8926745a-1ee7-4d0f-9571-bc027aa38d25..jpg

Əhalinin banklardakı əmanətlərinin həcmində azalma: Pulumuzu yenidən evdə saxlayacağıq? – ŞƏRH + FOTO

Baxış sayı: 746 dəfə baxılıb.

Əhalinin banklardakı əmanətlərinin həcmində azalma: Pulumuzu yenidən evdə
saxlayacağıq? – ŞƏRH + FOTO

Əhalinin banklardakı əmanətlərinin həcmində uzun müddətdən sonra azalma
müşahidə olunub. Ekspertlər bu amili depozitlərə tətbiq edilən vergi qərarı ilə
əsaslandırırlar. Lakin mövcud vəziyyətin bankları təhdid edib-etməməsi ilə
bağlı fikir ayrılığı mövcuddur.

2021-ci ilin avqust ayından sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin
həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü il
aprelin 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon
manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay
ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb.

“Kaspi ” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

“Depozit faizləri artırılsa…”

Millət vəkili Vüqar Bayramov deyib ki, fevral ayında depozit məbləğlərinin
azalacağı gözlənilən idi:

“Depozit gəlirlərinə verginin tətbiq olunması bir sıra əmanət sahiblərində
vəsaitlərini banklarda saxlamaqla bağlı müəyyən tərəddüdlər formalaşdırmışdı.
Bu amil əmanətlərin ümumi məbləğinə təsir göstərdi”.

Deputatın sözlərinə görə, depozit faizləri artırılsa, azalma olmayacaq:

“Mərkəzi Bankın açıqlamaları ondan ibarət idi ki, kommersiya bankları
tərəfindən depozit faizlərinin artırılması həyata keçiriləcək. Bu da depozit
gəlirlərinə tətbiq edilən verginin əsasında yaranan xərcin kompensasiya
olunmasına imkan yaradacaq. Amma monitorinqlər göstərir ki, əksər banklar
tərəfindən depozit faizlərində artımlar olmadı. Vergi xərclərinin
kompensasiyası həyata keçirilmədi. Banklar tərəfindən vergi tətbiq olunduqdan
sonra depozit faizlərinə baxılması, artırılması məqsədəuyğun olardı. Xüsusən də
sistem əhəmiyyətli banklarda depozit faizləri yüksək deyil. Faizlərin müəyyən
qədər artırılması banklara depozitlərin cəlb edilməsinə yenidən stimul yarada
bilərdi”.

Vergi depozit gəlirlərinə tətbiq olunur

V.Bayramov bildirib ki, digər problem məlumatlandırma və maarifləndirmə ilə
bağlıdır:

“Bəzi depozit sahiblərində belə bir yanaşma formalaşıb ki, vergi depozit
məbləğinə tətbiq olunur. Əslində isə vergi depozit gəlirlərinə şamil edilir.
Əgər vətəndaşın bankda 10 min manat depoziti varsa, o pulu 8 faizlə
yerləşdiribsə, onun illik gəliri 800 manatdır. Həmin 800 manat 10 faiz vergiyə
cəlb olunur, yəni 80 manat vergi ödənilir. Vətəndaş bu halda 800 deyil, 720
manat gəlir əldə edir. Banklar tərəfindən məlumatlandırma düzgün qurulsaydı,
depozit məbləğində azalmalar müşahidə olunmazdı”.

Millət vəkili bununla bağlı təkliflər təqdim etdiklərini bildirib:

“Xüsusən kommunikasiyanın gücləndirilməsi, depozit faizlərində, dividendlərdə
banklar tərəfindən artım olması ilə bağlı təkliflərimizi təqdim etmişik.
Bunlara baxılması və nəzərə alınması banklarda əmanət portfelinin artımını
stimullaşdıracaq”.

