Əliyev Ərdoğana zəng etdi: Brüssel danışıqlarından sonrakı “yol xəritəsi” –
TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də türkiyəli həmkarı Rəcəb Tayyib
Ərdoğana zəng edib. Liderlərin müzakirə mövzusunun ana xəttini Brüssel
görüşünün yekunları təşkil edib.
Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesində baqajına məsuliyyət yükləməsi Türkiyənin strateji maraqlarına
uyğundur.
Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində hərdənbir kəskin
yoxuşlar yaransa da, ümumilikdə Ankara Qərblə əlaqələri inkişaf etdirməyə
sadiqdir.
Bu, Türkiyənin xarici siyasətinin təməlindəki davamlılıqdan irəli gəlir.
Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra isə Türkiyə Cənubi
Qafqazda yeni münasibətlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynamağa
başlayır.
Türkiyənin Avropa İttifaqından qopan və üzünü başqa coğrafiyalara tutan
Britaniya ilə münasibətləri güclənir, bu isə Ankaranın baqajına Qərbdən növbəti
dividend gətirir və Ankaranın Cənubi Qafqazdakı postmünaqişə dövründə həlledici
iştirakını stimullaşdırır.
Düzdür, Türkiyə Rusiya ilə Qərb arasında tarazlığı saxlamaq şərti ilə Cənubi
Qafqazda addımlar atır və özü üçün yeni istiqamətlər yaradır.
Azərbaycan və Türkiyə liderlərinin sonuncu telefon danışığı, İlham Əliyevin
Brüsseldə Nikol Paşinyanla görüşündən sonrakı gedişatlar Bakı-Ankara ikilisinin
müştərək strateji maraqlarına uyğunlaşdırmaq məqsədi daşıyır.
Ümumiyyətlə, son zamanlar regionun tərəzisindəki əqrəbin Türkiyənin ağırlığı
ilə əyildiyi müşahidə edilir, Ankara bununla Rusiyanın təsir dairəsini
azaltmağa çıxış imkanları əldə etmək istəyir.
Bu ondan irəli gəlir ki, Ankaranın Kremllə isti münasibətləri olsa da, onun
Cənubi Qafqaza dair xarici siyasətinin istiqamətləri sırasında region
dövlətlərinin Avroatlantik məkana inteqrasiya səylərini dəstəkləmək dayanır.
Bu isə Qərb ilə Türkiyə arasında ortaq maraq yaradan nöqtədir, hərçənd ki,
ABŞ, Fransa, Almaniya Ankaranın Qafqazda güc mərkəzi yaratmasına qarşıdır.
Bakı-Ankara strateji müttəfiqliyinin xarakterindən irəli gələrək, Azərbaycan
dövləti Türkiyəyə qarşı qısqanclıqların önünə keçir, görünür ki, Brüssel
danışıqlarında Əliyev Türkiyə amilinə də xeyli vurğu edib.
Buna görədir ki, Əliyev Ərdoğanla telefon müzakirələrində Paşinyanla sonuncu
görüşünü müsbət qiymətləndirib, Ərdoğan isə nəticələrdən məmnunluğunu ifadə
edib.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanmasında qarşıda duran
çağırışları Türkiyənin maraqları ilə ayaqlaşdıracaq.
Bakının bu hədəfi Türkiyənin sülhyaratma işindəki təşəbbüslərini artıracaq.
Yazıya bir neçə bəndlə belə yekun vura bilərik:
1. Azərbaycan postmünaqişə dövründə güclərin rəqabətinin Türkiyəyə qarşı ox
yaratmasına qarşıdır,
2. Türkiyənin regionda aktivliyini artırması digər oyunçuların onunla
hesablaşmasına gətirib çıxarır,
3. Brüssel danışıqlarındakı razılaşmalar regionda iqtisadi-siyasi və
təhlükəsizlik məsələlərindəki əməkdaşlıqda yeni istiqamət açır. Telefon
danışığı zamanı Əliyevlə Ərdoğanın ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif
aspektlərinə dair fikir mübadiləsi aparmaları bunun sübutudur.
Aqşin Kərimov