ae2af6f0-a3d9-489e-9f26-b12ab293e40b..jpg

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 734 dəfə baxılıb.

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa
çatıb – YENİLƏNİB + FOTO

Bu gün Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan
Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının sədrliyi çərçivəsində sözügedən Milli Komissiyanın Daimi
Katibliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və
Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının
bağlanış mərasimi keçirilib.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə çıxış edən
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın
Kərimov işğaldan azad olunmuş Şuşa şəhərində tarixi və mədəni irsimizə qarşı
Ermənistan tərəfindən törədilmiş vandalizm aktları, həmçinin Azərbaycan dövləti
tərəfindən Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı
tədbirin iştirakçılarına məlumat verib.

Sözügedən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri,
beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun
müəllifi olduğu “Şuşa – Azərbaycanın Tarixi və Strateji Əhəmiyyətli Mədəniyyət
Paytaxtı” adlı kitabın tədbir iştirakçılarına təqdimatı keçirilib.

Bağlanış mərasimində TÜRKSOY-un üzv ölkələrini, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistan, eləcə də Beynəlxalq Türk
Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Ölkələrin
Parlament Assambleyası, Macarıstan və Monqolustanı təmsil edən 35 nəfər
iştirakçıya sertifikat və hədiyyələr təqdim olunub. Eyni zamanda, bağlanış
mərasimində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və ADA
Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən ölkəmizdə sayca
ikincisi təşkil edilən təlim proqramının iştirakçısı olan Benin, Niger, Toqo,
Burkina Faso, Qvineya, Qabon, Cibuti, Fil Dişi Sahili və Ekvatorial Qvineyanın
UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri qonaq qismində iştirak ediblər.

Bağlanış mərasimindən sonra xarici qonaqlar Şuşa şəhəri ilə tanış olublar.
Onlar Şuşa şəhər mərkəzi meydanı, Qala divarları, Cıdır düzü və Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. Şuşaya səfərdə iştirak edən
adıçəkilən iclasın iştirakçıları və Afrika ölkələrinin UNESCO Milli
Komissiyalarının Baş katibləri Şuşanın ecazkar təbiətinə və qədim tarixinə
heyran qalıblar.

Tədbir xalq artisti Mənsum İbrahimovun rəhbərliyində “Qarabağ” muğam qrupu
tərəfindən təqdim edilən konsert proqramı ilə sona çatıb. Konsert proqramında
həmçinin Aytən Məhərrəmova və Sona Əzizovanın ifasında müxtəlif mahnılar
səsləndirilib.

14:14

Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu
iclasının bağlanış mərasimi keçirilir.

“Report” xəbər verir ki, tədbirdə UNESCO üzrə 10 Afrika ölkəsinin Milli
Komissiyalarının Baş katibləri iştirak edirlər.

Mərasimdə iclasın yekun bəyanatı səsləndiriləcək.

Qeyd edək ki, aprelin 7-də ADA Universitetində TÜRKSOY-a üzv ölkələrin UNESCO
üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib. Tədbirdə
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov videomüraciət edib.

Tədbirdən sonra qonaqlar Şuşa şəhəri ilə yaxından tanış olacaq, “Qarabağ”
Muğam qrupunun ifasında konsert proqramı təşkil ediləcək.

Source link