Yaxın vaxtlarda 4-5 bank bağlana bilər

Bank məsələləri üzrə ekspert Azər Balamedovun fikrincə, dünyada baş verən
proseslər fonunda əmanətlərin vergiyə cəlb edilməsi qərarı düzgün verilməyib:

“İnflyasiya, makroiqtisadi göstəricilər, əmək bazarı ilə bağlı vəziyyət nəzərə
alınmalı idi. Dünyada gedən prosesləri nəzərə alsaq, bunu etməmək də olardı.
Çünki qərb ölkələrində bank böhranı başlayıb. Keçən ildən də əlamətləri var
idi. Dünyada bankların batması prosesi gedir. Proses, çox güman, bu ilin sonuna
qədər davam edəcək. Bank böhranları fonunda bizdə depozitlərə tətbiq olunan
vergilər bank sektoruna zərbədir. Dünyada vəziyyət düzələndən, iqtisadiyyatlar
artım tempinə keçəndən sonra bu yeniliyin tətbiqi daha yaxşı olardı. Amma
iqtisadiyyatın real inkişafını da 2024-2025-ci illərdə gözləmirəm. 2026-2027-ci
illərdə hansısa artım ola bilər. Bu qərar əsasında bizdə də kiçik banklar iflas
edə və böyük banklar tərəfindən udula bilər. Yaxın vaxtlarda 4-5 bankın
bağlanmasına və ya böyük banklar tərəfindən udulmasına şahid olacağıq”.

Pul kütləsi bir bankdan digərinə keçid edəcək

A.Balamedov deyib ki, qərar müəyyən məbləğə qədər olan depozitlərə tətbiq
edilməyə bilərdi:

“Depozitlər əsasən orta təbəqə insanlara aiddir. Vergini varlı kateqoriyaya
tətbiq etmək olardı. Onlar üçün bu faiz onsuz da elə də böyük göstərici deyil.
Bəzi banklar çıxış yolları taparaq əmanətçiləri saxlamağa çalışırlar.
Vətəndaşlar depozitlərini vergiləri ödəyən banklara köçürə bilər. Pul
kütləsinin bir bankdan digərinə keçidinin şahidi olacağıq. Həmçinin insanlar
pulunu çıxarıb əmlak və qızıl ala bilərlər”.

Bank ekspertinin sözlərinə görə, depozit gəlirlərinin vergiyə cəlb olunması
ilə bağlı qərar ya, ümumiyyətlə, ləğv olunmalı, ya da dəyişdirilməlidir:

“Elə ölkələr var ki, 60 yaşdan yuxarı insanların depozitinə heç bir vergi
tətbiq etmir. Həm hüquqi, həm fiziki şəxslərin depozitləri kateqoriyalara
bölünməlidir. Yaş həddi, depozitin həcmi nəzərə alınmalıdır”.

Bu rəqəm bank sektorunu təhdid etmir

İqtisadçı Cəfər İbrahimli bildirib ki, ümumi əmanət portfeli içərisində azalma
o qədər də böyük deyil:

“Bu rəqəm bank sektorunu təhdid etmir. Böyük ehtimalla vaxtı bitən
əmanətlərdir. İndiki vəziyyətdə insanlar əmanətini vaxtından əvvəl geri çəkməz.
Çünki o zaman faiz gəlirlərindən imtina etmiş olarlar. Hazırda əmanətlər
Azərbaycanda dominant investisiya vasitəsidir. Bir müddət belə qalacağı
gözlənilir. Alternativ imkanlar isə istiqrazlar və səhmlərdir. Bəzi insanlar
vergi ödəməmək üçün vəsaitlərin bir hissəsini daşınmaz əmlaka yatırmış ola
bilər. Banklar əmanətdə 1 faiz həcmində artıma keçsələr, bu, vergini
kompensasiya etmiş olacaq. Sonrakı aylarda müddəti bitən əmanətlərdən başqa
ciddi həcmdə əmanət çıxarılması real görünmür”.

Source link