51eaf2b9-3a2d-46b1-a804-5b0102a9f1a9..jpg

Yevgeni Mixaylov: “Azərbaycanın blokpost qurması heç bir razılaşmanı pozmur” – RF-dən ŞƏRH

Baxış sayı: 652 dəfə baxılıb.

Yevgeni Mixaylov: “Azərbaycanın blokpost qurması heç bir razılaşmanı pozmur” –
RF-dən ŞƏRH

“Bakı Ermənistan sərhədlərindən Xankəndiyə gedən yolda blokpost yaratmaqla
Azərbaycanın Qarabağ bölgəsində və ümumən Cənubi Qafqaz regionunda vəziyyətin
sabitləşməsi istiqamətində çox ciddi addım atıb”.

Bu barədə Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist
araşdırmaları” (“Jurnalistskiye rassledovaniya”) “YouTube” kanalının aparıcısı
Yevgeni Mixaylov Cixisyolu.com -a Azərbaycan və
Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını şərh edərkən
bildirib.

Onun sözlərinə görə, əgər Rusiya sülhməramlılarına xəbərdarlıq edilibsə,
deməli kuluarda artıq Rusiya tərəfi ilə razılaşma olub.

“Bu vaxta qədər vəziyyət çox gərgin idi. Azərbaycanın nəzarət-buraxılış
məntəqəsinin quraşdırılması bu gərginliyi aradan qaldırır”, – deyə politoloq
əlavə edib.

Ekspert məsələ ilə bağlı rəsmi İrəvandan heç bir müqavimət görünmədiyi, yalnız
İrəvan hakimiyyətinin çığır-bağırının eşidildiyini vurğulayıb:

“Orada qəfil xatırladılar ki, Rusiya müttəfiqdir, halbuki bundan əvvəl
Ermənistan həm hərbçiləri, həm də polisi olan Aİ missiyasını dəvət etdi,
İrəvanda Rusiya hərbi bazasına və sülhməramlı kontingentinə (RSK) qarşı
mitinqlər çoxaldı, RSK-nın başqa ölkələrin nümayəndələri ilə əvəzlənməsi
təklifləri gəlməyə başladı. Bu vəziyyət isə bir çox mediada yazıldığı kimi
Rusiyada böyük gərginliyə səbəb oldu”.

Mixaylov hazırkı hadisələrin İrəvanı sərhədlərin demarkasiyası və
delimitasiyası ilə bağlı üçtərəfli bəyanatlarda nəzərdə tutulan tapşırıq və
şərtlərin həlli ilə razılaşmağa məcbur edərsə, təəccüblənməyəcəyini deyərək,
əvvəllər Ermənistanın buna razı olmadığını xatırladıb:

“Mənə İrəvanın şikayətlərinə Moskvanın cavabı maraqlıdır. Axı çətinliyə
düşəndə onlar dərhal fəryada başlayırlar: “Rusiya, kömək et, xilas et!” Bəs
niyə daha çox nəzər yetirdikləri Qərb tərəfdaşlarına müraciət etmirlər? Onların
tapşırığı ilə Ermənistan ölkə üzərindən Rusiyaya sanksiya tətbiq olunan
malların tədarükünün dayandırıldığını elan edir və bu zaman Rusiyanın
sanksiyalar altında olması səbəbindən əldə etdiyi milyardlarla qazancı
itirməkdən qorxmur. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (Roma Statusu)
yurisdiksiyasını tanıması Rusiya tərəfinə tüpürmək idi. Əslində, Ermənistanda
millətlərüstü strukturun qərarları həyata keçirilməlidir. Bundan sonra isə bəzi
erməni siyasətçilərinin Rusiya Prezidenti Vladimir Putinin İrəvana gedəcəyi
təqdirdə həbs olunacağı ilə bağlı fikirləri eşidildi. Bu zaman Paşinyan özü
məcbur olub hayqırdı ki, Putini həbs etməyəcəklər”.

Politoloq, ümumiyyətlə, Ermənistanda bunu necə dilə gətirdiklərini
anlamadığını bildirib.

“Söhbət mövzusuna qayıdaraq bildirim ki, Azərbaycan tərəfindən
nəzarət-buraxılış məntəqəsinin quraşdırılması heç bir razılaşmanı pozmur. Bu,
Bakıda da bəyan edildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mülki yüklərin,
erməni millətindən olan insanların daşınmasının təhlükəsizliyinə təminat verir.
Qaçaqmalçılıqdan, hərbi yükdən isə söhbət belə getmir”, – deyə Mixaylov
sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Source link