Vətəndaşlar daha böyük məbləğdə kredit götürə biləcəklər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi vətəndaşlara eyni
əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı
verəcək”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və
bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.
“Bu baxımdan gözləntilər həm də ondan ibarətdir ki, yeni qanun layihəsi
bankların girov kimi cəlb etdiyi əmlakın da doğru qiymətləndirilməsinə gətirib
çıxaracaq. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrdə bir sıra banklar tərəfindən
əmlakın daha ucuz qiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən
kreditin həcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraq
müəyyənləşdirilirdi.
Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm də vətəndaşlarımıza eyni əmlakı
girov qoymaqla daha çox kredit almaq imkanı verəcək. Bu baxımdan gözlənilir ki,
vətəndaşların götürdüyü kreditlərin həcmində artım olsun”, – deyə deputat əlavə
edib.
Qeyd edək ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisin plenar iclasında
birinci oxunuşda qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında əmlakın
qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə
bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.