45700bd4-28ab-4284-80cd-ab1d2b270fb0.jpg

Vətən müharibəsinin 18-ci günü – Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir

Baxış sayı: 236 dəfə baxılıb.

2020-ci il oktyabrın 14-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on səkkizinci günü.

Cixisyolu.com xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut və Cəbrayıl
istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin bəzi
istiqamətlərində mövqelərimizə hücum edən düşmən itki verir və geri oturdulur.
Xeyli sayda döyüş texnikası sıradan çıxarılır. Həmçinin, Ermənistan ordusunun
Gəncə, Mingəçevir və digər şəhərləri hədəfləyən əməliyyat-taktiki raket
kompleksləri dəqiq zərbə ilə məhv edilir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində
cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd “T-72” tankı, üç ədəd
“BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “Osa-AKM” zenit-raket
kompleksi, bir ədəd “PDM-2”, bir ədəd “KS-19” zenit topu, iki ədəd “D-30”
haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Düşmənin silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara
daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından
başlayaraq Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulur. Nəticədə
Tərtərin Narlı kəndində bir nəfər mülki şəxs həyatını itirir. Düyərli kənd orta
məktəbinin həyətinə mərmi düşməsi nəticəsində səkkiz, Ağdamın Çəmənli kəndində
fərdi yaşayış evinə mərmi düşməsi zamanı isə bir nəfər yaralanır. Günorta
saatlarında cəbhənin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus
növbəti pilotsuz uçuş aparatı məhv edilir.

Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa
növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Füzuli və
Xocavəndin bəzi kəndlərini işğaldan azad etdiyini açıqlayır.

Müharibə Ermənistanın informasiya cəbhəsində də məğlub olması ilə davam edir.
Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində müharibə
ilə bağlı Azərbaycana yönələn ittihamlara nöqtə qoyur:

“Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş
meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir
olduğunu göstərir”.

Bir sözlə, müharibənin on səkkizinci günündə də üstünlüyün Azərbaycan
Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi
torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər
verirdi.

Mərahim Nəsib

Source link