1ee89307-d4ea-44e8-93b0-28968f40a403..jpg

Toğanalı-Kəlbəcər-İstisu yolunun və beş tunelin inşasından görüntülər – FOTO

Baxış sayı: 493 dəfə baxılıb.

Toğanalı-Kəlbəcər-İstisu yolunun və beş tunelin inşasından görüntülər – FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu
layihələrindən biri 82 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yoludur.

“Report” xəbər verir ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil
yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 kilometr, Kəlbəcər-İstisu 26
kilometr təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 16-cı kilometrlik
hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 metrdən Murovdağ
zirvəsinədək 3 250 metrə qədər artır.

Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ
tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə iki hərəkət zolaqlı
və 12 metr enində olacaq. Əlavə olaraq 561,2 metr, 626,9 metr, 480 metr və
947,90 metr uzunluğunda dörd tunelin tikintisi də həyata keçirilir.

Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 699,6 metr, Sağ hissəsi isə
11 678,7 metr (ümumi uzunluğu 23 378,3 metr) uzunluğa malik olacaq Murovdağ
tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 5780 metr qazma və
püskürtmə işləri, 2 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət
üzrə isə ümumilikdə 5 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər
betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol
hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni
bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

561,2 metr uzunluğunda olan Tunel №1-də, 626,9 metr uzunluğunda olan Tunel
№2-də və uzunluğu 480 metr təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə və
kəmər betonu işləri tamamlanıb. Uzunluğu 947,9 metr olan Tunel №5-də isə qazma
və püskürtmə betonu işləri tamamlanıb, kəmər betonu işləri isə davam etdirilir.

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu
iki, üç və dörd hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun
olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq
relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə
uyğun, yəni hərəkət hissəsinin iki zolaqlı, yoxuşlarda isə əlavə zolaq
verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci
texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I
dərəcəli yolun ümumi uzunluğu 14,2, II dərəcəli yolun ümumi uzunluğu 34,8
kilometr, III dərəcəli yolun ümumi uzunluğu isə 33 kilometr təşkil edir.

Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan altı qovşağın və ümumi uzunluğu 5
600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub.

Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının
çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam
edir. Qazma və dolğu işləri 56% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının
tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi,
bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi
işləri davam edir.

Layihə çərçivəsində 164 (3 437 metr) dairəvi borunun, 118 (3 541 m) düzbucaqlı
borunun, 1 (28 m) heyvan keçidinin, 18 (6 229 m) U tipli və düzbucaqlı
suötürücü qurğunun, 2 433 m trapez kanalın, 64 534 kvadratmetr Geoerme divarın,
5 363 metr istinad divarının, 36 346 metr daş divarın (iksa/istinad) tikintisi
nəzərdə tutulub.

Sadalanan işlər üzrə artıq 50 dairəvi, 47 düzbucaqlı borunun, bir heyvan
keçidinin, doqquz U tipli və düzbucaqlı suötürücü qurğunun, 9 561 metr daş
divarın və 4 854 metr istinad divarının, 1057 metr trapez kanalın və 43 581
kvadratmert Geoerme divarın tikintisi yekunlaşıb.

Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 41% təşkil edir.

Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır.
Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə
Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı
kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən
keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon
mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Source link