bed4dfe8-bf27-43d9-a180-9d354feac7e5..jpg

Vaşinqton Mərkəzi Asiyada Rusiya və Çinin gücünü azaltmağa çalışır – “KASPİ”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 696 dəfə baxılıb.

Vaşinqton Mərkəzi Asiyada Rusiya və Çinin gücünü azaltmağa çalışır –
“KASPİ”nin TƏHLİLİ + FOTO

Mərkəzi Asiya uğrunda gərgin geosiyasi mübarizə başlayır. Bəzən ümumi şəkildə
“stan” adlandırılan bölgə dövlətləri böyük və qüdrətli ölkələrin diqqətini
özlərinin nəhəng sərvətləri və təbii ehtiyatlarına görə daim cəlb edib. İndi
Rusiya, Çin, Qərb, hətta Hindistan və İran da bu yarışın iştirakçılarıdır.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Son bir neçə ildə fövqəldövlətlərin, xüsusən də ABŞ-nin Mərkəzi Asiya
ölkələrinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu, tək Rusiyanın
zəiflədilməsinə hesablanmış gediş deyil. Söhbət həm də geosiyasətdən və təbii
sərvətlərdən gedir. Görünən odur ki, regionun sərvətləri uğrunda digər əsas
oyunçular da mübarizəyə qoşulublar.

Bəzən ümumi şəkildə “stan” adlandırılan Mərkəzi Asiya böyük və qüdrətli
dövlətlərin xüsusi diqqətini özünün nəhəng sərvətləri və təbii ehtiyatlarına
görə daim cəlb edib. ABŞ, Rusiya, Çin, İran, Hindistan, eləcə də Böyük
Britaniya və Avropa İttifaqı ilə yanaşı, hətta İsrail Mərkəzi Asiya ölkələrinə
xüsusi maraq göstərir. Son bir neçə ildə Rusiya ilə qarşıdurma səbəbindən Qərb
dövlətlərinin “stan”lara marağı daha da artıb. Bəzi tarixçilər bu bölgəni
“dünyanın damı” adlandırır və hesab edirlər ki, ona nəzarət olmadan dünyada
hegemonluğu saxlamaq mümkün deyil.

ABŞ Mərkəzi Asiyada Çinə uduzur

Qərb mediası yazır ki, “stan”lar uğrunda gedən geosiyasi mübarizənin əsas
səbəbi Qərb dövlətlərinin Rusiya ilə yanaşı, Çinin də bu regionda təsirini
məhdudlaşdırmaq və balanslaşdırmaq istəyidir. ABŞ, Böyük Britaniya və
Hindistanın Mərkəzi Asiyaya marağı Çini və onun “Bir kəmər, bir yol”
meqalayihəsini əngəlləmək cəhdi kimi qiymətləndirilə bilər. Bu yeni İpək Yolu
bölgədən keçərək Azərbaycana, oradan Türkiyəyə, daha sonra Avropa, Afrika və
Yaxın Şərqə uzanır. Bu baxımdan Avstraliyanın keçmiş solçu Leyboristlər
Partiyasının baş naziri Pol Kitinqin son bəyanatı maraqlı səslənir. O bəyan
edib ki, ABŞ özünü iki okean, eləcə də şimaldan və cənubdan dost ölkələrlə
əhatə olunaraq təhlükəsiz hiss edir. Dominant dəniz və nüvə gücü olsa da, Çinlə
mübarizədə hələ də geri qalır.

