6ad1f4dd-a272-43b1-9509-35fe670360c7..jpg

Xorvatiyada beynəlxalq simpoziumda Azərbaycanın mina problemi müzakirə olunub – FOTO

Baxış sayı: 906 dəfə baxılıb.

Xorvatiyada beynəlxalq simpoziumda Azərbaycanın mina problemi müzakirə olunub
– FOTO

Xorvatiyanın Voditsa şəhərində keçirilən minatəmizləmə üzrə 19-cu Beynəlxalq
Simpozium çərçivəsində respublikamızın bu ölkədəki səfirliyi, Azərbaycan
Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Xorvatiya Minatəmizləmə
Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın minalarla çirklənmə problemi:
çağırışlar və həll yolları” mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin minatəmizləmə qurumları,
bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri,
habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak ediblər.

Simpoziumda minatəmizləmə sahəsində qabaqcıl elmi-praktiki nailiyyətlər,
davamlı həllər, mina qurbanlarına dəstək kimi mövzular ətrafında fikir
mübadiləsi aparılıb.

Tədbirdə ölkəmizin Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanov,
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın
əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan
Hacıyev çıxış edib, ölkəmizin mina probleminə dair təqdimat nümayiş etdirilib.

Natiqlər ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və
partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı
törətdiyi ciddi təhdid və işğal dövründə viran edilmiş ərazilərin bərpa və
yenidənqurulması işlərinə yaratdığı maneələr barədə məlumatı beynəlxalq
qurumların diqqətinə çatdırıb, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq və
dəstəyin vacibliyinə toxunub.

Nümayəndə heyətimiz çıxış edərək cari ayın sonlarında ölkəmizdə keçirilməsi
nəzərdə tutulan beynəlxalq humanitar minatəmizləmə konfransının əsas mövzuları
olacaq Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin təşəbbüsü ilə yeni
humanitar minatəmizləmə üzrə milli Dayanıqlı İnkişaf Məqsədi (DİM), habelə
qlobal humanitar minatəmizləmə DİM-inin təsis edilməsi barədə məlumat verib.

İxtisaslaşmış beynəlxalq şirkətlərin Azərbaycanda humanitar minatəmizləmə
fəaliyyətində mümkün iştirakı, qeyri-texniki və texniki tədqiqat
əməliyyatlarında innovativ texnologiyaların tətbiqi, mina qurbanlarının
sosial-iqtisadi inteqrasiyasının dəstəklənməsi, habelə Azərbaycanın humanitar
minatəmizləmə sahəsindəki təcrübəsinin gələcəkdə digər ölkələrdə tətbiq
edilməsi kimi suallar ətrafında geniş müzakirələr aparılıb.

Source link