Tofiq Musayev: “Beynəlxalq birlik Azərbaycana qarşı etnik təmizləmə
cinayətlərini qabaqlaya bilmədi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan suveren ərazilərinin qonşusu Ermənistan tərəfindən 30 illik işğalı
regional və beynəlxalq səviyyədə daha çox iş görülməsinin vacibliyini
xatırladır”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi
nümayəndəsinin müavini Tofiq Musayev dünya təşkilatının Təhlükəsizlik Şurasının
“Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli mexanizmlərin
mübahisələrin sülh yolu ilə həllinə töhfəsi” mövzusunda keçirilən açıq
debatlarda “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” bəndi üzrə
bəyanatında bildirilib.
İclas iştirakçılarına Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalından
dolayı regional və beynəlxalq səviyyədə daha çox iş görülməsinin vacibliyini
vurğulayan diplomat bunun beynəlxalq hüququn yanlış interpretasiyasına qarşı
durulması üçün gərəkli olduğunu diqqətə çatdırıb:
“Beynəlxalq birlik Azərbaycana və xalqımıza qarşı təcavüzün, etnik təmizləmə
və vəhşilik cinayətlərinin qarşısını ala bilmədi, öz qərarlarının icrasını
təmin edə bilmədi. Münaqişənin həllinə kömək məqsədilə ATƏT çərçivəsində
aparılan vasitəçilik səyləri heç bir nəticə vermədi. Hər şeyin öz adı ilə
çağırmaq yerinə, beynəlxalq hüquqa münasibətdə ikili standartlar və seçicilik,
həmçinin “münasib tarazlığı” saxlamaq cəhdləri təcavüzkarı yalnız
cəsarətləndirdi”.
Onun sözlərinə görə, “sonsuz cəzasızlıq ümidi”nə qapılan Ermənistan sülh
prosesinə laqeyd olub:
“Bütün səylərini atəşkəs və sülh prosesi pərdəsi arxasında Azərbaycanın işğal
olunmuş ərazilərini atəşkəs və sülh prosesi pərdəsi altında Azərbaycanın işğal
olunmuş ərazilərini müstəmləkələşdirməyə yönəltmiş və bu ərazilərə 30 ilə yaxın
beynəlxalq girişin qarşısını effektiv şəkildə almışdı. Belə siyasətin
məğlubiyyəti qaçılmaz idi”.
Eyni zamanda, Tofiq Musayev Azərbaycanın 44 günlük müharibədə özünümüdafiə
hüququndan istifadə edərək yüzlərlə yaşayış məntəqələrini işğaldan azad
etdiyini, bu savaşda erməni tərəfinin bütün iddialarına rəğmən mülki sakinlərə
atəş açmadığını vurğulayıb. O, iclas iştirakçılarına xatırladıb ki, Azərbaycan
ordusu Ermənistan silahlı qüvvələri, həmçinin ona tabe olan terrorçu və muzdlu
qruplaşmalarla vuruşub:
“Münaqişədən sonrakı sülh perspektivlərinə və beynəlxalq tərəfdaşların yardımı
ilə bu məqsədlə göstərilən səylərə baxmayaraq, Ermənistan ərazi iddialarını
davam etdirməyə üstünlük verib, silahlı qüvvələrini Azərbaycan ərazisindən
tamamilə çıxarmaqdan imtina edərək, ölkəmdə zorakı etnik separatizmi və yerdə
silahlı təxribatların artmasını daha da qızışdırıb”.
Bundan başqa, daimi nümayəndənin müavini sentyabrın 19-20-də Qarabağda
keçirilən lokal hərbi tədbirlərə toxunaraq onların səbəblərini də
dinləyicilərin diqqətinə çatdırıb:
“Bu tədbirlər BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində dövlətlərə
verilmiş hüquq və vəzifələrə tam uyğun olaraq və beynəlxalq humanitar hüquqa
ciddi riayət olunmaqla həyata keçirilib. Onlar 24 saatdan az davam etdi və
keçmiş işğal rejiminin və onun strukturlarının ləğvi və Ermənistan silahlı
qüvvələrinin Azərbaycan ərazisində təslim olması və tərk-silah edilməsi ilə
yekunlaşdı”.
Diplomat bildirib ki, Bakı beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq
öhdəliklərinə ciddi əməl etməyə təşviq etməsini gözləyir:
“Bu kritik məqamda biz beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq
öhdəliklərinə ciddi əməl etməyə, dezinformasiya və mezinformasiya son qoymağa
və regionda sülh və sabitliyin qurulması səylərində sədaqətlə iştirak etməyə
təşviq etməsini gözləyirik. Bəzi qeyri-regional dövlətlərin öz müstəmləkə
keçmişinin və indisinin təcrübəsini Cənubi Qafqaza sırımaq və regionda ksenofob
siyasətlərini genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırmaq və
onun nifrət təbliğatını dəstəkləmək sülhə xidmət etmir”.
Bəyanatın sonunda Tofiq Musayev qeyd edib ki, Azərbaycan regionda sülh
quruculuğunu inkişaf etdirmək əzmində qətidir:
“Azərbaycan regionda sülh quruculuğu, barışıq, reinteqrasiya və inkişafı daha
da yaymaqda, o cümlədən ədaləti təmin etmək, öz xalqının təhlükəsizliyinə və
rifahına, dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhlükənin
qarşısını almaq və dəf etmək əzmində qətidir”.