Əli Həsənov: Ölkədə sayt yaratmaq üçün domen almaq kifayətdir

Əli Həsənov: Ölkədə sayt yaratmaq üçün domen almaq kifayətdir

Baxış sayı: 2. 667 dəfə baxılıb.

Ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu mayın 7-də Bakıda-Milli Məclisdə (MM) keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. 

“Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Nəticədə 55 partiya dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır.

Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında proporsional, 50 faizi deputatların sayına uyğun olaraq proporstonal olaraq bölünür. Vəsaitin 10 faizi isə son parlament seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda 7 müxalifət partiyası Milli Məclisdə təmsil olunur”.

O, həmçinin nəzərə çatdırıb ki, qanunvericilik QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir.

Ə.Həsənovun dediyinə görə, Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, o cümlədən, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir:

“Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir. Dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılacaq. Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun da məhz  bu məqsədə xidmət edir. Qanuna əsasən mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb”. 

Ə.Həsənov elektron hökumətlə bağlı görülən işlərdən da danışıb:

“Bu sahədə əsas məqsədlərdən biri də QHT-lərə elektron xidmətlərin göstərilməsidir. Məsələn, QHT-lər üçün fərdi elektron pəncərələr yaradılıb”.

Prezidentin köməkçisi sonra deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Ə.Həsənovun bildirdiyinə görə, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər: 

“Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki,ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır”.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com