Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi - RƏSMİ

Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi – RƏSMİ

Baxış sayı: 2. 053 dəfə baxılıb.

 

Əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001-in əsasında hazırlanan ilk milli standart təsdiq olunub.

Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Əməyin sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” adlanan standart Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əməyin təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən hazırlanaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə təqdim edilib və yeni dövlət standartı İnstitut tərəfindən müvafiq əmrlə təsdiqlənib. Standartın qüvvəyə minmə tarixi 1 may 2021-ci il müəyyən edilib.

Qeyd olunan AZS ISO 45001:2021 standartı əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyənləşdirir. İstehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması məqsədilə müəssisələri təlimatlarla təmin edir.

Texniki Komitə tərəfindən əməyin mühafizəsi üzrə 196 maddə üzrə milli standartın hazırlanması nəzərdə tutulur.