a5ea5e9a-f5f1-43a0-a46e-3fddb0cd6e29..jpg

Əmlak bazarında ən çox yayılan fırıldaqlar: Mütəxəssislər nə məsləhət görürlər? – ARAŞDIRMA

Baxış sayı: 940 dəfə baxılıb.

Əmlak bazarında ən çox yayılan fırıldaqlar: Mütəxəssislər nə məsləhət
görürlər? – ARAŞDIRMA

Ötən günlərdən birində əmlak dələduzluğu ilə bağlı istintaqı aparılan və
əməkdaşları həbs edilən şirkətin elanı qarşıma çıxdı. Hansı ki, həmin şirkət
rəhbərliyi 78 nəfərin 1.490.200 manat məbləğində pulunu ələ keçirərək
dələduzluq etməkdə ittiham edilir.

Son illər istər kirayə, istərsə də mənzil alqı-satqı bazarında kifayət qədər
aldadılan vətəndaşlar görürük. Boğazından kəsərək ev almaq ümidi ilə çıxdıqları
bu yolda həm pulları gedir, həm xəyalları puç olur, həm də məhkəmə çəkişmələri
üçün illərlə yollarda qalırlar.

Bəs insanlar hansı vədlərlə aldadılır? Əmlak bazarında hansı fırıldaqlarla
alıcıların pulları mənimsənilir? İnsanlar daşınmaz əmlakla bağlı əməliyyatlarda
hansı məqamlara diqqət yetirməlidirlər?

Məsələ ilə bağlı “Kaspi”

qəzeti araşdırma hazırlayıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, “makler”lər ümumiyyətlə, satışda olmayan
evləri ucuz qiymətə təklif edir və müştərilərini tora salırlar: “Fırıldaqçı
əmlakçıların saytlarda təqdim etdikləri evlər nə satışda, nə də kirayədə
mövcuddur. Əvvəllər bazada olan məlumatları götürür, bu yolla insanları
aldadırlar. Müştəri zəng edib evlə maraqlananda isə, evi göstərməmək üçün min
cür bəhanələr uydururlar. Məsələn, o bəhanələrdən ən məşhuru belədir: “Hazırda
rayondayam, 100 manat beh at, Bakıya gələn kimi evi ilk sənə göstərəcəm”.
Adətən fırıldaqçılar müştərini cəlb etmək üçün mənzili dəyərindən aşağı qiymətə
təklif edirlər. Təbii olaraq, müştəri də evi əlindən çıxarmaq istəmir və behini
göndərir. “Makler” pulu əldə etdikdən sonra artıq onun nömrəsinə zəng çatmır,
qeybə çəkilir. Son 2-3 ildir ki, bu müşahidə olunur”.

Ev alqı-satqı sahəsində problemlərə gəldikdə, həmsöhbətimiz bildirir ki, əksər
hallarda əmlakçılarla bina sahibləri əlbir olurlar: “Adətən buna şərait yaradan
da Mənzil Tikinti Kooperativlərinin (MTK) sahibləri olur. Çıxarışları olmadığı
üçün bir evi müqavilə ilə bir neçə nəfərə sata bilirlər. Bu zaman da MTK-lar
kənarda durur, əmlakçıların “başı ağrıyır”. Son illər bu yollardan çox istifadə
olunur. Əmlakçılar var ki, nə yer-yurdu bilinir, nə ofisi var. Bunlardan
tamamilə uzaq durmaq lazımdır. Bəzən də binanı şərikli tikirlər, ümumiyyətlə,
ofisləri olmur. Belə “şirkətlər” bir çox hallarda müflis olur, tikintilər
yarımçıq qalır. Pul qazanmaq üçün 1 evi müqavilə ilə 5-10 nəfərə verirlər və
sonra məhkəmə çəkişmələri başlayır. Belə şirkətlərdə qiymətlər adətən
digərlərindən ucuz olur. İnsanlar da qiymətə aldanıb fırıldaqçıların ağuşuna
düşürlər”.

Mütəxəssis deyir ki, heç bir əmlak şirkətinə səlahiyyət verilməyib ki, hansısa
evi öz adından satışa çıxarsın, ipoteka müqaviləsi bağlasın, daxili kredit
versin: “Qanunvericilik onu göstərir ki, alqı-satqı notarial qaydada mümkündür.
Yəni dövlət notarial qaydada bu sövdələşməni tanıyır. Lakin şirkətlər və
əmlakçılar insanların etimadından sui-istifadə edərək onları aldadırlar”.

Müsahibimiz vurğulayır ki, əgər bir şəxs mənzil almaq, yaxud da kirayə
götürmək istəyirsə, dəqiq araşdırmalıdır: “Məsələn, kirayə götürmək istəyən
şəxs evə baxış keçirməmiş, evin sahibi ilə şəxsən tanış olmamış, evin kimə
məxsus olduğunu araşdırmamış ödəniş etməməlidir. Bir çox “maklerlər” var ki, ev
yiyəsi evin açarlarını kirayə məqsədilə verib, onlar da “satışa” çıxararaq,
alıcıları aldadır, 5-10 min beh alırlar. Sənədləşməyə gəldikdə isə deyirlər ki,
ev sahibi xaricdədir, etibarnamə verdikdə, sənədləşmə olacaq”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru
Çingiz Qənizadə deyir ki, bir çox “işbazlar” məhz bu sahədə boşluqlardan
istifadə edərək varlandılar: “Uzun illər mənzil tikinti sahəsində
nəzarətsizlik, boşluqlar və cəzasızlıqdan bəhrələnən “iş adamları” inşa
etdikləri binalardakı mənzilləri fırıldaqçılıq yolu ilə bir neçə şəxsə satmaqla
külli miqdarda varlandılar. Acınacaqlısı odur ki, bu, sanki dəb halını almışdı
və insanlar mənzil almaqdan qorxurdular. Hətta mənim yaxınlarımdan da bu
dələduzluğun qurbanı olanlar var idi”.

Mütəxəssis deyir ki, problemi həll etmək üçün tikilməkdə olan mənzillərin
əvvəlcədən qeydiyyatı aparılmalıdır: “Mən o dövrdə parlamentdə problemin həlli
üçün Rusiya təcrübəsini təklif etmişdim və bu məsələnin reallaşmasına da nail
olduq. Tikilməkdə olan mənzillərin qabaqcadan qeydiyyatının tətbiqi vacibdir.
Gələcəkdə bu mənzili dələduzluq yolu ilə satdıqda, vətəndaş qeydiyyat tələb
edərkən, artıq bu mənzilin qeydiyyatda olması və satılması sistemdə çıxır. Belə
olan halda dələduzlar da bunu ikinci dəfə satmağa cəhd etmirlər. Bu, artıq
bizim qanunverciliyimizdə də əksini tapdı. İndi isə hüquqi savadsızlıqdan və
təcrübəsizlikdən “sahibkarlar”ın qurbanları olanlar var”.

Mütəxəssis sonda vurğuladı ki, hər bir vətəndaş yeni tikilən mənzillərdən
yaşayış və yaxud qeyri-yaşayış sahəsi alarkən, müqaviləni rəsmi dövlət
orqanlarında bağlamalıdır: “İnsanlar bunu edərlərsə, “işbazlar”ın qurbanına
çevrilmək ehtimalları sıfıra bərabərləşir. Yox, əgər olmayacaqsa, alqı-satqını
ofislərdə edəcək, çayxanalarda beh verəcəklərsə, onda hələ də bu cür
qurbanların olması ehtimalı var və bu, gələcəkdə də olacaq”.

Source link