2cb9a2dd-860d-4480-bbe9-64a618eab5f9..jpg

Əmrah Çəlikəl: “Təkanlar çox güclü idi və hiss edilirdi, evlər, binalar silkələnirdi…” – MÜSAHİBƏ

Baxış sayı: 822 dəfə baxılıb.

Əmrah Çəlikəl: “Təkanlar çox güclü idi və hiss edilirdi, evlər, binalar
silkələnirdi…” – MÜSAHİBƏ

Qardaş Türkiyədəki dəhşətli zəlzələ vaxtı “Qarabağ” klubunun direktoru Əmrah
Çəlikəl paytaxt Ankarada idi. Onunla əlaqə saxlayıb Azərbaycana
qayıdıb-qayıtmadığını soruşanda “Gəlmişəm, vətəndəyəm!” dedi. Əmrah bəyə həm
Türkiyədəki əsrin faciəsi, həm də “Qarabağ”ın “Gent”lə oyunu haqda bir neçə
sual ünvanladıq.

– Başımız sağ olsun. Zəlzələ vaxtı Türkiyədə idiniz. Hiss etdinizmi? Həmin
yerdə də dağıntılar oldumu?

– Ankarada idim. Dağıntıların olmamasına baxmayaraq, təkanlar çox güclü idi və
hiss edilirdi. Evlər, binalar silkələnirdi. Bir neçə saat əvvəl Malatya
şəhərində 5,2 və 4,7 ballıq yeni zəlzələlər olub. Bunların hamısı yaxın
ərazilərdə hiss edilir. Zəlzələ təbii fəlakətdir və insan oğlu çarəsizdir…
Lazımı tədbirlər əvvəlcədən görülməlidir. Türkiyədə itkilərin çox olmasının ən
böyük səbəbi zəlzələ zonası olmasına baxmayaraq, zamanında lazımi tədbirlərin
gorülməməsidir…

– Faciə bölgəsində qohumlarınız, dost-tanışlarınız var idimi, aralarında
itkilər olmadı?

– Həmin bölgədə çoxlu qohumlarım və dost-tanışlarımın yaşamasına baxmayaraq,
onların arasında itkilər olmadı. Amma çox böyük bir fəlakət yaşandı… Təhlükə
keçməyib, hər gün yüzlərlə təkan olur və mütəxəssislər bu halın davam etməsinin
gözlənilən dəhşətli İstanbul zəlzələsini tətiklədiyini söyləyirlər…
Həyatlarını faciəvi şəkildə itirən hər bir insan üçün çox üzülürük. Bu gün
Türkiyədə hamı böyük qorxu içində yaşayır…

– Ümumiyyətlə, “Qarabağ”da çalışan türkiyəlilərin yaxınları arasında itkilər
oldumu?

– Şükürlər olsun, mənim bildiyim qədərilə yoxdur.

– Bu faciə bütün Azərbaycanı sarsıdıb və sözsüz ki, komandaya da təsirsiz
ötüşməyib. “Qarabağ” “Gent”lə oyunda hansısa formada Türkiyəyə dəstəyini ifadə
edəcəkmi?

– Azərbaycanın dövlət-xalq olaraq Türkiyəyə göstərdiyi doğma münasibət
hamımızı təsirləndirir və çox sevindirir. Allah birliyimizi daimi etsin!
Dünyada iki dövlət və xalq arasında bizə bənzər səmimi münasibət, birlik
yoxdur. Bu, çox qürurvericidir.

“Gent”lə oyunda zəlzələdə həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükut
ilə yad ediləcəyi dəqiqləşib. Bu UEFA-nın təşəbbüsüdür. Bilirik ki, avrokubok
matçlarının təşkilatçısı UEFA-dır. Azərbaycan və Türkiyə hər bir halda
birlikdədirlər. Bunu Türkiyədə yaşayan 7-dən 70-ə hamı bilir. Dediyim kimi,
UEFA-nın təşkilatçılığı ilə keçirilən yarışda bizim könlümüzdən keçənləri
gerçəkləşdirməyimiz mümkün deyil.

– Bir neçə klubumuz zəlzələdən zərər çəkənlər üçün yardım aksiyaları keçirir
və bunu ictimaiyyətə təqdim edir. “Qarabağ”ın baş sponsoru da Türkiyəyə dəstək
verib. Klub olaraq hər hansı yardım etmisinizmi?

– Qeyd etdiyiniz kimi, baş sponsor yardımlarını edir. O cümlədən, orada
işləyən hər kəs bu aksiyalara qoşulur. Klub olaraq bizim də etdiyimiz və
edəcəyimiz yardımlar var. Bunu mümkün qədər klub daxilində, öz aramızda həyata
keçirdiyimizdən məlumatsız olmağınız normaldır. Gələcəkdə də yardımlarımıza
davam edəcəyik.

– Əsrin faciəsi bütün Azərbaycanı yasa boğub və sözsüz ki, komandanızın
oyunçularına da təsirsiz ötüşməyib. Sizcə, “Qarabağ”ın futbolçuları “Gent”lə
oyuna psixoloji cəhətdən hazırdırlarmı? Həm də Türkiyə üçün mücadilə edib,
matəmdə olan türkiyəli qardaşlarımıza az da olsa, təsəlli verə biləcəklərmi?

– Düzdür, bu hadisələr hamımıza dərindən təsir etdi. Amma “Qarabağ” peşəkar
komandadır. Hamı 90 dəqiqə ərzində ancaq oyuna motivasiya olub, qələbə qazanmaq
üçün əlindən gələni edəcək. İnşallah, istədiyimiz nəticəni qazanarıq.

Mənbə: Sports.az

Source link