Diqqətlər kritik Çin-Mərkəzi Asiya sammitinə yönəlib

Yeri gəlmişkən, mayda Çin-Mərkəzi Asiya sammitinin keçirilməsi planlaşdırılır.
Burada Pekin əməkdaşlıq üçün bəzi yeni təkliflər səsləndirə bilər. Sammitin
təşəbbüskarının Çin olması göstərir ki, Pekin bu respublikaları müxtəlif
formalarda özünə bağlamaqda qərarlıdır. Xatırladaq ki, 2019-cu ildə Çin tərəfi
artıq “C+C5” (Çin + Mərkəzi Asiya) mexanizmini yaradıb. Amma bu, xarici
əlaqələr idarələrinin rəhbərlərinin iştirak etdiyi ənənəvi mexanizm idi. İndi
belə görüşlər ən yüksək səviyyədə olacaq. Ümumiyyətlə, Çin üçün Mərkəzi Asiya
regionu ilk növbədə təhlükəsizlik baxımından önəmlidir. Bu prioritet dəyişməz
olaraq qalır. Çin Ukraynadakı müharibənin müəyyən mənfi təsirlərini hiss edib –
xüsusilə nəqliyyat dəhlizləri ilə bağlı. Nəticədə Çin, eləcə də Mərkəzi Asiya
ölkələri alternativ yollara baxmaq məcburiyyətində qalıblar. Burada Pekinin və
Mərkəzi Asiyanın maraqları üst-üstə düşür. Xüsusilə Çin-Qırğızıstan-Özbəkistan
dəmir yolu layihəsi praktiki mərhələyə qədəm qoyub. Yolun tikiləcəyinə şübhələr
getdikcə azalır.

Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçidi də açılır ki, bu, şübhəsiz,
Qazaxıstanın ərazisindən yük axınını xeyli artıracaq. Yəni “Orta dəhliz”
adlanan yer yeni nəfəs alır. Orta yolun aktuallaşmasına kömək edən digər amil
ABŞ və Çin arasında qarşıdurmanın güclənməsidir. Tayvan üzərində münaqişə
ehtimalı artır və bununla da Çin üçün bütün dəniz idxal marşrutları son dərəcə
qeyri-sabit olur. Qərb ölkələri, ilk növbədə ABŞ regionda rəqabətin
gücləndiyini başa düşür və müşahidəçi mövqe tutmaq niyyətində deyil. Nəticədə
biz Vaşinqtonun və ümumilikdə Qərbin “C5+1” mexanizminə necə xüsusi önəm
verməyə başladığını görürük. Pekini ötən il Mərkəzi Asiya ölkələrində baş verən
gərgin hadisələr təşvişə salıb. Burada hər şey çox aydındır – Mərkəzi Asiyada
sabitlik pozularsa, o zaman gərginlik Çinin ən narahat bölgəsinə – Uyğur
vilayətinə yayıla bilər. Bu, Çin hakimiyyətinin ən böyük qorxusudur.

Vaşinqtonun da Mərkəzi Asiyadan gözləntisi var

Bəllidir ki, ABŞ da bölgəyə ciddi maraq göstərir. Dövlət katibi Antoni Blinken
Mərkəzi Asiya ölkələrinə son səfəri zamanı Qazaxıstan və Özbəkistan
prezidentləri ilə görüşərək əlaqələrin genişlənməsinin zəruriliyini dilə
gətirib. Sirr deyil ki, Vaşinqtonun bölgə ilə əməkdaşlığının əsas məqsədi
Rusiya və Çinin gücünü azaltmaqdır. Ancaq buna nail olmaq üçün ABŞ-nin Mərkəzi
Asiya ölkələrinə yatırımları artmalıdır. Əks halda Rusiya və Çini bölgədə
sıxışdırmaq mümkün olmayacaq. Moskva və Pekinin xeyrinə işləyən bir neçə amil
var ki, bunun birincisi, Mərkəzi Asiya ölkələrinin milyonlarla vətəndaşının
Rusiyada ucuz işçi qüvvəsi kimi çalışması, qazandıqlarının da bir qismini
evlərinə göndərməsidir. Həmin maliyyə Mərkəzi Asiya ölkələrinin büdcələrində
müəyyən paya malikdir.

İkincisi, Mərkəzi Asiya ölkələrindən bir neçəsinin boru xətti Rusiya
üzərindən keçir. Qazaxıstan öz neftini, Türkmənistan isə qazını Rusiyadan keçən
boru xətləri üzərindən dünya bazarlarına daşıyır. Qazaxıstan və Türkmənistanın
Çinlə də enerji əməkdaşlığı mövcuddur. Üçüncüsü, Çinin Mərkəzi Asiya
ölkələrində milyardlarla dollar yatırımları var. Bu ölkələrin Çinə böyük
borcları yaranıb. Pekin bu borcların əvəzində bır sıra hallarda həmin ölkələrə
şərtlərini diktə etməyə çalışır.

Source link