Türk Dövlətləri Təşkilatının Astanada keçirəcəyi Zirvə toplantısının gündəliyi
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin dövlət başçılarının X Zirvə toplantısı keçiriləcək.
Bu barədə TDT-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Zirvə toplantısında TDT-də müşahidəçi üzv statusuna malik
ölkələrin də dövlət və hökumət başçıları iştirak edəcəklər.
“Türk Dövrü!” şüarı altında keçirilən Zirvə toplantısı Təşkilatın geniş
gündəliyinə dair yüksək səviyyəli müzakirələr üçün həlledici platforma rolunu
oynayacaq.
Liderlər əsas məsələlər üzrə qərarlar qəbul edəcək, sazişləri yekunlaşdıracaq
və iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə TDT layihələri ilə
bağlı rəsmi sənədləri təsdiqləyəcək.
Liderlər, həmçinin üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli
əməkdaşlıq, regionda və ondan kənarda baş verən siyasi və iqtisadi hadisələrlə
bağlı fikir mübadiləsi aparacaqlar.
Sammitin yekunlarına əsasən, fəaliyyətdə olan sədrlik Özbəkistandan
Qazaxıstana keçəcək. Bu bağlanış mərasimində dövlət başçıları bir sıra müvafiq
qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini
imzalayacaqlar.
Sammitdən əvvəl Astanada TDT Xarici İşlər Nazirləri Şurası toplanaraq zirvə
toplantısının gündəliyinə daxil olan məsələləri və dövlət başçıları tərəfindən
imzalanacaq sənədləri müzakirə edəcəklər”, – deyə TDT-dən bildirilib.