7d515e62-94f8-4c45-981e-051e59895080..jpg

Əli Əsədov Dubayda Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib

Baxış sayı: 853 dəfə baxılıb.

Əli Əsədov Dubayda Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay
şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Toplantıda çıxış edən Baş nazir Azərbaycanın bu gün müstəqil və fəal xarici
siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını
bildirib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal
altında qalan öz əzəli torpaqlarını azad etdi.

Bildirilib ki, beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük
hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün,
sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində
səylə çalışır.

Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara
yardım göstərdiyi xüsusi vurğulandı. “Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı
80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin
möhkəmləndirilməsinə töhfəmizdir”, – deyə Baş nazir bildirib.

Ə.Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir
daha Azərbaycanın həmrəyliyini ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən
Ə.Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının
ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.

İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və
investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət
qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi,
insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin
əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat
verilib.

Keçən il Ümumi Daxili Məhsulun əvvəlki illə müqayisədə 4,6 faiz artığı, xarici
ticarətin ildən-ilə yüksəldiyi, eyni zamanda, xarici borcun əhəmiyyətli
dərəcədə azaldığı diqqətə çatdırılıb.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının
yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının
ixracı 12,3% yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft-qaz
gəlirləri hesabına formalaşıb.

Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə
aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın
təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması
istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olunub.

Vurğulandı ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri
də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının
xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da
artırılmasıdır.

Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dayanıqlı və Operativ Sosial
Təminat Agentliyinin yaradılması dövlət və sosial xidmətlər sahəsində
keyfiyyətcə yeni mərhələ açan və şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu
təmin edən addım kimi qiymətləndirilib.

Ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatıran
Azərbaycanın bir sıra regional və beynəlxalq nəqliyyat layihələrinin
təşəbbüskarı və əsas iştirakçısı olduğu diqqətə çatdırılıb.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm
rola malik olduğu vurğulanıb.

Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi
uğurlardan bəhs edən Baş nazir 2023-cü ilin oktyabr ayında Bakı şəhərində 74-cü
Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirdi, bu sahədə
fəaliyyət göstərən bütün təşkilat və qurumları tədbirə dəvət edib.

Azərbaycan, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və
iştirakçısı qismində çıxış etdiyi bildirilib, Cənub Qaz Dəhlizi layihəsinin
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik
olduğu diqqətə çatdırılıb.

Baş nazir vurğulayıb ki, bununla bərabər, Azərbaycan elektrik enerjisi
ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl
enerji potensialına malikdir.

“Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı
ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri – 230 meqavat gücündə Qaradağ
Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”
şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas
və güvənilən tərəfdaşlardan biridir”, – deyə Baş nazir bildirib.

Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti vurğulanıb.

Postpandemiya, postmünaqişə və polikrizis dövrünün çağırışlarına toxunan
Ə.Əsədov növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi
məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad
edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni
beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region
üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq
Azərbaycanın inkişafına böyük təkan verəcək.

Source link