Bir anlıq təsəvvür edək ki, heç bir qəzet, jurnal, radio və televiziya fəaliyyət göstərmir. İnsanlar cəmiyyətdə və dünyada baş verən hadisələrdən necə xəbərdar olardı?! Bu baxımdan mətbuatın rolu əvəzsizdir.
Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, media cəmiyyətin həyatında mühüm yer tutur:
“Azərbaycan milli mətbuatı ötən 143 ildə çətin və şərəfli yol keçib. 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib”.
Əflatun Amaşov müasir medianın vəziyyətindən də danışıb:
“Mediamız “Əkinçi”nin varisidir. Onun qoyduğu ənənələr bu gün də Azərbaycan mediasında öz əksini tapır. İndiki dövrdə ən mühüm məsələ jurnalistin peşəkar olması, hadisələri obyektiv və ədalətli işıqlandırması, ictimai və dövlət maraqlarını qorumasıdır. Bu gün qarşımızda duran əsas vəzifə Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndirilməsi, ölkəmiz, o cümlədən Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır”.
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan mediası böyük inkişaf yolu keçib və regionda öz yerini tutub:
“Peşəkar jurnalistlərimiz yetərincədir. Onlar nəinki ölkə daxilində, həm də xaricdə də baş verən hadisələrə operativ məlumat əldə edib, ictimaiyyəti məlumatlandırırlar. Müasir dövrümüzün aydınları Zərdabi ənənələrini davam etdirirlər”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com