Vətəndaşlarımızı xarici ölkələrdə təhsil almağa nə vadar edir?

Vətəndaşlarımızı xarici ölkələrdə təhsil almağa nə vadar edir?

Baxış sayı: 7. 727 dəfə baxılıb.

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatının 2017-2018-ci tədris ili üçün verdiyi məlumata görə, ötən tədris ili ilə müqayisədə bu il qonşu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 41 nəfər artaraq 2691-ə çatıb.

Onlardan 501-i dövlət, 2190-ı isə özəl ali məktəblərdə təhsil alır. Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edir. Hamısı da özəl ali məktəblərin tələbələridir.

Maraqlıdır, nəyə görə Azərbaycandan Gürcüstana təhsil almağa gedənlərin sayı Gürcüstandan Azərbaycana təhsil almağa gələnlərin sayından dəfələrlə çoxdur? Bu, ölkəmizin təhsil səviyyəsinin qonşu ölkəyə nisbətdə daha aşağı olmasının göstəricisi ola bilərmi?

Mövzu ilə əlaqədar ÇıxışYolu.Com-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda xarici vətəndaşların təhsil alması xüsusi qanun əsasında formalaşır və bu göstərici hər ilə nisbətdə artıma doğru gedir:

“İlk növbədə, qeyd etmək istərdim ki, Azərbaycan Respublikasında əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı ildən-ilə artır. Belə ki, 2017-2018-ci tədris ilində Azərbaycanda 75 xarici ölkədən 5.541 tələbə təhsil alır və bu göstərici ötən tədris ili ilə müqayisədə 10 faiz artım deməkdir. Əvvəlki illərdə isə müxtəlif statistika formalaşıb. 

Ekspert qeyd edib ki, əcnəbilərin təhsil almaq üçün ölkəmizə az gəlmələrinin əsas səbəblərindən biri ali təhsil müəssisələrimizin reklam işinin zəif olması ilə bağlıdır:

“Hesab edirəm ki, əcnəbilərin ölkəmizdə təhsil almağa az gəlmələrinin əsas səbəbləri bizim universitetlərin xarici ölkələrdə az reklam olunması, sərgilərinin keçirilməməsi, bizdə təhsil haqlarının hədsiz dərəcədə yüksək olması, onlara verilən təhsilin aşağı səviyyədə olmasıdır.

Düşünürəm ki, bundan sonra ölkəmizə təhsil almağa gələnlərin sayında ciddi artım olacaq. Xarici ölkələrdən tələbələrin gəlməsi ölkəmizə həm maddi baxımdan, həm də universitetlərin beynəlxalq reytinqi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Kamran Əsədov onu da deyib ki, xarici ölkələrə təhsil almağa gedən Azərbaycan vətəndaşı olan tələbələr imtahanda keçid balını toplaya bilməyənlərdir:

“Azərbaycan ali təhsil müəssisələrinə qəbul ancaq mərkəzləşdirilmiş qaydada keçirildiyi üçün ancaq müsabiqə şərtlərini ödəyən abituriyentlər universitetə qəbulolma hüququna malik olurlar.

Azərbaycanda keçid balı toplaya bilməyən abituriyentlər kütləvi şəkildə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Amma onlar təhsillərini başa vurub ölkəyə qayıtdıqdan sonra diplomlarının tanınması ilə bağlı ciddi problemlər yaşayır”.

Təhsil işçisi verdiyi açıqlamada xarici təhsil müəssisələrində oxuyan vətəndaşların diplomunun Azərbaycanda təsdiqi məsələsinə də toxunub:

“Qeyd edim ki, diplomların tanınması Təhsil Nazirliyinin qəbul etdiyi qaydalar əsasında həyata keçirilir. Belə universitetlərə qarşı müəyyən tələblər var. Məsələn, nazirlik bildirir ki, ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan, müvafiq lisenziya və akkreditasiyaya malik xarici universitetlərin diplomları ölkəmizdə tanına bilər. 

Xaricdəki təhsil müəssisələrinin verdiyi diplomları Təhsil Nazirliyi tanımazsa, həmin şəxs burada təhsilini yuxarı pillələrdə davam etdirə bilmir. Beləliklə, elmi araşdırmalarla məşğul olması da əngəllənir. Diplomu tanınmayan şəxs ali təhsilli vətəndaş kimi işə qəbul edilmir. Beləliklə, dörd il vaxt və xərclənən külli miqdarda vəsait batır”.

Tbilisi Dövlət Universitetinin IV kurs tələbəsi Azər Balayev deyib ki, azərbaycanlı vətəndaşların təhsil alması üçün Gürcüstana üz tutmasının başlıca səbəbi burada təhsil sisteminin daha rahat olmasıdır:

“Mən və digər Azərbaycan vətəndaşlarının xarici ölkələrə, əsasən də Gürcüstana üz tutmalarının əsas səbəblərindən biri Azərbaycanda təhsil sisteminin olduqca ağır və çətin olması ilə əlaqədardır.

Gürcüstanda təhsil almaq o qədər də çətin deyil. Yəni burada təhsil sistemi elə qurulub ki, hər bir xarici ölkə vətəndaşı rahatlıqla oxuya bilər. Həmçinin Gürcüstanda təhsil almanın digər səbəblərindən biri də qonşu ölkə olmasıdır. 

Deyirlər ki, xarici ölkədə oxuyan tələbələrin əksəriyyəti savadsızdır və öz ölkələrində az bal toplayanlardır. Bu fikirlə razı deyiləm. Çünki bizim universitetdə fərqlənən və olduqca yüksək nailiyyətlərə malik olan tələbələr var. 

Lakin onu da nəzərə almaq lazımdır ki, rüşvət verərək “oxumaq istəyən” tələbələrin sayı kifayət qədərdir. Məsələn, Tbilisi Humanitar Universitetində oxuyan azərbaycanlı tələbələr oranı korrupsiya mərkəzinə çevirmişdilər.

Universitet rəhbərliyi bundan xəbər tutduqdan sonra orada azərbaycanlı vətəndaşların təhsil almasına qadağa qoydu. Təhsil alan vətəndaşlarımız rus bölməsi üzrə oxuyur və daha çox stomatologiya sahəsi üzrə biliklərə yiyələnir. Son olaraq deyə bilərəm ki, Gürcüstan təhsil almaq üçün mükəmməl yerlərdən biridir”.

.
www.ÇıxışYolu.Com