4d114364-dbc6-4c87-a9e8-7cb3ad265355..jpg

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 610 dəfə baxılıb.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” –
MÜSAHİBƏ + FOTO

Rəqs mədəniyyət, gözəllik, zövq deməkdir. Bir xalqın gözəl rəqsləri olması,
onun qədim mədəniyyətinin göstəricisidir. Bu qədimliyi gələcəyə aparmaq isə
peşəkarların işidir.“Kaspi”

qəzetinin həmsöhbəti Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru
Təranə Muradovadır.

“Səhnədən getmək çox ağır idi”

Təranə xanım deyir ki, rəqqasəlik zəngin olmağına baxmayaraq çox çətin, səhnə
ömrü çox qısa olan sənətdir: “Mən peşəkar rəqqasəlikdən danışıram. Peşəkar
olmaq üçünsə Bakı Xoreoqrafiya Akademiyasının yolunu keçməlisən. Başlayanda
bilməlisən ki, bu ciddi və məsuliyyətli sənətdir. “Axırıncı” sözünü sevməsəm
də, son dəfə səhnəyə 50 illik yubileyimdə çıxmışam. 40 ildən sonra səhnədən
getmək çox ağır idi. Amma bilirdim ki, hər şeyin öz vaxtı var. Çətin olsa da,
özümü cəmlədim, səhnədə ağlamadım. Bircə bunu dedim ki, mən bu sənəti
yaşatmalıyam! Səhnə bir ayrı ömür, ayrı həyatdır. Onu heç nə əvəz etmir. O ən
yaxın dostum, ən yaxın sirdaşımdır”.

“Cəmi 300-ə yaxın peşəkar rəqqasə var”

Təranə xanım Akademiyadakı fəaliyyətindən danışdı: “Hazırda çalışdığım sənət
ocağı 92 ildən sonra, 2014-cü ildən Prezident İlham Əliyevin sərəncamı ilə
Akademiya olub. Bu, mədəniyyətimiz üçün böyük addım idi. Burada tək tədrislə
yox, elmi işlərlə də məşğuluq. Bir çox milli rəqslərimizi düşmənlərimiz
mənimsəməyə cəhd göstərir. Bu, həm də bizim təqsirimizdir. Vaxtında onları nota
alıb kitaba salmamışıq. Akademiya olaraq bu cür ciddi işlər aparırıq. Tədris
proqramına bütün milli rəqslərimizi daxil etmişik. Müəyyən çətinliklərimiz var,
onları da aradan qaldırmağa çalışırıq. Bu gün Akademiyada peşəkar müəllim,
ustad, baletmeysterlər çox azdır. Ümumiyyətlə, araşdırmışıq, ölkədə cəmi 300-ə
yaxın peşəkar rəqqasə var”.

“Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm”. Xeyr, peşəkar rəqqasə
olmaq üçün onun tədrisini keçmək lazımdır”, – deyir Xalq artistimiz: “Bu yolu
keçməyən özünə peşəkar deyə bilməz. Uşaqlıqdan özfəaliyyət dərnəyində
oynayanlar da deyir qəşəng oynayıram, peşəkaram. Qəşəng oynamaq da peşəkarlıq
deyil. Çalışıram ki, özfəaliyyət dərnəklərində peşəkarlar dərs desin. Uşaqlar
orada da peşəkar rəqqasədən dərs alsınlar”.

“Xalqın zövqünü korlamaq olmaz”

Xalq artisti bu sahədəki digər problemi də dilə gətirdi: “Əksər restoranlarda
“rəqqasələr” rəqsləri də, geyimləri də bərbad günə qoyur. “Naz eləmə” rəqsinə
Əlibaba Abdullayev quruluş verib. Onu toyda “aşgətirmə” mərasimində necə gəldi
oynayırlar. Həmçinin “Nəlbəki”, “İnnabı”, “Turacı” və s. rəqsləri misal çəkmək
olar. O vaxt Əlibaba müəllim regionları gəzib bu rəqsləri toplayıb, quruluş
verib. Dəfələrlə müraciət etmişəm, demişəm ki, olmaz bu rəqsləri bu cür
korlamaq. Bu bizim tariximizdir. Xalqın zövqünü korlamaq olmaz”.

