Turizm şirkətinin rəhbəri insanları necə aldadıb? – TƏFƏRRÜAT + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə və digər ölkələrə turlar təşkil
etmək adı ilə vətəndaşları aldadan şirkət rəhbəri ilə bağlı məhkəmə qərar verib.
“Qaynarinfo”nun məlumatına görə, barəsində cinayət işi açılan şəxs “Ecotravel”
və “Eco Product” MMC-nin rəhbəri Ruslan Əsədullayevdir.
Aparılan araşdırma zamanı məlum olub ki, Ruslan Əsədullayev xeyli sayda insanı
BƏƏ-nin Dubay şəhərindəki “Sheraton Grand” hotelinə, Türkiyənin Alanya
şəhərində yerləşən “Xafira Deluxe” hotelinə, Rusiyanın Sankt-Peterburq şəhərinə
bilet və hotel xidmətini təşkil edəcəyinə dair yalan vəd verərək aldatmaqla
külli miqdarda pullarını mənimsəyib.
Ruslan Əsədullayev müxtəlif insanların tur təşkil etmək adı ilə pulunu ələ
keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi hotel
bron edilməsi barədə saxta sənədi zərərçəkmişlərə təqdim etməklə dələduzluq
edib. Təqsirləndirilən şəxs pul aldığı müştəriləri inandırmaq üçün Əhməd adlı
şəxs tərəfindən saxta bilet və viza hazırlayıb, onun mail adresinə göndərməsini
istəyib. Müştərilərin əksəriyyəti Heydər Əliyev Beynəlxalq Aeroportuna
getdikdən sonra aldandıqlarını biliblər və DİN-in “102” xidməti zəng mərkəzinə
şikayətlər ediblər.
Ruslan Əsədullayev iz itirmək üçün “Ecotravel” MMC-ni qohumu Cəmil Rövşən oğlu
Alyarovun, “Eco Product” MMC-ni isə qardaşı oğlu Elçin Allahverdi oğlu
Əsədullayevin adına təsis edib.
Ruslan Əsədullayevin cinayət işində ən böyük zərərçəkmiş şəxs ləğv edilən
Əmlak Komitəsinin Nərimanov rayon şöbəsinin Asif adlı keçmiş vəzifəli şəxsi
olub. Ruslan Əsədullayev ondan “Eco Product” MMC ilə şərikli iş qurmaq üçün 30
min manat alaraq mənimsəyib.
Məhkəmə işində Asif təqsirləndirilən şəxsdən deyil, Əmlak Komitəsinin Masallı
rayon şöbəsinin keçmiş vəzifəli şəxsi, hazırda biznes fəaliyyəti ilə məşğul
olan Mirəkbər Şükürovdan (soyad şərti) şikayətçi olub. O, Ruslan Əsədullayevi
onunla Mirəkbər Şükürovun tanış etdiyini bildirib. Mirəkbər Şükürov Ruslan
Əsədullayevi ona əmisi nəvəsi və işçisi kimi təqdim edib. Nəticədə pulları
mənimsənilib. Mirəkbər Şükürovun rəhbəri olduğu şirkətin fəaliyyəti Belarus
Respublikasından toyuq əti gətizdirib Azərbaycanda topdan satış yerlərinə
satmaqdan ibarət olub.
Məhkəmənin qərarı ilə Ruslan Əsədullayev Cinayət Məcəlləsinin 178.2.2,
178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin
törədilməsində təqsirli bilinib. Təqsirləndirilən şəxsə qəti olaraq 3 il 3 ay
müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.