9a9fd7d7-d4e1-4026-b750-8c841baaeb75..jpg

Ukraynanın genişmiqyaslı əks-hücuma başlamaq istəyi, ortada olan çətinliklər – ŞƏRH

Baxış sayı: 758 dəfə baxılıb.

Ukraynanın genişmiqyaslı əks-hücuma başlamaq istəyi, ortada olan çətinliklər –
ŞƏRH

NATO-nun Ukraynaya dəstəyinin xarakteri və miqyası perspektiv üçün bir sualı
aktual edir – görəsən, rəsmi Kiyev Rusiya işğalına qarşı genişmiqyaslı
əks-hücum əməliyyatlarına başlayacaqmı?

Bu, Qərbin gələcəkdə Ukraynanın suverenliyi naminə nələri qurban verəcəyindən
və qlobal rəqabətdəki dəyişkənliklərdən asılı vəziyyətdə qalmaqdadır.

Hərçənd Qərb qlobal sisteminin gələcəyinin Ukraynada sınaqdan keçirildiyi
qənaətindədir.

Buna görə də NATO genişlənmə siyasətinin uğurlu yekununu istəyirsə, Ukraynaya
hərbi dəstək vermək məcburiyyətindədir, lakin görünür ki, bu ehtiyaclardan da
üstün dayanan narahatlıqlar mövcuddur.

Məsələ təkcə Rusiyanın nüvə silahı istifadə etmək ehtimalları ilə əlaqəli
deyil, həm də qlobal nüfuz dairəsi mənasında Qərbin maraqlarına hansı strateji
zərbələrin vurulacağı ssenariləri ilə bağlıdır.

Hərçənd ki, NATO Ukraynaya nəzərəçarpacaq dəstək göstərir və Finlandiyanı öz
ailəsinin üzvü edib, İsveç də Alyansa üzvlük üçün növbəsini gözləyir. Lakin bu
“partlayış”lara baxmayaraq, hələ də NATO-da Ukraynaya davamlı dəstəklə bağlı
qarışıq düşüncələr mövcuddur. Ən azından, effektiv əks-hücum əməliyyatları üçün
lazım olan döyüş təyyarələri və uzaqmənzilli raketlər Ukrayna ordusunun
arsenalına təqdim edilmir.

Xüsusilə Rusiya ilə Çinin, Rusiya ilə İranın Ukraynadakı müharibə səbəbi ilə
Qərbə qarşı eyni müqavimət oxunda birləşməsi NATO-nu ehtiyatlı davranışlara
sövq edir.

Qərbdə narahatlıqları artıran səbəblər sırasında Rusiyanın Ukraynada işğal
etdiyi əraziləri öz əlində saxlamaq üçün nüvə silahından istifadə etmək
ehtimalıdır. Bu, Qərbin Ukraynaya böyük qələbə bəxş etməsində yaranan
əngəllərdən biridir, hərçənd Rusiya özü də nüvə silahından çəkinir. Çünki
Kremldə NATO-nun mümkün antinüvə tədbirləri barədə fikirlər mövcuddur.

Ümumilikdə nüvə silahı amili və Qərbin qlobal panoramda böyük strateji
boşluqlarla qarşılaşması riskləri Ukraynanın əlinə qələbə kubokunu təqdim etmir.

Deməli, Ukraynanın əks-hücum əməliyyatlarına hazırlaşması, müharibənin mümkün
növbəti raunduna uyğunlaşmaq əsas oyunçuların daha geniş hərbi, siyasi,
diplomatik mənzərəni necə oxumasından asılı olacaq.

NATO bunun bəzi sətirlərini oxuyur, Ukraynaya silah tədarükünü genişləndirir,
lakin səhifələr vərəqləndikcə ortaya dəstəyin xarakteri və ölçüləri barədə
suallar çıxır.

Ukraynanın özü əks-hücum əməliyyatlarına nəzəri olaraq hazırdır, lakin canlı
qüvvə və silah çatışmazlığı rəsmi Kiyevin ritorikasının praktiki
göstəricilərini sual altına alır.

Bu sualların sayını artıran məqamlardan biri də ABŞ-də Ukrayna ilə bağlı məxfi
sənədlərin fəlakətli sızmasıdır. “Sızma əməliyyatları” ABŞ daxilində Ukraynaya
dəstəklə bağlı ikitirəliyin yarandığına işarə verir ki, bu da Ukraynanın mənəvi
ruhuna zərbə vurur.

Kreml də bundan istifadə edir, ABŞ-nin Rusiyanın planlaşdırma, komandanlıq və
nəzarət strukturuna nə qədər dərindən və hansı vasitələrlə baxdığını öyrənib
təhlil edir. Bu, Rusiyanın ABŞ-nin Ukraynanı kəşfiyyat məlumatları ilə təmin
etməsinə qarşı əks-həmlə qabiliyyətini artıra bilər.

Aqşin Kərimov

Source link