“Hər dəfə pul fikirləşən adam yaradıcı ola bilməz”

“Xoreoqrafiya bizdə indi bir qədər zəifdir”, deyir Təranə xanım: “Çalışırıq bu
boşluqları aradan qaldıraq. İnsanlar bu gün mədəniyyətə, rəqsə kommersiya kimi
baxırlar. Hər dəfə pul fikirləşən adam yaradıcı ola bilməz. Rəqs incə sənətdir.
Hazırda Akademiyaya axın azdır. Bunun da müxtəlif səbəbləri var. Rəqqasələr
əsasən 40 yaşında sənətlə vidalaşmalı olur. Bundan sonra təqaüd yaşına qədər
boşluq qalır. Axı hamı müəllim, Xalq və ya Əməkdar artist ola bilməz. Bəs
təqaüd alana qədər nəylə dolansın, nə işlə məşğul olsunlar? Valideynlər bunu
düşünüb, qoymurlar uşaqları bu sənətə. Bundan başqa, bizim dövrümüzdə solo
konsertlərlə bütün dünyanı gəzirdik. Mənim çıxış etmədiyim səhnə yoxdur. Amma
indi elə deyil. Solo konsertlər təşkil olunmur. Axı peşəkar rəqqaslar mütləq
səhnədə olmalı, daimi çıxışlar etməlidirlər. Tədbirlər çoxdur, orada çıxışlar
var. Rəqqas səhnəni, tamaşaçını daim hiss etməlidir”.

Gözlənilməz “Xalq artisti” adının sevinci

Təranə xanım birbaşa Xalq artisti adı alan sənətkardır: “Uşaqlıqdan Maya
Plisetskayanı sevmişəm, sənətə sevgim də ondan başlayıb. 1998-ci ilin mayında
Maya xanım Bakıya gəlmişdi. Onu aeroportda qarşıladıq, axşam isə indiki Heydər
Əliyev sarayında tədbir idi. Orada mənə dedilər ki, sən Xalq artisti adına
layiq görülmüsən. İnanmadım, dedim, Əməkdar artistdir yəqin ki. Axşam
konsertdən sonra evə gəldim. Mətbəxdə yemək hazırlayırdım. Gecə 12 xəbərləri
efirə gedirdi. Siyahı oxunmağa başlayanda bir əlimdə qab, bir əlimdə qaşıq
mətbəxdən otağa qaçdım. Adımı eşidəndə birinci Allahıma şükür elədim. Sonra da
sevincimdən qışqırmağa başladım. Mən çox xoşbəxt sənətkaram. Allah Heydər
Əliyevə rəhmət eləsin. O mənə böyük dəyər verdi. Başqa ölkələrdən qonaq gələndə
məni dəvət edir, həmin ölkələrin xalq rəqslərini ifa edirdim. Heydər Əliyev
deyirdi ki, Təranə Muradova Azərbaycanın Maya Plisetskayasıdır. Bu mənim üçün
böyük bir fəxr idi. Kamera orkestri ilə milli orkestrin bir yerdə “Uzundərə”
ifasını dinləyəndə Polad Bülbüloğluna dedi ki, buna rəqs də lazımdır, Təranəyə
deyin, düzəltsin. Bir günə o rəqsi qurdum. O biri gün “Gülüstan” sarayında
rəqsi ifa etdim. Çox bəyənmişdi. Bu rəqslə bütün dünyanı gəzdim”.

“Həmişə düzünü demişəm”

Həm də hüquqşünas olan rəqqasəmiz çox çalışqan, emosional, düzgünlüyü sevən
adam olduğunu deyir: “Hüquqşünaslıq anam və həyat yoldaşımın arzusu idi.
Yoldaşım deyirdi ki, rəqsdən getsən işləməyə, məşğul olmağa bir işin olsun.
Bundan ötrü çox çalışırdı. Mən bu arzunu həyata keçirdim. Özüm də düzgünlüyü,
haqqı sevmişəm deyə, bu ixtisasa yiyələndim”.

“Gələcəyimiz üçün qorxuram”

“Bəzən baxıram ki, dünyasını dəyişmiş bir sənətkarın arxasınca çox pis şeylər
yazırlar, şəxsi həyatında qaranlıq məqamlar axtarırlar. Bu məni çox narahat
edir. Bundan başqa, yeni nəsil gəlib – əlbəttə hamını demirəm – bəstəkarları,
şairləri, rəssamları tanımır. Himnimizin müəlliflərini tanımır. Tarixini
bilməyən xalqın gələcəyi də olmaz. Mən gələcəyimiz üçün qorxuram.
Mədəniyyətimizi möhkəm tutmalıyıq ki, siyasətimizlə qoşa addımlasın”.

Source link