60dc91be-ebff-4fc0-bd68-0692cba8006d..jpg

Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” – MÜSAHİBƏ+FOTO

Baxış sayı: 720 dəfə baxılıb.

Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma
öhdəsindən gələcəyik” – MÜSAHİBƏ+FOTO

Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının (AVF) ümumi yığıncağı
keçirildi. Yığıncaqda federasiyaya yeni rəhbər seçkiləri oldu və Dövlət Gömrük
Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni
prezidenti seçildi.

Həmçinin, sözügedən yığıncaqda Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz
Quliyev və Faiq Qarayev federasiyanın vitse-prezidenti seçildilər.

Voleybol Federasiyasının yeni rəhbərliyində təmsil olunan vitse-prezident
Bəhruz Quliyev “Report”a müsahibəsində bu idman növünün inkişafı ilə bağlı
planlardan, yeni rəhbərliyin strategiyasından, hədəflərdən və inkişaf
perspektivlərindən danışıb.

– Federasiyanın yeni rəhbərliyi olaraq qarşıya qoyulan qısa, orta və
uzunvədəli planlar nələrdir?

– Voleybol Federasiyasının rəhbərliyi olaraq bizim qarşıya qoyduğumuz strateji
planlarımız, missiyamız və vizyonumuz var. Uzunmüddətli hədəfimiz, vizyonumuz
dünya reytinqində üst sıralara yüksəlmək və daimi olaraq orada qərarlaşmaqdır.
Bilirsiniz ki, Azərbaycanda voleybolun yaxşı ənənələri olub. Bizdən əvvəlki
rəhbərlik dönəmində müəyyən uğurlar, nailiyyətlər qazanılıb. Qarşımıza
qoyduğumuz əsas məqsədlərdən biri də bu uğurları yeni sferalara daşımaq, daha
da artırmaqdır. Qısamüddətli hədəflərimizə gəlincə isə, öncə voleybolun
kütləviliyini təmin etmək, infrastrukturun funksionallaşdırılması yönündə
addımlar atmaqdır. Həmçinin, mükəmməl marketinq platforması üzərində işləyirik.
Bütün bu əməliyyatlar üçün iqtisadi əsaslar müəyyən etməyi hədəfləmişik.
Bilirik ki, bizdən gözləntilər çoxdur. Buna anlayışla və tam məsuliyyətlə
yanaşırıq.

– Siz də vurğuladınız ki, Azərbaycanda voleybolun ənənəsi, müəyyən görülmüş
işlər var və bir zamanlar inkişafda olan voleybolda hazırda durğunluq dönəmi
müşahidə olunur. Bu idman növünü əvvəlki vəziyyətinə qaytarmaq üçün əlinizdə
konkret yol xəritəsi, iş bölgüsü varmı?

– Təbii ki, artıq müəyyən konkret planladığımız işlər var. İlk olaraq effektiv
seleksiya işi üzərində çalışırıq. Bu baxımdan həm Təhsil Nazirliyi, həm də
Gənclər və İdman Nazirliyi ilə birlikdə hədəfləri müəyyənləşdirmişik və bu
hədəflərə çatmaq üçün hansı etaplardan keçməliyik, artıq bunlar da müəyyən
edilib.

– Şahin Bağırov AVF-yə prezident seçildikdən sonra İdarə Heyətində əvvəlki
rəhbərlikdən Faiq Qarayev istisna olmaqla, hər kəs dəyişdi. Bu qədər radikal
dəyişikliyin səbəbi nədir?

– Deməzdim ki, Faiq Qarayev istisna olmaqla əvvəlki heyətdən hər kəslə yolları
ayırmışıq. Doğrudur, müəyyən dəyişikliklər oldu, yenə olacaq, amma
federasiyanın və klubların digər əməkdaşları arasında əsaslı, kütləvi
ixtisarlar gözlənilmir.

– Bəlli məsələdir ki, bu gün ölkə çempionatında vəziyyət arzuolunan səviyyədə
deyil. Həm kişilərin, həm də qadınların yarışında komanda sayı olduqca azdır və
aydındır ki, rəqabət olmayan yerdə inkişafdan danışmaq olmaz. Yeni klubların
yaradılması, bunun üçün sponsorların cəlb olunması baxımından hansı işləri
görməyi planlayırsınız?

– Doğru vurğuladınız ki, çempionatın yüksək dəstəsində komanda sayı azdır.
Amma Birinci Liqaya baxsaq, görərik ki, həm qadınlar, həm də kişilər arasında
kifayət qədər komandalar var. Bu, bizim üçün ümidverici faktdır. Düşünürük ki,
Birinci Liqadan müəyyən standartlara cavab verən kollektivləri Super Liqaya
çıxara bilərik. Bunun üçün seçim kriteriyaları təyin olunacaq. Həmçinin bir
neçə klubun yaradılması da nəzərdə tutulub. Sponsorlar məsələsinə gəlincə, biz
çalışırıq ki, işimizi elə quraq, marketinq siyasətini, brendləşməni elə təşkil
edək ki, sponsor özü bizimlə işləməkdə maraqlı olsun. Bu sistem üzərində artıq
işləyirik və yaxın günlərdə yəqin ki, ictimaiyyətə açıqlama verəcəyik.

