af519e56-fd83-4956-9b58-7d0de5cf7f74..jpg

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı – ANIM + FOTO

Baxış sayı: 584 dəfə baxılıb.

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı – ANIM + FOTO

Uşaqlıqda ağ-qara televizorun ekranından tanıdığın, çəkildiyi filmlərə,
teletamaşalara, oynadığı rollara maraqla və sevərək baxdığın aktyorları
sonradan həyatda görməyin, onlarla həmsöhbət olmağın öz cazibəsi var. Xalq
artisti, görkəmli aktyor Səyavuş Aslan da mənim üçün belə azman sənətkarlardan
olub. Həm Musiqili Komediya Teatrının, həm Milli Dram Teatrının səhnəsində bir
neçə roluna heyranlıqla tamaşa etmişəm. Böyük aktyorun böyük oyununa həqiqətən
vurulmuşam. Ünvanına nə qədər “kaprizli” və “qapalı” desələr də, müsahibə üçün
müraciətimə də “yox” deməyib. Ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrının
yaxınlığındakı evində həm özü, həm həyat yoldaşı, tanınmış aktrisa Ofeliya
Aslanla söhbətləşmişəm. Bu gün isə Səyavuş Aslanın haqqında xatirələr danışır.
Hərçənd onunla bir səhnədə oynayan, bir filmdə, bir teletamaşada çəkilən
aktyorların çoxu artıq həyatda yoxdur. Elə onun kimi özlərindən sonra izlərini
qoyub dünyadan köç ediblər. Amma yaxşı ki, lentlərin və onu unutmayan sadiq
tamaşaçıların yaddaşı, bir də çox az sayda onunla həmkar olan insanlar qalıb.

“Kaspi” qəzeti sentyabrın 5-i –
doğum günü ərəfəsində Səyavuş Aslanı məhz o sənət adamları ilə anıb:

“Ordan-burdan”da Səyavuş çəkiləcəkdi

“Deyə bilmərəm ki, Səyavuş Aslanla çox işləmişəm, 2 ya 3 əsərdə onunla işimiz
olub. Amma bu gün “Səyavuş” deyəndə onun çəkildiyi səhnələr, onunla bağlı
xatirələr göz önünə gəlir”- deyə tanınmış rejissor, Xalq artisti Ramiz
Həsənoğlu xatırlayır: “Səyavuş unikal aktyor idi. Sergey Parajanov Bakıda “Aşıq
Qərib” filmini çəkirdi. O filmdə gürcü aktyorunu çəkmişdi, amma səsləndirmək
üçün Səyavuşu çağırdı. Filmdə altyazı Azərbaycan dilində gedirdi. Cavanşir
Quliyev filmin bəstəkarı idi. Sonra Cavanşir mənə danışdı ki, Parajanov
Səyavuşun aktyor imkanlarına valeh olub. “Siz onun imkanlarından niyə az
istifadə edirsiniz?” – deyə heyrətini gizlətməmişdi. Elə aktyorlar var ki,
onların potensialı dərhal görünür. Səyavuş da o aktyorlardan idi”. R.Həsənoğlu
danışır ki, “Ordan-burdan” teletamaşasını çəkəndə Salman bəy roluna Səyavuşu
dəvət edib: “Bir-iki epizodu çəkmişdim də. Amma Səyavuş qəfildən xəstələndi,
böyrəyində daş vardı. Xəstəxanada yatmağa məcbur oldu. Biz çətin vəziyyətdə
qaldıq, çünki Yeni il ərəfəsi idi və tamaşa efirə çıxmalı idi. Mən tamaşaya
Cahangir Zeynalovu dəvət etdim. Hamı deyir ki, Cahangir unikal oynayıb. Bəli,
razıyam, amma Səyavuş da çəkilsəydi, özünəməxsus oynayacaqdı”. R.Həsənoğlu
tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan “Evləri köndələn yar”
teletamaşasının davamını – “Evləri göydələn yar”ı çəkəndə yenə Səyavuş Aslanı
dəvət edib: “Tamaşanın 28 ildən sonrakı davamı kimi o aktyorları çəkdim.
Səyavuş, Yaşar Nuri… hamısı qocalmışdı. Səyavuş Aslan kimi aktyorlar
təkrarolunmazdır. O, heç kəsə bənzəməyən, öz dəst-xətti ilə seçilən bir aktyor
idi”.

Yumoru, görkəmi, danışığı…

Xalq artisti Hacı İsmayılov həmkarını Azərbaycan kinosu, teatrı və
televiziyasının ən məşhur aktyoru kimi dəyərləndirdi: “Səyavuşla ilk görüşümüz
1963-cü ildə olub. O vaxt mən institutun 1-ci kursunda oxuyurdum. Xəzər
rayonunun mədəniyyət sarayında Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında
“Ulduz” filmi çəkilirdi. Mən orda 3 böyük sənətkarı – Lütfəli Abdullayevi,
Bəşir Səfəroğlunu və Səyavuş Aslanı gördüm. Səyavuş üzügülərliyi, optimistliyi
və cəldliyi ilə yadımda qaldı. Sonradan o, Musiqili Komediya Teatrında, mənsə
Akademik Milli Dram Teatrında işlədiyimiz üçün o qədər də görüşlərimiz olmadı”.
H.İsmayılov xatırlayır ki, müəyyən dövrdən sonra S.Aslan işləmək üçün Milli
Dram Teatrına gəlmək istəyib. Amma… “Səyavuş Aslan komik aktyor olsa da,
psixoloji-komik janrın nümayəndələrindən idi. Onda gülüş də, kədər də, sevinc
də vardı. Bizim teatrda çalışmaq istəyirdi.

