6cf634de-ec0e-4509-9005-1539e24bbebe..jpg

XİN: “Ermənistan bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan bəyanatlar yaymaqdadır”

Baxış sayı: 505 dəfə baxılıb.

XİN: “Ermənistan bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və
yalan bəyanatlar yaymaqdadır”

Ermənistan tərəfi öz məkrli siyasətlərini davam etdirmək məqsədilə, növbəti
dəfə bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan dolu
bəyanatlar yaymaqdadır.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 28 avqust tarixli
bəyanatına dair şərhində deyilir.

“Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın suveren ərazisində
təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsini qanunsuz adlandırmaqla
yetinməyib, Azərbaycan qanunvericiliyinə əsasən etnik və irqi zəmində
düşmənçiliyin təbliğ olunmasına, eləcə də Azərbaycanın Dövlət bayrağına qarşı
təhqiredici hərəkətlər etdiklərinə görə barələrində cinayət işi açılan və 28
avqust tarixində saxlanılan üç nəfər Ermənistan vətəndaşının qaçırıldığı
iddiası yayması bu ölkənin beynəlxalq öhdəliklərinə hörmət etmədiyini göstərir.

Bununla, guya Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını
pozduğunu iddia edən Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, məhz etnik və
irqi zəmində nifrət əməllərinin qarşısının alınması istiqamətində məhkəmə
qərarı mövcuddur və Ermənistan bu hərəkətlərin qarşısını almaq əvəzinə onlarla
mübarizə aparan Azərbaycana qarşı bəyanatlar səsləndirir.

Qeyd edilən üç şəxsin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman
olmaları nəzərə alınaraq və humanizm prinsipindən çıxış edərək Azərbaycanın
onlara qarşı cinayət təqibinə xitam verməsinə baxmayaraq, Ermənistan tərəfinin
törədilən cinayətləri ört-basdır etməyə çalışması və Azərbaycanı etnik
təmizləmədə təqsirləndirməsi bu ölkənin əsl niyyətindən xəbər verir.

Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, həm bu
ərazilərdən, həm də indiki Ermənistan ərazisindən azərbaycanlıları qovan və
etnik təmizləmə həyata keçirən, hal-hazırda da bütün öhdəliklərinə zidd olaraq
Azərbaycan ərazisində silahlı qüvvələrini tam olaraq çıxarmayan, separatçılığı
təşviq edən Ermənistanın Azərbaycanı təcavüzdə təqsirləndirməsindən daha absurd
bir fikrə rast gəlmək qeyri-mümkündür.

Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, onun tərəfindən bölgədə
irəlilədilən təcavüz siyasətinin heç bir əməli nəticəsi olmayacaq və
Azərbaycanın sülhün bərqərar olması təşəbbüslərinə dəstək verilməsi Ermənistan
üçün daha faydalı olardı”, – şərhdə bildirilir.

Source link