Əli Həsənov: Cəbhədə hər an qarşıdurma baş verə bilər – VİDEO

Əli Həsənov: Cəbhədə hər an qarşıdurma baş verə bilər – VİDEO

Baxış sayı: 3. 192 dəfə baxılıb.

Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD telekanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi “TRT WORLD”-ün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:

“İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə dörd qətnamə qəbul edib.

Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir.

Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.

Əsir və girovlarla bağlı məsələyə gəldikdə deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir”.

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Ə. Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur.

O, bildirib ki, Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi:

“Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşüb. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi.

Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar.

Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərindəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecədə məhv edilib”.

Sonra “Cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin aprel ayında hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz” sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər:

“Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu.

Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək.

Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var.

Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin”.

 Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə də toxunan Ə. Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir:

“Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır.

Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. 

Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib.

Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir”.

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Ə. Həsənov bildirib ki, bu siyasətin təməlini mərhum Heydər Əliyev qoyub:

“Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.

Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik.

Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq.Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada dəmir yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olub”.

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə sualı da cavablandıran Ə. Həsənov bildirib ki, biz müstəqillik illərində 15 seçki keçirmişik – beş prezident, beş parlament və beş bələdiyyə seçkisi:

“Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com