– “Rabitə”, “Azərreyl”, “Azəryol”, “Lokomotiv” kimi dövlət qurumlarının təşkil
etdiyi klublar zaman-zaman ölkə çempionatında çıxış edib, hətta uğurlar
qazanıblar. Gələcəkdə Azərbaycanda “Gömrükçü” voleybol klubu görə bilərikmi?
Nəzərə alsaq ki, “Gömrükçü” İdman klubu var və daha əvvəl bu adla müxtəlif
idman növlərində komandalar təşkil olunub…

– Hazırda Dövlət Gömrük Komitəsinin nəzdində İdman Mərkəzi fəaliyyət göstərir.
Bu mərkəzdə 10-a yaxın idman növündə idmançılar və komandalar var ki, onlar həm
ölkə daxilində, həm də beynəlxalq yarışlarda “Gömrükçü” İdman Klubunun adından
iştirak edirlər. Əgər planlaşdırdığımız infrastruktur layihələrini uğurla
həyata keçirsək, voleybolçulardan ibarət “Gömrükçü” komandasının yaradılması da
nəzərdə tutula bilər.

– Regionlarda voleybolun inkişafı üçün nələr etməyi düşünürsünüz? Demək olar
ki, hər rayonda Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Bu
komplekslərin zalları voleybol, basketbol, həndbol kimi idman növlərinin
inkişafı baxımından əlverişli olsa da, təəssüf ki, onlardan istifadə edilmir…

– Yaxşı mövzuya toxundunuz. Biz artıq bununla bağlı işlərə başlamışıq.
Araşdırma aparırıq ki, hansı bölgədə, hansı regionda voleybol ənənələri olub.
İlkin qənaətimiz budur ki, Şimal, Mərkəzi Aran və Qərb bölgələrimizdə bu növ
həmişə populyar olub. Artıq həmin regionlardakı voleybol komandaları ilə
danışırıq, onların problemləri, çatışmazlıqları ilə maraqlanırıq, müəyyən
qeydiyyatlar aparmışıq və dəstəyimizi göstərəcəyik. Məqsədimiz ilk etapda
rayonlar arasında çempionatlar keçirmək, daha sonra bunları regional qruplar
halında təsnifləşdirmək, yekunda isə fərqlənən komandaları ölkə çempionatına
dəvət etməkdir. Müxtəlif liqalar formalaşdırmaq istəyirik.

– Belə bir fikir var ki, azərbaycanlılar fiziki quruluş olaraq, daha çox
ortaboylu insanlar olduqlarından bu amil basketbol, voleybol kimi idman
növlərinin inkişafına mane olur. Siz bu fikirlə razısınızmı?

– Bilirsiniz ki, voleybol yeganə komanda idman növüdür ki, burada rəqiblə
birbaşa təmas olmur. Bu səbəbdən də zədələnmə faizi çox aşağıdır. Düşünürəm ki,
voleybolçuda intellekt səviyyəsi yüksək olmalıdır. İdmançının topu hiss etməsi,
onun hansı istiqamətə gedəcəyini bilməsi, hesablaması, zamanında bloka çıxması
və s. amillər əsas rol oynayır. Azərbaycan insanında elmin, təhsilin,
intellektin səviyyəsi kifayət qədər yüksəkdir. Ağıllı, sərrast düşüncəli
gənclərimiz, yeniyetmələrimiz var. Onların da arasından voleybol oynamaq
istəyənləri, bu növə marağı olanları seçib ölkə idmanına qazandırmağa
çalışacağıq. Ümumiyyətlə, azərbaycanlıların əksəriyyət etibarilə qısaboylu və
ya ortaboylu olması fikri ilə razılaşmıram. Müəyyən regionlarımız var ki, orada
gənclər fiziki cəhətdən kifayət qədər yaxşı inkişaf ediblər. Belə gəncləri kəşf
edib, seçib idmana gətirmək üçün bizim regionlarla iş və inkişaf mərkəzimiz
var, ayrıca bir bölmədir ki, sırf onlarla məşğul olacaq.

– Yuxarıda qeyd etdiniz ki, fəaliyyət istiqamətləriniz arasında həm Təhsil
Nazirliyi (TN), həm də Gənclər və İdman Nazirliyi (AGİN) ilə ortaq planlarınız
var. Gənclər arasında bu idman növünü populyarlaşdırmaq üçün məktəblərdə,
tədris ocaqlarında həm tədris olaraq, həm də ümumiyyətlə, təbliğat olaraq hansı
işlər planlaşdırılır? Bununla bağlı Təhsil Nazirliyi ilə konkret görüşlər,
danışıqlar olacaqmı?

