cfd7e9d9-5f82-4a15-b782-c172ed7c1b00..jpg

Vaşinqton və Brüsseldə gizli danışıqlar – Ermənistan Rusiyadan qurtulmaq üçün çabalayır – ŞƏRH + FOTO

Baxış sayı: 612 dəfə baxılıb.

Vaşinqton və Brüsseldə gizli danışıqlar – Ermənistan Rusiyadan qurtulmaq üçün
çabalayır – ŞƏRH + FOTO

Rusiyadan qurtulmaq, heç olmasa, bu təsiri minimuma endirmək Ermənistan
hökumətinin əsas prioritetlərindən birinə çevrilib. Son vaxtlar hakimiyyət bu
istiqamətdə aktiv fəaliyyət aparır. Ermənistan rəsmiləri bir-birinin ardınca
Qərb ölkələrinə səfərlər edir, Kremlin təsirini azaltmaq yollarını arayırlar.

Erməni mətbuatı yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryanın Brüsseldə Qərb məmurları və NATO nümayəndələri ilə görüşlərində bu
və digər məsələlər diqqət mərkəzində olub. Görüşlərin təfərrüatına əsasən,
Qriqoryan açıq şəkildə bəyan edib ki, ölkəsinin prioriteti Rusiyadan asılılığı
minimuma endirməkdir.

Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi yaxınlığı ilə seçilən bu şəxs
baş nazirin mesajlarını Qərbdəki tərəfdaşlarına çatdırıb. TŞ rəhbərinin əsas
mesajı bundan ibarət olub ki, rəsmi İrəvan NATO ölkələri ilə yaxınlaşmaq xətti
götürüb və ilk “uğuru” da var. Fransa parlamentinin spikeri Jerar Larşe rəsmi
Paris qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə
silahlarının verilməsi prosesini sürətləndirməsi tələbini qoyub.

Özü də Ermənistan Moskvadan tək müdafiə sahəsində “uzaqlaşmaq” fikrində deyil.
Ermənistan Təhlükəsizlik Şurasının katibi açıq ifadə etməsə də, söhbətin
Metsamor AES-dən getdiyi bildirilir. Bu stansiyanın məhz Rusiya ilə əməkdaşlıq
səbəbindən fəaliyyətini davam etdirdiyi faktdır. Lakin indi bəlli olur ki,
Ermənistan hakimiyyəti stansiyanı Qərbdəki ağaları ilə dostluq naminə “qurban
verməyə” hazırlaşır. Beləliklə də, ermənilər atom energetikası sahəsində Rusiya
ilə tərəfdaşlığı Birləşmiş Ştatlarla əvəzləməyi planlaşdırırlar.

Çox güman ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard
Asryanın ABŞ Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr
müavini Kristofer Qredi və Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Çarlz
Braun ilə görüşündə də Rusiya məsələsi diqqət mərkəzində olub. Erməni mediası
sadəcə yazıb ki, danışıqlarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Ermənistan-Amerika müdafiə tərəfdaşlığının hazırkı mərhələsi ilə bağlı da bir
sıra məsələlər müzakirə edilib. E.Asryan Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə də qısa
söhbət edib.

Ermənistanla Rusiya münasibətlərinin gərginləşəcəyini sürətləndirən digər bir
məqam İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya
etmək niyyətidir. Erməni mediasında yer alan xəbərlərdə xüsusi vurğulanır ki,
bu sənəd artıq qəbul olunub və yenidən baxılması mümkün deyil. Halbuki Moskva
İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını
tamamilə qəbuledilməz hesab etdiyini dəfələrlə bəyan edib.

İrəvanın Moskvanın asılılığından azad olmasında, sözsüz ki, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsi də var. Ermənistan
hakimiyyəti dəfələrlə ən yüksək səviyyədə təşkilatdan çıxmaq məsələsini
qabardıb və bu qurumda üzvlüyü mənasız sayıb. Elə A.Qriqoryanın da Qərbdəki
təmaslarında Ermənistanın bu təşkilatdan çıxmasına toxunub. A.Qriqoryan
Ermənistanın Qərbdəki tərəfdaşlarını indiki mərhələdə bu dönüşü lazımi
səviyyədə qiymətləndirməməkdə qınayıb. Rusiya qoşunlarının Ermənistan
ərazisindən çıxarılması mümkünsüz görünsə də, Ermənistan hakimiyyət orqanları
məqsədyönlü şəkildə buna doğru gedirlər. Məsələn, İrəvan artıq Hindistandan 250
milyon dollarlıq silah sifariş etməsi bu qənaəti möhkəmləndirir. Ermənistan
üçün əsas prioritetlərdən biri Rusiya silahından imtina etməkdir. 44 günlük
İkinci Qarabağ müharibəsində bu silahların necə yarıtmaz olduğunu ermənilər çox
yaxşı xatırlayırlar.

Ermənistanın Rusiyanın forpostluğundan qurtulmasının digər məqamı ərazi
məsələsidir. Söhbət Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan
üçtərəfli razılaşmadan gedir. Həmin razılaşmada Naxçıvana dəhlizin
verilməsindən bəhs edilir. Ermənilər iddia edirlər ki, Rusiya ilə imzalanan
üçtərəfli razılaşmaya uyğun olaraq bu dəhliz Rusiya sərhədçilərinin nəzarəti
altında olacaq. Bu isə Ermənistanı qane etmir. Hesab edir ki, bununla da
Ermənistanın Rusiyadan asılılığı daha da artmış olacaq.

Beləliklə, bu qənaətə gəlmək olar ki, Rusiyadan qurtulmaq Ermənistanın
prioritetinə çevrilir və gec-tez bu arzusunu reallaşdırmağa çalışacaq. Nikol
Paşinyan özü bu barədə konkret nəsə söyləməsə də, hökumət üzvlərinə,
nəzarətində olan media və digər resurslara bu istiqamətdə aktiv fəaliyyət
göstərməyi tapşıracaq.

“Report” İnformasiya Agentliyi

Source link