f341b29b-8a6b-4a99-af69-a8a09a9f5d45..jpg

Əməkdar artist Elçin Həmidovun anım günüdür

Baxış sayı: 969 dəfə baxılıb.

Əməkdar artist Elçin Həmidovun anım günüdür

Bu gün Əməkdar artist Elçin Həmidovun vəfatından 12 il ötür.

Cixisyolu.com xatırladır ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ilin iyunun 29-da
Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən
Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır
günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.

Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor
artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun “Dram-kino
aktyoru” fakültəsində Ali təhsil alıb.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti
olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin,
klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı
obrazlar yaradıb.

“Olmadı elə, oldu belə”də “Gülüstan”, “Boşanaq, evlənərik”də “İkram”, “Qarğa
məndə qoz var”da “Zərzibonskaya”, “Qızıl gül”də “Azay”, “Beş manatlıq gəlin”də
“Nadir”, “O olmasın, bu olsun”da “Rza bəy”, “Talelər qovuşanda”da “Totuş”, “Ər
və arvad”da “Kəblə Qubad” rolları ilə tamaşaçıların ürəyini fəth edib.

Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri
parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox
koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi.

Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı
aktyor, həmçinin “Planet Parni iz Baku” şən və hazırcavablar klubunun əsas
simalarından biri idi.

Elçin bu teatrda gözəl obrazlar yaradıb. O cümlədən “Məhəllə 1” və “Məhəllə 2”
filmlərində canlandırdığı “Məzi” obrazı gülməli olmaqla bərabər, həm də
düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də
aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar
tərəfindən maraqla qarşılanıb.

Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında
“Yaiçnitsa”dır.

2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib.
Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Source link