44a33a9c-b926-4503-8d7b-b414eba62305..jpg

Əcnəbilərin Bakıdakı konsertinə münasibət: Vəsait çatışmazlığı, hörmətsizlik, yoxsa zövqsüzlük? – SORĞU + FOTO

Baxış sayı: 3. 355 dəfə baxılıb.

Əcnəbilərin Bakıdakı konsertinə münasibət: Vəsait çatışmazlığı, hörmətsizlik,
yoxsa zövqsüzlük? – SORĞU + FOTO

Azərbaycana son zamanlar xarici ölkələrdən konsert vermək üçün gələn
müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Bunu səbirsizliklə
gözləyənlərlə yanaşı, etiraz edənlər də var. Hətta yerli müğənnilərin solo
konsert verməməyindən şikayətlənənlər də var.

Bəs görəsən, xarici müğənnilərin konsertinə tələbatın çoxluğu nə ilə
əlaqəlidir? Azərbaycanlı müğənnilərin buna münasibətləri necədir?

Mövzu ilə bağlı Cixisyolu.com-ın əməkdaşı azərbaycanlı müğənnilər arasında sorğu
keçirib.

Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarına hörmət edilmədiyindən
şikayətlənib:

“Öz sənətçilərimizə qoyduqları hörmət göz önündədir. Ümumiyyətlə sənətkarlara
qiymət verilmir”.

C.Məmmədov ötən günlərdə ölüm xəbərinin yayıldığını da dilə gətirib:

“Xəcalət çəksinlər. Mənim ölüm xəbərimi də yazmışdılar. Yazanlar cəzalarını
alacaqlar”.

Müğənni Mətanət Əsədova konsert vermək üçün gələnlərin canlı ifa oxuya
bilmədiklərini deyib:

“Kənardan gələn şirin olur. Ancaq bunu deyə bilərəm. Xaricilərə ödənilən pulun
yarısını mənə versələr, 3 saat canlı oxuyaram. Onlar canlı oxumurlar. Oxuya da
bilmirlər. Vəsait versinlər, 3 saat canlı oxuyum. Mənim vəsaitim olmadığı üçün
konsert verə bilmirəm”.

M.Əsədova qeyd edib ki, xalqımızın musiqi zövqü korlanıb:

“Millətin musiqi zövqü korlanıb. Sənətkarlarımızı unudurlar”.

Müğənni Elnarə Xəlilova konsert biznesinin sırf təşkilatçılarla bağlı olduğunu
söyləyib:

“Təşkilatçı sponsor tapır, konserti təşkil edir və ifaçını dəvət edir.
İfaçıdan yalnız qonorarın nə qədər olacağı, audio, video və məişət rayderi
öyrənilir və konsert təşkil edilir. İfaçı da, təşkilatçı da qazanır. Bizim
təşkilatçıların yalnız bir qorxusu ola bilər. O da bilet sata bilməmə
qorxusudur. Xarici ifaçıların biletlərinin yüz faiz satılacağından əmindirlər.
Çünki bizim tamaşaçı xarici ifaçıları nə toyda, nə də restoranda görmür. Ancaq
nə qədər ki, Azərbaycan ifaçıları toylarda və restoranlarda ifa edəcəklər, bir
o qədər də onların konsertini təşkil etmək bilet satışı baxımından
çətinləşəcək”.

Xalq artisti Mənsum İbrahimov normal münasibət bəslədiyini deyib:

“Mənim münasibətim normaldır. Çünki dünya artıq kiçik deyil. İstər biz gedib
xarici ölkədə çıxış edək, istərsə də onlar gəlsinlər. Tələbat olduğu üçün onlar
gəlirlər. Daha çox qardaş Türkiyədən gəlirlər. Bu da bizim türk musiqisinə olan
yaxınlığımızla bağlıdır. Normaldır”.

M.İbrahimov yerli müğənnilərin ölkəmizdə konsert verməyə meyilli olmadığını
qeyd edib:

“Musiqi inteqrasiyadır. Onlar gəlib buradan nəsə öyrənirlər. Bizimkilər də
gedib öyrənirlər. Mən də tez-tez gedirəm. Müğənnilər burada konsert verməyə
meyilli deyillər. Çünki xeyir görmürlər. O baxımdan xaricə gedirlər”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya”
mahnı müsabiqəsində təmsil edən estrada müğənnisiDilarə Kazımova qeyd edib ki,
tamaşaçılar yerli sənətçiləri sevsələr, çox yaxşı olar:

“Əslində bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç düşünməmişəm. Amma
konsertlər varsa, insanlar gedirlərsə, konsert zalları dolursa, niyə də
olmasın?! İnsanlar sevdiyi üçün gəlirlər. Amma yaxşı olardı ki, bizimkilər də
tez-tez konsert versin. Kaş bizi də sevərdilər. Bizi də sevsəydilər, yaxşı
olardı”.

Nəzrin Vahid

Source link