Əli Həsənov: Mane olmasalar, bir aya torpaqları azad etmək gücündəyik

Əli Həsənov: Mane olmasalar, bir aya torpaqları azad etmək gücündəyik

Baxış sayı: 7. 149 dəfə baxılıb.

Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında deyib.

“Tədbirin indi keçirilməsi Avropa azərbaycanlılarının ötən dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”, – deyən Ə. Həsənov dünən Amsterdamda keçirilən Xocalı soyqırımı ilə bağlı anım tədbirindən də danışıb:

“Xocalı hadisəsi bir günün məsələsi deyil. Xocalıya gələn yol-ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər öz xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar. Azərbaycanlıların zaman-zaman öz torpaqlarından qovulması, qətlə yetirilməsi, soydaşlarımızın yaşadığı yerlərin dağıdılması baş verib.

Faktiki olaraq bu millət özünün böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışır. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri vardı.

Xocalıda həlak olanlar dinc insanlar idi. Ermənilər bu soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, kütləvi şəkildə yaşadıqları torpaqlardan qovmaq kimi mənfur məqsədlə ediblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. 

Dünya ictimaiyyətinə bizim qonşuların xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq, həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir”.

Onun sözlərinə görə, əlbəttə bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurublar:

“Buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Xarici ölkələrin anti-müsəlman, anti-türk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da buna cəlb edirlər. 

Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”. 

Ə. Həsənov deyib ki, son vaxtlar ermənilər Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd edirlər: 

“Böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər, harınlamış ermənilər pul köçürürlər. 

“Artsaxı tanıdaq” kampaniyasının da məqsəd odur ki, dünyanın müxtəlif ölkələrinin səyyahından, siyasətçisindən, keçmiş və indiki dövlət xadimlərindən tutmuş ən məşhur jurnalistləri, bloqqerləri Ermənistana aparıb, oradan Dağlıq Qarabağa keçirirlər. Orada yaradılan mövcud rejimi, real həyatı dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərirlər. Guya orda formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər.

Belə şəraitdə biz Xocalı soyqırımının ildönümü hər il keçirir, keçirməliyik.Burada diasporun üzərində mühüm vəzifə durur. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.

Ə. Həsənovun qeyd etdiyinə görə, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər: 

“AXC bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var, amma İrəvan xanlığının ərazisinə iddialıdırlar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimiz daha qədimə gedir. XVI əsrdə artıq tamamlanmış Səfəvilər dövlətinin olması buna sübutdur”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların çıxışları olur:

“Bizim qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin əbədi yaşar olması durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial , siyasi maraqlarının təmin olunması məqsədi dayanır”.

Ə. Həsənov eyni zamanda bildirib ki, Azərbaycan mətbuatı, diasporu dövlət maraqlarının qorunmasını qarşısında məqsəd kimi qoyur və qoymalıdır: 

“Biz 30 ildir, Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətini çatdırmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda sülh tərəfdarı olmasını da təbliğ etməliyik. Diaspor bunu qarşısına vəzifə kimi qoymalıdır. 

Ermənilər bilməlidirlər ki, Azərbaycan öz enerji imkanlarından işğaldan əl çəkəcəyi təqdirdə Ermənistan üçün də istifadə etmək istəyir. Azərbaycan bölgəyə barış, firavanlıq, Ermənistan isə müharibə, işğal, fəlakət gətirir”.

Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın maraqlarının əsas hissəsini təşkil edir:

“Bu gün Azərbaycan Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab olunur. Aprel döyüşləri bunu aydın göstərdi.

Bu gün bizə mane olmasalar, yaxud bu gün ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddət ərzində, bir ayın ərzində torpaqları azad etmək gücündəyik”.

www.ÇıxışYolu.Com