Əmək və sosial müdafiə sahəsində islahatlara ictimai nəzarət gücləndiriləcək

Əmək və sosial müdafiə sahəsində islahatlara ictimai nəzarət gücləndiriləcək

Baxış sayı: 720 dəfə baxılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün müəyyən edilmiş əsas vəzifələrdən biri sosial müdafiə sistemində şəffaflığın və bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının, əhaliyə xidmətlərdə sosial ədalət prinsipinin tam təmin edilməsidir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşdə deyib. 

O qeyd edib ki, bu istiqamətdə aparılan işlərin səmərəli təşkilində ictimai nəzarət mühüm rola malikdir. 

Nazir bildirib ki, ümumilikdə əmək və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşməsinə, şəffaflıq və ədalət prinsipinin güclənməsinə yönələn islahatlarda İctimai Şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır: 

“Şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ki, bu gün onlar əhatə etdikləri geniş əhali qrupları ilə nazirlik arasında körpü rolunu oynayırlar. Bu mənada, həmin əhali qruplarının rəy və təkliflərinin öyrənilməsi, aparılan islahatların cəmiyyətin maraqları ilə uzlaşdırılması, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərində İctimai Şuranın daha aktiv dəstəyi çox vacibdir.

Bir sıra məsələlərlə (qeyri-formal məşğulluğun şəxsin gələcək sosial təminatını sual altında qoyması, sosial sığorta sistemində iştirakın əhəmiyyəti, pensiya-müavinət və s.) barədə cəmiyyətdə dolğun və sistemli təbliğat və izahat işlərinin aparılmasında İctimai Şura öz fəal dəstəyini göstərə bilər”.

Nazirliyin fəaliyyətinin bütün sahələri üzrə İctimai Şura ilə daimi əməkdaşlığa xüsusi önəm veriləcəyini qeyd edən S.Babayev bildirib ki, özünüməşğulluq proqramının icra mexanizminin vacib hədəfə – aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin  kiçik biznesə çıxışına imkan yaradılması hədəfinə uyğun təkmilləşdirilməsində də bu əməkdaşlıq öz töhfəsini verə bilər. 

.
www.ÇıxışYolu.Com