af11b9e4-d77f-4d97-92f9-9976413bd694..jpg

Əliyev-Paşinyan görüşü planlaşdırılır: ABŞ ümid bəsləyir, bəs Rusiya nə edəcək? – TƏHLİL

Baxış sayı: 910 dəfə baxılıb.

Əliyev-Paşinyan görüşü planlaşdırılır: ABŞ ümid bəsləyir, bəs Rusiya nə
edəcək? – TƏHLİL

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol
Paşinyanın Brüsseldə bir araya gələcəklərinə ümid edir.

Bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın keçirdiyi mətbuat
konfransında dediklərini qısa formada belə təqdim edə bilərik:

– ABŞ ilə Avropa İttifaqının diplomatik səyləri nəticəsində Azərbaycan və
Ermənistan nümayəndələrinin Brüsseldə bir araya gələcəklərinə ümid edilir;

– Bu, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Antoni
Blinkenin vasitəçiliyi ilə keçirilən Əliyev-Paşinyan danışıqlarında əldə edilən
tərəqqinin davamı ola bilər.

Hərçənd ki, tərəqqinin mahiyyəti, sərhədləri barədə aydın təsəvvürlər yoxdur.
Bununla belə, güman etmək üçün əsaslar var ki, bu, daha çox Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan
ermənilər üzərindən manipulyasiyaları azaltmağa kömək edir.

ABŞ-nin təşəbbüsü ələ almaq cəhdlərində Avropa İttifaqının rıçaqlarından
istifadə etməsi iki riski ortaya qoyur:

Birincisi, Rusiya Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarını, eləcə də
İttifaqın Ermənistana göndərdiyi missiyasının etibarlılığını şübhə altına alan
addımları itiləşdirəcək.

İkincisi, Rusiya Azərbaycan-Ermənistan sülh gündəliyinin içərisinə mürəkkəb
elementlər qataraq regionda vəziyyətin hərbi gərginlik dərəcəsini artıra bilər.

Kreml bu davranışların mayaklarını artıq yandırıb, bunu Rusiya xarici işlər
nazirinin müavini Mixail Qaluzinin TASS-a verdiyi müsahibədəki tezislərdən hiss
etmək mümkündür.

Cənab Qaluzinin müsahibəsində Kremlin qısqanclıq notları aşağıdakı kimi ifadə
olunub:

– Azərbaycanla Ermənistan arasındakı sülhə gedən yolda çoxlu maneələr var;

– Vasitəçilik səylərində rəqabətə yol verməmək və onların sinergiyasına nail
olmaq lazımdır.

Moskva qısqanclığını Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında
imzalanmış üçtərəfli sənədlər toplusunun icrasına yönəltməklə pərdələməyə
çalışacaq.

Hətta ola bilər ki, Rusiya Cənubi Qafqaz səhnəsində fərqli bir oyun qursun və
Qərbin diqqətini oraya yönəldərək Azərbaycan-Ermənistan münasibətlərinin
tənzimlənməsindəki monopoliya yaratmaq siyasətini davam etdirsin.

Avropa İttifaqının özü ilə bağlı baxışlar fərqli xarakterə malikdir, Moskva
üçün İttifaqın təşkil etdiyi görüşlər yox, bunun arxasında hansı böyük
oyunçunun dayandığı maraq kəsb edir.

Ona görə də Moskva elə Avropa İttifaqının səylərini kölgə altına alan xor
başlatmaqla əsl rəqiblərini oyunda zəiflətməyə çalışa bilər.

Aqşin Kərimov

Source link