492aefdf-4c2f-4265-b7e0-a93fd48daf27..jpg

Taxıl təminatında idxaldan asılı olan Azərbaycanın taxıl ehtiyatı hansı səviyyədədir?

Baxış sayı: 696 dəfə baxılıb.

Taxıl təminatında idxaldan asılı olan Azərbaycanın taxıl ehtiyatı hansı
səviyyədədir?

Dünyada taxılın qiymətində hər ton üçün təxminən 50 dollar ucuzlaşma qeydə
alınıb. Bu amil taxıl təminatında idxaldan asılı olan Azərbaycanın daxili
bazarına da müsbət təsir göstərib. Un və un məmulatlarının qiymətlərində
ucuzlaşma qeydə alınıb. Ekspertlər yaranmış vəziyyəti taxıl təminatında fürsət
kimi dəyərləndirirlər.

Son dövrlərdə dünya bazarlarında taxılın ucuzlaşması Azərbaycan bazarına da
təsirini göstərir. Bunu iri marketlərdə unun, çörəyin ucuzlaşması ilə görürük.
Un bazarında 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il
tarixində 35,5-37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici
40,7-41,5 manat təşkil edirdi. Cari ilin fevral ayında ərzaqlıq buğdanın orta
aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust
ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.

Məlumat üçün bildirək ki, 4 il bundan öncə BMT dünyada taxıl-buğda qıtlığının
olacağı ilə bağlı xəbərdarlıq edirdi. Hətta Milli Məclisdə ciddi müzakirələr
aparılır, anbarlarda buğda-taxıl ehtiyatını təmin etmək üçün təkliflər irəli
sürülürdü. Bəs indi vəziyyət necədir? Yaranmış yeni şəraitdə ölkənin taxıl
ehtiyatlarının artırılması ilə bağlı hansısa tədbirlər görülürmü? Qiymətlərin
ucuzlaşmasından taxıl ehtiyatlarımızı artırmaq üçün istifadə edə bilərikmi?

“Kaspi”

qəzetinin mövzu ilə bağlı yazısını təqdim edirik:

1,4 milyon ton taxıl idxal edirik

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyir ki, dünya
bazarında taxılın ucuzlaşmasının əsas səbəblərindən biri taxıl sazişinin
genişləndirilməsi və vaxtının uzadılmasıdır. O cümlədən, BMT taxılın qiymətinin
aşağı düşməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görür: “Azərbaycan hər il
Rusiya və Qazaxıstandan taxıl idxal edir. Taxıla olan illik tələbatımız 3,5
milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Tək ötən il
Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 15 227 ton taxıl idxal edib. Bu
idxal bizi Ulyanovskdan ən çox taxıl idxal edən ölkələr sırasına daxil etdi”.

İşğaldan azad rayonlarda 100 min ton buğda yığılacaq

M.Əliyevanın sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər taxıl ehtiyatı
var: “Hökumət taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində
işlər görür. Ölkəmizdə taxıl qıtlığının yaranması gözlənilmir. Müvafiq qurumlar
bu ehtiyatı artırmağa çalışırlar. Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan,
Ağcabədi, Ağstafa və Tovuz bölgəsində yetişdirilirdi. 2023-cü ildə artıq
Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda
əldə ediləcəyi gözlənilir”.

Taxıl ehtiyatlarımızda azalma qeydə alınmayıb

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi
Fikrətzadə deyir ki, dünya bazarında bu sahədə böhran olduğu vaxtda belə,
Azərbaycanın taxıl ehtiyatları ilə bağlı ciddi problemi olmayıb: “2021-ci ildən
başlayan böhran 2022-ci ildə daha kəskin davam edirdi. Biz bu vəziyyətdə belə,
taxıl, buğda tədarükündə heç bir problem yaşamadıq. Dövlətin sahibkarlara
verdiyi dəstək və düzgün xarici siyasətlə görülən tədbirlər hesabına 2022-ci
ildə ölkəyə idxal olunan buğdanın həcmi 2021-ci ilin göstəricilərindən artıq
oldu. Azərbaycanda buğda tədarükündə ehtiyatlarda tükənmə və ya aşağı səviyyədə
azalma heç vaxt qeydiyyata alınmayıb”.

Yerli istehsala üstünlük verilir

Mütəxəssis deyir ki, hazırda dünyada bazar şərtləri daha əlverişlidir və idxal
mənbələrindən tədarük davam edir: “Ancaq bu prosesdə ehtiyatlarımızı yerli
istehsalla artırmaq dövlətin əsas prioritetidir. Bunun üçün də aqrar sahəyə
dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib. Prezidentin “Ərzaqlıq buğda ilə
özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında”
fərmanına əsasən, fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə,
məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Bununla yanaşı, bu fərmanla
ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemləri də tətbiq edilir.
İstehsal olunan ərzaqlıq buğdanın hər tonuna görə, 100 manat subsidiya müəyyən
olunub. Bununla da yerli istehsal hesabına ilbəil artım gözləyirik. Dünya
bazarında nə baş verməsindən asılı olmayaraq yerli istehsal həcminin
artırılmasını əsas vəzifə kimi müəyyən etmişik. Taxıl ehtiyatı ilə bağlı böhran
vaxtı belə, problemimiz olmayıb, indi də yoxdur”.

Ekspertdən nikbin proqnoz

İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, ərzaq buğdasını əsasən Rusiyadan
idxal edirik: “Azərbaycanın Rusiyadan təxmini idxalı 1,2-1,3 milyon tondur. Az
bir hissəsini isə ötən il Qazaxıstandan almışıq. Ukrayna-Rusiya müharibəsi
çərçivəsində taxılla bağlı dünya bazarlarında yaranan böhran bizə ciddi təsir
etmədi. Ölkənin daxili imkanları da tələbatımızı ödəyir. Dövlət tərəfindən
görülən stimullaşdırıcı tədbirlər öz töhfəsini verəcək. Böyük istehlakçılarla
müqavilələr bağlanır və işlər görülür. Ərzaq buğdası parametrinə uyğun olan
taxıllar dövlətin ehtiyat fondu, dəyirmanlar tərəfindən satın alınacaq. İndiyə
qədər Azərbaycanda təxminən 220 manat torpaq subsidiyası verilirdi. Bundan
əlavə, ərzaq buğdası istehsal edənlərə də məhsul subsidiyası veriləcək. Ölkədə
taxıl ehtiyatlarının azalması ilə bağlı problem gözlənilmir”.

Source link