47da3bd8-19bf-4a83-a786-96447cbe6506..jpg

Yaxın Şərqdə gərginlik artır – Misirin müharibəyə qoşulması ehtimalı güclənir – ŞƏRH + FOTO

Baxış sayı: 623 dəfə baxılıb.

Yaxın Şərqdə gərginlik artır – Misirin müharibəyə qoşulması ehtimalı güclənir
– ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın Şərqdə İsraillə HƏMAS arasında davam edən müharibə beynəlxalq aləmdə ən
çox müzakirə olunan məsələlərdən biridir. Oktyabrın 7-də HƏMAS-ın İsrailə
hücumu ilə başlayan hərbi toqquşmalar davam edir. Proseslər göstərir ki, yaxın
vaxtlarda da sülh əldə olunmayacaq. Əksinə, döyüşlərin miqyası getdikcə
genişlənir. Qonşu Livan müharibəyə qoşulmasa da, ərazisindən İsrailə raketlər
atılır. Gələcəkdə digər ərəb dövlətlərinin də müharibəyə qoşulması nəzəri
cəhətdən mümkündür.

Belə demək mümkünsə, bu gün bütün dünyanın diqqəti Yaxın Şərqdədir. Türkiyənin
xarici işlər naziri Hakan Fidan oktyabrın 21-də Misirin paytaxtı Qahirədə
30-dan çox dövlətin, o cümlədən bir sıra beynəlxalq və regional təşkilatların
iştirakı ilə Fələstin-İsrail münaqişəsinin həlli üzrə keçirilən beynəlxalq sülh
sammitində çıxışı zamanı deyib ki, regiondakı gərginlik beynəlxalq
təhlükəsizliyə də təsir edə bilər. O qeyd edib ki, hər iki tərəf – həm İsrail,
həm də Fələstin üçün ədalətli olan sülhün yaranması üçün çalışmaq lazımdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar məzmunlu
açıqlama vermişdi. Onun fikrincə, Fələstin-İsrail münaqişəsi regional
müharibəyə çevrilə bilər.

Əslində hər iki diplomatın dediyində həqiqət var. Məsələ ondadır ki, hazırkı
qarşıdurma yalnız HƏMAS-la İsrail arasında deyil. Bir çox dünya gücü, o
cümlədən ABŞ, Rusiya və İran Qəzzadakı proseslərdə birbaşa maraqlıdır. Bu
dövlətlər Yaxın Şərqdəki müharibənin öz maraqlarına uyğun nəticələnməsi üçün
əllərindən gələni edir.

Ümumiyyətlə, hazırda dünyada proksi müharibə gedir: böyük güclər təsir göstərə
bildikləri dövlətlərdən istifadə edərək fərqli regionlarda müharibə başladır,
amma özləri birbaşa savaşa daxil olmurlar. Bu, böyük siyasi aktorların öz
maraqlarını müxtəlif bölgələrdə təmin etmək cəhdidir.

Bu baxımdan, qeyd etdiyimiz kimi, müharibənin gələcəkdə daha da genişlənməsi
mümkündür. Çünki dünya dövlətləri tədricən öz mövqelərini ortaya qoymalı
olacaqlar. Nəzərə almaq lazımdır ki, bu gün Yaxın Şərq bütün güclü siyasi
aktorların diqqət mərkəzindədir.

İsraillə HƏMAS arasında davam edən müharibə ilə bağlı fərqli ssenarilər var.
Bir çoxunun fikrincə, savaş Rusiyanın maraqlarına uyğundur. Çünki ABŞ-nin
diqqəti Yaxın Şərqə yönəlir. Beləliklə, Moskva ümid edə bilər ki, Vaşinqton
üçün həm Kiyevə, həm də Təl-Əvivə dəstək göstərmək çətin olacaq və Ukraynaya
yardım azalacaq.

İkincisi, istisna deyil ki, bu müharibə ilə ABŞ öz strateji maraqlarını həyata
keçirir. Belə ki, Ağ Ev artıq ərəb dünyası ilə “haqq-hesabı çürütmək” qərarına
gələ bilər. Vaşinqtonun Şərqi Avropada Ukrayna vasitəsilə etdiyini Yaxın Şərqdə
İsrailin əli ilə təkrarlaması mümkündür. Proseslərin gedişi ən azı Livanın
müharibəyə qoşulacağını ehtimal etməyə əsas verir. Həmçinin ABŞ-nin İsrailə
artan dəstəyi də belə qənaətə gəlməyə əsas verir ki, Ağ Ev savaşda birbaşa
maraqlıdır. Artıq ABŞ-nin İsrailə qoşun göndərməsi məsələsi müzakirə olunur.

Müharibə ilə bağlı Türkiyənin də mövqeyi aydındır. Qardaş dövlət müsəlmanları
birmənalı şəkildə dəstəkləyir və Qərbi ittiham edir. Bu nöqteyi-nəzərdən
savaşın daha çox davam edəcəyi təqdirdə Ankara ilə xüsusilə Vaşinqton arasında
münasibətlərin gərginləşməsi gözləniləndir. Hərçənd onsuz da bu dövlətlər
“mehriban düşməndirlər”.

Müharibəyə ən yaxın vaxtda son qoyulmazsa, digər ərəb dövlətləri, o cümlədən
Misir də savaşa qoşula bilər. Bu isə həmin dövlətlərin arxasındakı güclərin də
bu və ya digər formada döyüşlərdə iştirak etməsi deməkdir. Beləliklə, H.Fidan
və S.Lavrovun proqnozlaşdırdığı regional müharibə başlayacaq.

“Report” İnformasiya Agentliyi

Source link