0e791de3-4a78-48f7-b8d4-c6b5edb092b2..jpg

Əliyevin Qərbi Azərbaycana qayıdış tezisi, iki mümkün versiya, sülh üçün müharibə gündəliyi – TƏHLİL

Baxış sayı: 1. 041 dəfə baxılıb.

Əliyevin Qərbi Azərbaycana qayıdış tezisi, iki mümkün versiya, sülh üçün
müharibə gündəliyi – TƏHLİL

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin yekun nöqtəyə çatması
ləngidikcə və İrəvanın mövqeyindəki qeyri-müəyyənlik dərəcəsi artdıqca Bakının
hərbi əməliyyatlar planı danışıqlarda xəbərdaredici motiv kimi özünə yer
qazanır.

Azərbaycanı müharibəyə maraq göstərməkdə ittiham etmək müdafiə və
təhlükəsizliyə dair anlayışların zəifliyindən və ya qərəzdən irəli gəlir.

Birincisi, başqa ölkələrin ərazisini qəsb etmək strategiyası məhz Ermənistanın
“yeni ərazilər üçün yeni müharibə” tezisində əks olunub. Ermənistan hələ də bu
mənfur doktrinadan əl çəkdiyini bəyan etməyib və həmin tezisi revanşizmin
alovlonması üçün qidalandırıcı hüquqi əsasa söykəməkdən imtina etmir.

İkincisi, fərz edək ki, Ermənistan həmin tezisi nəzəri olaraq arxa plana atıb,
amma İrəvanın faktiki əlamətlərlə yapışdığı mövqelər, silah tədarükü üçün başqa
ölkələrə müraciəti və erməni cəmiyyətindəki əhvali-ruhiyyənin qisasçılığa
köklənməsi yeni müharibəyə hazırlıq elanı kimi görünür.

Üçüncüsü, Ermənistanın sülh üçün qurulan təpədən sürətlə üzüaşağı enişini
göstərən digər cəhət onun sərhədlərin delimitasiyası məsələsində və Zəngəzur
dəhlizinin açılmasında üzərinə düşən öhdəliklərdən qaçmasıdır.

Qarabağda isə açıq qalan məsələlərin həllində Ermənistanın rolu qalmadığına
görə deyə bilərik ki, İrəvan Azərbaycanın sərhəddən kənar bölgələrində münaqişə
yarada bilmək potensialından məhrumdur.

Ona görə də diqqəti sərhədlərin müəyyən edilməsi mövzusuna cəmləmək lazımdır
və İrəvanın, əsasən, bu istiqamətlərdəki təxribatları regionu hərbi eskalasiya
risklərinə hamilə edir.

Azərbaycan isə ehtimal olunan genişmiqyaslı hərbi təxribatların xüsusiyyət və
məqsədlərini qiymətləndirərək mümkün təhlükələrə qarşı preventiv tədbirlər
görür.

Yəni Azərbaycan müharibə elan etmir və onun genişmiqyaslı hərbi əməliyyatlar
apara biləcəyi ilə bağlı anonslar daha çox müdafiə siyasətinə əsaslanır.

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündəki çıxışları Ali Baş Komandanın mesajları kimi bəzi
hərbi-strateji ştirxləri özündə birləşdirir.

Əliyevin Qərbi Azərbaycanı tarixi Azərbaycan diyarı adlandırması Ermənistanla
sülh gündəminin formalaşması üçün aparılan danışıqlarda yeni xətt kimi inkişaf
edəcək.

Prezident həmin ifadəni Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıdışı
kontekstində işlədir, bu zaman geri dönüş proqramına dair, əsasən, iki versiya
göz önündə canlana bilər:

1. Azərbaycan Ermənistanda azərbaycanlı icması yaratmaqla buna nail olmağa
çalışır. Sülh tezislərinə əsaslanan bu proqram reallaşsa, Ermənistanda
demoqrafik nisbət həlledici şəkildə dəyişə bilər və azərbaycanlılar bir
zamandan sonra say üstünlüyünə yiyələnə bilərlər;

2. Azərbaycan sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar keçirir, Türkiyə
strateji müttəfiqlik məntiqi ilə, Rusiya isə öz ambisiyaları prizmasından bu
güc tətbiqinə dəstək verir.

Birinci versiya ağlabatandır, amma İrəvan asanlıqla buna razılıq verməyəcək
deyə Bakı ikinci variantı masaya qoyacaq. Bu, elə birinci versiyaya dair
şərtlərin yerinə yetirilməsidir, lakin miqyası və motivi hərbi-siyasi
xaraktercə daha böyük olacaq.

2022-ci ilin sentyabrında sərhədin Kəlbəcər, Laçın, Daşkəsən
istiqamətlərindəki genişmiqyaslı toqquşmalardan sonra Azərbaycanın əldə etdiyi
ərazi üstünlükləri perspektiv nəticələr üçün fövqəladə dəyərə sahibdir.

Ali Baş Komandanın Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə
sentyabrdakı sərhəd əməliyyatının nəticələrinə yüksəkliklər kontekstində vurğu
etməsi də diqqət çəkməyə bilməz.

Hərbidə və müharibədə olanlar yüksəkliklərin gələcək əməliyyatlar üçün nə
qədər böyük hərbi-strateji əhəmiyyət daşıdığını bilirlər.

Kənardan adi görünən təpə belə, xeyli vacibdir. Kiçik bir analogiya aparaq:

2016-cı ilin Aprel döyüşləri nəticəsində Azərbaycanın nəzarətə götürdüyü
yüksəkliklər Vətən müharibəsində bir çox təhlükədən Azərbaycanı sığortalamışdı.
Bu dəfə isə Prezident sərhəd əməliyyatlarının yekununda Azərbaycanın gələcək
təhdidlərdən sığortalanacağını bildirir. Fikir verək, Əliyev cümləni gələcək
zamanda tamamlayır.

SİTAT: “Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən
sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, – istər
iqtidarda, istər müxalifətdə, – faktiki olaraq bizim üçün fərqi yoxdur”.

Bu o deməkdir ki, sərhəddə yeni əməliyyatlar mümkündür və həmin yüksəkliklər
Azərbaycanın içərilərinə doğru təhdidlərin qarşısında sipər olacaq.

Sülh danışıqlarından nəticələr hasil olunmasının axsaması fonunda hərbi
əməliyyatlar aktuallaşır və Azərbaycan güc yolu ilə mütləq sülhün təmini
planını aktual plan kimi saxlayır.

Bakının Qərbi Azərbaycana qayıdış çağırışlarına Ermənistan cavab verməsə,
üstəgəl sərhəddə təxribatlara hazırlaşsa, o zaman eskalasiyaya görə məsuliyyət
də onun üzərinə düşəcək.

Bu dəfə eskalasiya baş versə, Ermənistan əldən verdiyi imkanlarını geri
qaytara bilməyəcək və Bakıya verilən beynəlxalq dəstəklər fonunda İrəvan
növbəti acizliyini yaşayacaq.

Aqşin Kərimov

Source link