın dahi şairi Nizami
Gəncəvinin “Yeddi gözəl” poemasından və görkəmli Azərbaycan bəstəkarı Qara
Qarayevin eyniadlı baletindən qaynaqlanmış “Yeddi brilyant” adlı konsert
proqramı təqdim olunub.
Qeyd edək ki, bu ad Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurasının üzv
ölkələrinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan,
Qırğızıstan, Macarıstan) yeddi tanınmış ifaçısını bir araya gətirib.
Musiqiçilər konsert proqramında öz xalqlarının mədəni müxtəlifliyini mükəmməl
şəkildə təcəssüm etdiriblər. Yerli bəstəkarların hər notunda və musiqi əsərində
dünyaya sülh və xalqlar dostluğu mesajı verilib.
Konsertdən sonra tamaşaçılar bu mədəni hadisəni incəsənətin xalqları və
mədəniyyətləri birləşdirə bilməsinin parlaq nümunəsi kimi qiymətləndiriblər.