Amma o zaman teatrın rəhbəri məsləhət görmədi. Yalnız illər keçəndən sonra –
Həsənağa Turabov teatrımızın direktoru olanda Səyavuşu dəvət etdi. Səyavuş
teatra gələn kimi bütün yeni tamaşalarda iştirak etdi. Biz bir neçə tamaşada
tərəf-müqabil də olduq. Əsas işimiz Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli
dəlim” və “Mənim ərim dəlidir” tamaşalarında oldu. O, bu tamaşaların hamısında
baş rolda oynayırdı. Öz yumoru, görkəmi, danışığı ilə tamaşaçıların sevgisini
qazanmışdı. Səyavuşun üz ifadələri çox qabarıq idi. Yadımdadır, Türkiyənin
Sivas şəhərinə qastrola getmişdik. “Sevimli dəlim” tamaşasını oynayanda
türkiyəli tamaşaçılar Səyavuşun oyununa valeh oldular. Sonralar televiziya
tamaşalarında çəkildik. 3 seriyadan ibarət “Yaşıl eynəkli adam”da birgə
çalışdıq. Onun bir aktyor kimi “kapriz”ləri vardı. “Məni çox incitməyin, bir
dubla çəkin” deyirdi.

Ona görə 3-cü hissədə çəkilmədi. Amma yeri görünürdü. O tamaşadakı “Polis
rəisi Seyfulla” nə qədər maraqlı roldur…” H.İsmayılov xatırlayır ki, Səyavuş
Aslanın bir aktyor kimi improvizəsi onun yaradıcılığının üstün xüsusiyyəti
olub: “Hicran” tamaşasında məşhur üçlüyün – Səyavuş, Nəsibə xanım və Hacıbaba
Bağırovun improzvizələri tamaşaçılara necə ləzzət edir! O tamaşaya baxanda
həmişə valeh oluram”. H.İsmayılov Səyavuş Aslanla iki filmdə də çəkilib: “Həmin
filmlərə qədər Səyavuş artıq bir neçə filmə çəkilmişdi. Biz “Bəyin oğurlanması”
və “Yol əhvəlatı”nda çəkildik. Çox maraqlı günlərimiz olub. Çox optimist insan
idi. Düzdür, ailə problemləri vardı, buna görə bəzən kədərli olurdu. Aktyorlar
var, illərlə yada düşmürlər. Aktyorlar var, hərdən yada düşürlər. Səyavuş hər
zaman yada düşən və unudulmayan aktyorlardandır”.

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı

“Səyavuş Aslan tamaşaçıların yaddaşında daha çox komik rolların aktyoru kimi
qalıb, amma mən onun tragik bir aktyor olmasını da vurğulayardım” – deyə Xalq
artisti Səidə Quliyeva xatırlayır: “Rejissor Hüseynağa Atakişiyev Akademik
Milli Dram teatrında Maksim Qorkin “Həyatın dibində” əsərini hazırlayırdı. Onda
Səyavuş Aslanı da teatra dəvət elədi. O, uzun illər Musiqili Komediya teatrının
aparıcı aktyoru olub və o səhnədə möhtəşəm rollar oynayıb. Hüseynağa müəllim
onu dəvət etməklə böyük bir risk etdi. O tamaşada mən də baş rollardan birini
oynayırdım. Səyavuş teatrın səhnəsinə çıxanda tamaşaçılar gülüşdülər. Çünki onu
səhnədə həmişə gülüş və alqışla qarsalayıblar. 2-3 dəqiqədən sonra başa
düşdülər ki, Səyavuş Aslanı tamam fərqli bir ampluada görüblər. Sağ olsun
Hüseynağa Atakişiyev. Tamaşaçılara sübut elədi ki, Səyavuş ampluası olmayan,
hərtərəfli, qüdrətli aktyordur. Heç bilirsiniz, Səyavuş o rolu necə gözəl
oynadı! Mən onunla tərəf-müqabil olduğum üçün bunun şahidi oldum”.

S.Quliyeva deyir ki, dəfələrlə Səyavuş Aslanla bir səhnədə oynayıb: “Şıxəli
Qurbanovun “Əcəb işə düşdük” komediyasında onun həyat yoldaşını oynayırdım.
“Qaynana əməliyyatı”nda da onun həyat yoldaşını oynadım. O tamaşada hamımız
Nəsibə xanıma “işləyirdik”. Nəsibə xanım xəstə idi və bu, onun axırıncı rolu
idi. Təəssüf ki, Səyavuş Aslan və onun simasında Azərbaycan aktyorlarının
çoxunun potensiallarından tam istifadə olunmayıb. Bunun da ən böyük zərbəsi
mədəniyyətə dəydi”. S.Quliyeva yaşadığı çətinliklərə baxmayaraq Səyavuş Aslanı
xoşbəxt sənətkar adlandırır: “Səyavuş Aslan çox xoşbəxt sənətkar, eyni zamanda
bədbəxt ailə başçısı olub. Yaxşı ki, o, oğlunun son günlərini görmədi. Ailəsi
də dağılmışdı. Bu, bizim də ürəyimizi ağrıdan bir tale idi. Amma nə etmək olar,
onun da taleyinə belə yazılmışdı. Bununla belə, o, özünü itirmədi. Sənət
cığırlarını çox dərin açdı. Özündən sonra milli teatr və kino tariximizə bəxş
etdiyi əvəzsiz rollar qaldı…”

Source link