Əməkdar artistdən maraqlı açıqlama: “İndiki qızlar çoxbilmişdirlər, 16 yaşına
çatanda…”
“Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki, özü
oxumaq istəmir”.
Bunu Yenisabah.az-a Əməkdar artist, qarmonçu Gülbahar Şükürlü deyib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə
görə, əvvəllər ailələr kiçik yaşlarından qız övladı üçün cehiz yığmağa
başlayırdı. “Cehizi almaq üçün də maliyyə vəsaiti tələb olunur”, – deyən DİM
rəhbərinin fikrincə, valideynlər bunun yerinə uşaqlarının keyfiyyətli təhsil
almasına diqqət yetirməlidirlər.
M.Abbaszadənin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları
soruşur: Doğrudan da ailə qurmaq üçün ali təhsil cehizdən daha vacibdir?
“Bəli. Mən övladlarımı misal çəkərək deyə bilərəm ki, onların hər ikisi həm
diploma, həm də normal ailə həyatına sahibdir. Allah onların timsalında bütün
balalarımızı qorusun! Doğrudur, cehiz də diplom qədər xüsusi əhəmiyyət daşıyır.
Lakin savad da vacibdir. Çünki uşağın savadı olmadıqda o kənar, biliksiz
mühitdə böyüyüb püxtələşir.
Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki, özü oxumaq
istəmir. Təbii ki heç bir halda sonuncuları buna məcbur etmək olmaz. Oxumaq
insanın canından gəlməlidir.
Oğlanlara nisbətən qızların oxuması çox vacibdir. Qızın diplomu və pul
qazanacağı bir işi olmalıdır. Oğlan hər işi görə bilər, yeri gələndə fəhləlik
də edər”, – G.Şükürlü deyib.
Qarmon ifaçısı qızların erkən yaşda ailə qurmasına belə münasibət bildirib:
“Mən də çox gənc yaşda ərə getmişəm. 19 yaşımda ailə həyatı qurmuşam.
Tanıdığım elə ailələr var ki, qızları 16 yaşında evlənir, amma hamıdan
xoşbəxtdir. Hətta nəvələri var.
Əlbəttə, tez, yaxud gec ərə getməyin xoşbəxtliyə aidiyyəti yoxdur. İndi
boşanmalar dəb halı alıb. Bir də görürsən ki, 25 yaşında evlənir, 6 aydan sonra
da boşanır. Maşallah olsun, qızlarımız çoxbilmişdirlər. 16 yaşlısı özünü 23
yaşlı, püxtələşmiş qız kimi aparır.
El içində bir söz var: “Ər evindən meyitin çıxsın. Bu o demək deyil ki, get,
öl. Yəni ər evinə get, oradan da ancaq öləndə çıx”.