c8537bb4-9e68-40af-9ac5-77c577948a56..jpg

Əfran İsmayılovdan Tərlan Əhmədova: “İnsan gərək özünə hörmət eləsin” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 1. 072 dəfə baxılıb.

Əfran İsmayılovdan Tərlan Əhmədova: “İnsan gərək özünə hörmət eləsin” –
MÜSAHİBƏ + FOTO

2022/2023 mövsümündən yenidən Premyer Liqaya qayıdan “Kəpəz”in heyətinə cəlb
etdiyi futbolçulardan biri də Əfran İsmaylov olub.

Lakin Tərlan Əhmədov Gəncə klubuna baş məşqçi təyin olunduqdan bir müddət
sonra bəzi təcrübəli oyunçular kimi, Azərbaycan millisinin sabiq
yarımmüdafiəçisi də əsas komandadan uzaqlaşdırılıb.

“Kəpəz” hazırda mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirsə
də, 35 yaşlı oyunçu Bakıda qalıb.

Cari mövsümün ilk yarısında Premyer Liqada cəmi 3 oyunda iştirak edən və 1
qolla yadda qalan Əfran İsmayılov “Report”un suallarını cavablandırıb.

– Mövsümün gedişində “Kəpəz”də əvəzedici heyətə göndərildiniz. Qış fasiləsində
komandanı dəyişmək fikriniz yoxdur?

– Xeyr, klubla mövsümün sonuna qədər müqaviləm var. Yəqin ki, əvəzedicilərlə
məşqlərimi davam etdirərək pulumu alacağam.

– Başqa təklif olmadığı üçün “Kəpəz”də qalmaq qərarına gəlmisiniz?

– Açığı, başqa təklifim yoxdur. “Kəpəz”lə müqaviləmə sona qədər sadiq
qalacağam. Ondan sonrasına baxacağam. Ola bilsin ki, başqa işlə məşğul oldum.

– Yəni karyeranızı bitirməyi planlaşdırırsınız?

– Bəli, mövsümün sonunda karyeramı bitirməyi düşünürəm. Amma futbol sahəsində
qalacağam. Gələcəklə bağlı planlarım var. Sadəcə, müqaviləm davam etdiyi üçün
bunu yaya saxlamışam. Karyeramı bitirim, bu məsələyə baxacağam.

– Dediniz ki, futbol sahəsində qalacaqsınız. Maraqlıdır, özünüzü hansı işə
hazırlayırsınız?

– Məşqçi, menecer və ya idarəçi kimi çalışa bilərəm. Əsas odur ki, bir işin
qulpundan tutum, fəaliyyətə başlayım.

– Mövsümün ilk yarısında siz də daxil olmaqla, “Kəpəz”in bir neçə təcrübəli
futbolçusu əvəzedici heyətə göndərildi. Tərlan Əhmədovun baş məşqçi postuna
gəlişi nəyi dəyişdi?

– Açığı, hər şey heç nədən, səbəbsiz yerə baş verdi. Nə olur-olsun insanla
normal şəkildə danışmaq lazımdır. Futbolçuya deyə bilərsən ki, səni istəmirik,
planlarımıza uyğun deyilsən. Baş məşqçinin hansısa oyunçunu istəməməsi
başadüşüləndir. Amma insanların içində birbaşa gəlib “çıx komandadan” demək
düzgün deyil. Klubla müqaviləm var, oturub pulumu alacağam. Nə edə bilərsən?

– Demək istəyirsiniz ki, Tərlan Əhmədov futbolçularla kobud şəkildə rəftar
edir?

– Əlbəttə. 30-40 nəfər adamın içində bu cür münasibət göstərmək olmaz. Orada
bəzi uşaqlar mənə “əmi, dayı” deyirlər. Tərlan özü 39 yaşına kimi oynayıb, ona
güldən ağır söz deyən olmayıb. Üstəlik, cavan-yaşlı söhbətlərini də yaxşı
bilir. Hamı bizə hörmət edir, məsləhətlər alır, dərdləşir, otağımıza icazə ilə
girir. Çünki bu hörməti qazanmışıq. Sən kimsən ki, uşaqların içində hörmətimi
yerə vurursan? Onsuz da, karyeramın son anlarıdır, məni yola verməlisən,
düşünməlisən ki, dost-qardaş olaq. Baş məşqçini hər yerdə dəstəkləmişəm. Amma
onun bu hərəkətləri artıq idi.

– Baş məşqçi bildirib ki, komandaya xeyir verə bilmədiyiniz üçün gəncəli gənc
futbolçulara üstünlük vermək qərarına gəlib…

– Ola bilər ki, gəncəlilərdən qorxduğu üçün bu söhbəti ortaya atır. “Kəpəz”də
hansı gəncəlini oynadır? Sadəcə, bunu bəhanə edir. Onsuz da, son aylarımdır,
futboldan ikiəlli yapışmamışam. Amma bu məsələni mədəni şəkildə həll etmək
lazım idi. Belə hərəkət etdikdən sonra sabah üz-üzə gələndə sənə salam
verməyəcəyəm axı.

– Ümumiyyətlə, Tərlan Əhmədov çalışdığı klublarda nəticə verməyi bacaran
məşqçidir. Amma eyni zamanda bir yerdə çox işləmir. Bunun səbəbi futbolçularla
olan rəftarıdır?

