Əli Əhmədov: Paşinyanın dedikləri sərsəmlikdir

Əli Əhmədov: Paşinyanın dedikləri sərsəmlikdir

Baxış sayı: 2. 266 dəfə baxılıb.

Paşinyanın Azərbaycan barədə dedikləri elə sərsəmliyin göstəricisi ola bilər.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

 “Əlbəttə, onun dedikləri nəinki bizim tərəfimizdən, dünya birliyi tərəfindən münaqişənin nizama salınması üçün yaradılmış vasitəçilər qrupu tərəfindən də pislənəcəkdir. Ümumiyyətlə, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitlik və əmin-amanlığın möhkəm təməl üzərinə qoyulmasına ciddi əngəldir.

O ki qaldı onun regionlara səfər etməsi və reallığa uyğun gəlməyən, gərginliyin artmasına səbəb olan bəyanatlar verməsinə, hesab edirəm ki, bu, Ermənistanın özünə ziyan vuracaq.

Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyirlər, fəallıq göstərirlər, istirahət günündə ağac əkirlər, iqtidarla birliyini nümayiş etdirirlər. Seçkilərin nəticələrinə dərindən inandıqlarını nümayiş etdirirlər.

Bu, Azərbaycanın mövcudluğudur, bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistanın reallığı – narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbaycanın işğal edilən torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq”.

Ə.Əhmədov daha sonra əlavə edib:

“Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uygun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi.

Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək”.

www.ÇıxışYolu.Com