– Artıq müəyyən etmişik ki, bəzi məktəblərdə voleybol dərs kimi keçilməsə də,
dərsdən sonra asudə vaxtlarda əlavə məşq kimi keçirilir və böyük maraq var.
Həmçinin bizə məlumdur ki, Gənclər və İdman Nazirliyinin tabeliyində 20-dən çox
Uşaq-Gənclər İdman Məktəbləri (UGİM) var. Onlardan yararlanmaq və bu
məktəblərin tərkibində voleybolu inkişaf etdirməyi planlaşdırmışıq. AGİN-lə sıx
əlaqələrimiz var. Tez-tez danışırıq, işgüzar görüşlər təşkil olunur, yaxın
günlərdə, ölkə çempionatı başa çatdıqdan sonra işlərə start verəcəyik.

– Vaxtilə Azərbaycan klublarında kifayət qədər sanballı legionerlər, əcnəbi
voleybolçular çıxış edirdilər. Bu, həm azarkeş marağı baxımından, həm də
klubların avrokuboklardakı uğurlu çıxışında mühüm rol oynayırdı. Yenidən
tanınmış idmançıların cəlb olunmasında federasiya maraqlı ola bilərmi, yoxsa
sırf klubların öhdəsində olacaq?

– Bizim özümüzün də kifayət qədər tanınmış, uğurlu, milli komandanın üzvü olan
idmançılarımız var ki, başqa ölkələrin klublarında oynayırlar. Birinci, əsas
məqsədimiz odur ki, həmin voleybolçuları dəvət edək, öz klublarımızda çıxış
etsinlər. Amma əgər klublar özləri də hansısa oyunçunu heyətə cəlb etmək
istəyəcəksə, təbii ki, federasiya da bunun əleyhinə olmayacaq. Dünyanın hər
yerində mövcud qaydalar var və biz də bu qaydaları tətbiq edəcəyik.

– Bu mövsümün gedişatında “Neftçi” və “Xarı Bülbül” komandaları arasında baş
tutan oyundan sonra hakimliklə bağlı ciddi narazılıq yarandı, hətta bir neçə
turda “Xarı Bülbül”ün oyununda hakimlərin meydana çıxmaması ilə əlaqədar matç
təxirə salındı. Gələcəkdə bu kimi halların baş verməməsi üçün hakimlər və
komandalarla bağlı hansısa işlər nəzərdə tutulubmu?

– Bununla bağlı xüsusi planlarımız var əlbəttə ki. Komanda oyunlarında belə
hallara tez-tez rast gəlinir. Biz federasiyanın tərkibində yeni bir strukturda
intizam komissiyası formalaşdıracağıq. Həmçinin bu komissiyanın alt qrupları
olacaq ki, bu vasitə ilə biz təkcə hansısa baş vermiş konflikti araşdırıb
hüquqi qiymət verməyəcəyik, həm də konfliktin baş verməməsi üçün mövcud
anlaşılmazlıqları aradan qaldıracağıq və bu yöndə önləyici tədbirlər həyata
keçirəcəyik.

– Milli komandalarla bağlı konkret planlar necədir? Baş məşqçi dəyişiklikləri
gözlənilirmi?

– Bildiyiniz kimi, federasiya rəhbərliyinə yeni təyinatdan sonra hər gün ölkə
çempionatının oyunları gedir. Artıq milli çempionat yekunlaşmaq üzrədir. Bizim
hələ milli komandaların baş məşqçiləri ilə danışmaq, görüşmək imkanımız
olmayıb. Müəyyən danışıqlardan, qarşılıqlı fikir mübadiləsindən sonra bununla
bağlı konkret qərarlar verəcəyik.

– Belə başa düşdüm ki, yaxın gələcəkdə milli komandalara yeni məşqçi təyinatı
olmayacaq…

– Yaxın gələcəkdə deməzdim, amma yaxın günlərdə bu barədə yeni bir qərar
olmayacaq.

– Seçkilərdən sonra federasiya prezidenti ilə bərabər həm klub nümayəndələri,
həm də federasiyanın digər işçiləri ilə görüşləriniz oldu. Bu görüşlərdən sonra
ilk təəssüratlarınız necədir?

– Komanda idman növlərində idarəçilik fərdi növlərə baxanda daha çətindir.
İdmançılarla ayrı-ayrılıqda münasibət qurmaq, kollektivi idarə etmək üçün
fərqli yanaşma lazımdır. Bu baxımdan asan olmayacağını bilirik və işimizin
məsuliyyətini dərk edirik. Amma federasiyanın vitse-prezidenti kimi deyirəm ki,
əgər bu iş bizə həvalə olunubsa, inşallah öhdəsindən layiqincə gələcəyik.

Source link