– Normal məşqçidir, nəticə verə bilir. Bu bacarığına heç kim nəsə demir.
Başını aşağı salıb normal şəkildə işləsə, böyük klublarla uzunmüddətli
müqavilələr imzalaya bilər. Amma cılız hərəkətlərlə, ondan-bundan pul yığmaqla,
kimlə gəldi dava etməklə, cavanlarla mənasız söhbətlər aparmaqla özünü gözdən
salır. İnsan gərək ilk növbədə özünə hörmət eləsin. Özünə hörmət etməyənə heç
kim hörmətlə yanaşmaz. Cılız söhbətlər də Tərlan Əhmədovu bu vəziyyətə salır.
Nə qədər yaxşı nəticə göstərsən belə, bu cür xarakterlə çox irəli gedə
bilməzsən. Onun bundan sonra haradasa işləyəcəyinə inanmıram.

– Bəzi məşqçilər çalışdıqları yerdə yalnız özləri söz sahibi olmaq istəyirlər.
Bəlkə “Kəpəz”də də təcrübəlilərin komandadan uzaqlaşdırmasında məqsəd budur?

– Onsuz da, söz sahibi odur. Biz ona nə edirik ki? Çox yerdə oynamışam. Adətən
məşqçilər veteran futbolçulara deyirlər ki, komandanı siz yığmalısınız. Baş
məşqçi kollektivin içinə girmir. Təcrübəli futbolçunu oynatmaq da şərt deyil.
“Kəpəz”ə keçəndə necə çətin yerə getdiyimizi bilirdik. Komandanın formalaşması
üçün həm meydanda, həm də ondan kənarda kömək olmaq lazım idi. Təcrübəlilər
buna çalışırdı, baş məşqçi də gəlib bizimlə dava edirdi. Guya hansısa gənc
oyunçuya irad bildirmişəm. Sən özün də futbolçu olmusan. Belə məqamda deməlisən
ki, Əfran düz edib. Çünki böyük-kiçik yeri bilinməlidir.

– Rauf Əliyevin də komandadan qovulmasında eyni səbəb rol oynamışdı?

– Bəli, Raufda da eyni vəziyyət yaranmışdı. Rauf Əliyevin 34, Abdullahi
Şuaybunun 21 yaşı var. Rauf ona bircə kəlmə dedi ki, belə ötürmə vermə. Buna
görə baş məşqçi aləmi bir-birinə qatdı. Futbolçunu komandada görmək
istəmirsənsə, bunu özünə de. Səndən ötrü ölmürük, sən istəməyəndən sonra biz
səni çoxdan istəmirik. Komandada saxlamağın üçün yalvarmarıq da. Yenə çoxları
danışır ki, Əfran “Kəpəz”i qarışdırdı. Vallah, mən istəyirəm ki, “Kəpəz” yüksək
yerlərdən birini tutsun. Çünki orada futbolu necə sevdiklərini bilirəm.
Prinsipim sırf baş məşqçi ilədir, balaca uşaqların içində onun mənə qarşı
hərəkətinə görədir. “Kəpəz”ə hərtərəfli dəstək verməyə hazıram. Hər bir
futbolçu planını öncədən qurur. Məsələn, “Kəpəz”lə müqavilə bağlayanda
düşünürdük ki, bir il bu komandada oynayaraq dolanacağıq. Uşaqların hazırlığı,
məktəbi var. Bir nəfər gəlib heç nə olmadan bizi klubdan qovmağa çalışır. Axı
bütün planımı buna uyğun qurmuşam. Ayrılsam, altı ay nə ilə dolanacağam,
barmağımı sovuracağam? Gedib kənarda acından öləsi deyiləm ki. Bir nəfərə görə
niyə çətinlik çəkməliyik?

– Ötən ilin yayında karyeranızı bitirməyi düşündüyünüz bir vaxtda “Kəpəz”dən
təklif aldınız və fikrinizi dəyişdiniz. İndi fikirləşmirsiniz ki, kaş həmin
vaxt bu təklifi qəbul etməyəydim?

– Xeyr, belə düşünmürəm. “Kəpəz”ə gələrək İdarə Heyətinin sədri İlqar Nadiri
kimi futbolu sevən, kluba can yandıran insanı tanıdım. Onun xətrini Gəncədə çox
istəyirlər. Hər kəsə böyük hörmətlə yanaşır. İstəyirsən ki, sənə qarşı olan
gözəl münasibətinin üçqatını edəsən.

– Amma indi qalmaqallı, sönük şəkildə karyeranızı bitirməli olacaqsınız.
Bundan narahat deyilsiniz?

– Mən də futboldan belə formada getmək istəməzdim. Çünki indiyə qədər heç
kimlə qalmaqal yaşamamışam. Futbola iş kimi baxmışam. Amma “Kəpəz”in baş
məşqçisi gərəksiz rəftar göstərdi. Mən də ürəyimdə olan bütün sözləri ona
dedim, cavab qaytarmadı. Çünki səhv olduğunu yaxşı bilirdi. Kim olsaydı, eyni
formada cavabını verəcəkdim. Bunu da Tərlandan başqa heç kim eləməzdi. Arzum
budur ki, “Kəpəz”i lap birinci yerə daşısın, komandanın adını yüksəklərə
qaldırsın.

Source link