Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, həmin gün Bakının Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək.
Onun sözlərinə görə, Avropanın iki məşhur futbol komandasının – “Arsenal” və “Çelsi” komandalarının çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir:
“Bu, təkcə idman bayramı deyil, eyni zamanda, Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır. Artıq bir neçə gündür Bakı, Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir. Ayın 29-da isə bütün dünyanın nəzərləri Bakıda olacaq.
İdmançılara uğurlar diləyirəm. Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatlar Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm.
Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təklifi mən də dəstəkləyirəm. Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşğusu ilə qalsın.
Azərbaycan bayraqları, Azərbaycan coşğusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq. Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram”.
Kamil HƏMZƏOĞLU