9b6b9a9f-f061-4d5d-8928-2f8d9c42f011.jpg

Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu

Baxış sayı: 338 dəfə baxılıb.

Taksi sürücüsünə basqın edərək onun külli miqdarda pulunu qarət edən Samir
Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən
son prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Samir Məmmədov 9 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.

O, əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məsuliyyətə cəlb
olunduğu üçün cəzasını ciddi rejimdə çəkəcək.

Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə onun 12 il azadlıqdan məhrum
olunmasını tələb edib. İstintaqla müəyyən edilib ki, Samir Məmmədov 2024-cü
ilin iyununda Nəsimi rayonunun “Şamaxinka” deyilən ərazisində taksi fəaliyyəti
ilə məşğul olan Quba rayon sakini Rəhim İsmayılova yaxınlaşaraq onu Qubaya
aparmasını istəyib. Samir Məmmədov taksi sürücüsü ilə gediş haqqını 70 manata
razılaşaraq əvvəlcə Xocəsən qəsəbəsindən anasını və əşyalarını götürüb yola
davam edəcəklərini bildirib. Onun göstərdiyi istiqamətlə Xocəsən qəsəbəsinə
gəliblər.

O, avtomobili ara məhəllələrə sürdürərək kimsəsiz ərazidə qəfil arxadan
əlindəki əşyanı sürücünün kürəyinə dayayaraq üzərindəki pulları tələb edib. Əks
təqdirdə onu öldürəcəyini bildirib. Rəhim İsmayılov onun təhdidlərindən
qorxaraq avtomobildə olan 1384 manatı Samirə verib. Samir Məmmədov taksi
sürücüsünü qarət etdikdən sonra qaçaraq ərazidən uzaqlaşıb. Bir müddət sonra
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları onu narkotik maddələrin istifadəsinə
görə saxlayarkən Samirin Bakıda quldurluq törətdiyi üçün axtarışda olduğu üzə
çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
açılaraq ittiham irəli sürülüb.

Daha ətraflı Baku TV-nin materialında:

Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu
Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu

Source link