VI Qlobal Bakı Forumu başa çatdı – FOTO

VI Qlobal Bakı Forumu başa çatdı – FOTO

Baxış sayı: 2. 201 dəfə baxılıb.

VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən sonuncu panel müzakirələr “Dini, mədəni müxtəliflik – siyasi liderlik üçün hansının rolu daha önəmlidir?” mövzusuna həsr olunub.

ÇıxışYolu.Com-ın məlumatına görə, iclasın moderatoru Norveç Krallığının sabiq baş naziri Kyel Maqnedini mədəni müxtəlifliklə bağlı məsələlərin dialoq vasitəsilə həll edilməsinin mümkün olduğunu bildirib.

Paraqvay Respublikası Senatının sədri Fernando Luqo qeyd edib ki, din və mədəniyyətin vəhdətinin yaradılmasını təmin etmək vacibdir: “Elə cəmiyyət qurmalıyıq ki, o, tolerant olsun. Bu sahədə layihələr işlənib hazırlanmalı və həyata keçirilməlidir. Çalışmalıyıq insanlara dinin mahiyyətini düzgün izah edək ki, heç bir dinə nifrət olmasın”.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin dinin alət kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. O qeyd edib ki, əsas məsələ bütün cəmiyyətlərdə birgəyaşayış yollarının tapılmasıdır. “Türkiyədə müxtəlif dinlərə mənsub insanlar müsəlmanlarla birgə çox rahat, dinc şəraitdə yaşayırlar” – deyə H.Çətin əlavə edib.

Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev bildirib ki, İslam sülh və qardaşlıq dinidir: “İslam dinini terrorizmlə eyniləşdirmək qətiyyən düzgün deyil. Terrorizmin nə dini, nə də milliyyəti var. Dinin siyasətə qarışdırılması münaqişələrə yol açır”.

Qırğızıstanın böyük müftisi Maksatbek Toktomuşevin fikrincə, bütün dünyada bilik və qarşılıqlı anlaşma vacibdir. Dinin mahiyyəti hər bir insana düzgün çatdırılmalıdır ki, dindən müxtəlif məqsədlər üçün istifadə olunmasın. Müfti əsas məqsədin dinin siyasiləşdirilməməsi olduğunu vurğulayıb. Əlavə edib ki, bu, baş verəndə cəmiyyətlərdə çaxnaşmalar olur.

İsrail Knessetinin sədr müavini Hamad Amar bütün dinlərdə insanların incidilməsinin qadağan olunduğunu diqqətə çatdırıb. O deyib ki, bütün xalqlar xoşbəxt olmalıdırlar. İnsanlar bir-birilərinə qarşı dost münasibəti bəsləməlidirlər. Bütün dinlərin bir məqsədi var, o da sülhdür.

İtaliya Prezidentinin diplomatik məsələlər üzrə sabiq müşaviri Antonio Zanardi Landi dinin mədəniyyətləri özündə cəmləşdirdiyini bildirib. O deyib ki, dinin mahiyyətinin təhrif olunması yolverilməzdir, bunu edənlər məsuliyyət daşımalıdırlar. O, dindən istifadə edilərək parçalanma hallarına yol verənlərin də məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirib.

Bununla da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclaslar başa çatıb.

www.ÇıxışYolu.Com