315c395c-edf6-427d-819d-17146a807c03..jpg

“Əqrəb mövsümü”nün qatili: “Tərəf müqabilim dedi ki, nə yaxşı…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 996 dəfə baxılıb.

“Əqrəb mövsümü”nün qatili: “Tərəf müqabilim dedi ki, nə yaxşı…” – MÜSAHİBƏ +
FOTO

“Mən bunu iyrənclik kimi qəbul etmədim. Amma özüm üçün də dəhşətli idi”.

Bunu Pantomima Teatrının tanınan və istedadlı aktyoru, “Əqrəb mövsümü”nün
Elnuru Əli Əlizadə Teleqraf.com-a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

“Final səhnəsinin həllini tapa bilmirdik”

– Əli, səni uzun illərdir tanıyıram. Pantomima Teatrında tamaşalarda, bir sıra
serial və sənədli-bədii filmlərdə yaddaqalan obrazlar yaratmısan. Son zamanlar
isə “Əqrəb mövsümü”ndəki obrazınla gündəmdəsən. Elnur indiyə qədər oynadığın
rollara bənzəmir. Asəf Zeynallı, Əhmədiyyə Cəbrayılovdan sonra qatil kimi
tamaşaçı qarşısına çıxanda nələr hiss edirdin?

– Düz deyirsən, Nərmin. Elnur mənim üçün qeyri-adi və yad bir rol idi. Ona
görə də öncə çox çətin idi. Final səhnəsinə qədər həyəcanı, gərginliyi saxlaya
bilərəmmi deyə narahat idim. O finalın ki həllini tapa bilmirdik…

– Çox çətin oldu?

– Rejissorumuz Emil Quliyev çəkiliş meydançasında iki saat susub dayandı, heç
nə etmədi. Bizsə oturub gözləyirdik, hərə bir ab-havada idi, mən evdən
gətirdiyim tapşırıqla məşğul idim. Emil ssenariyə baxırdı, xoşuna gəlməyən
səhnənin üstündən xətt çəkirdi. Birdən – “Vəssalam, tapdım”, – dedi və çəkilişə
başladı. Səhnələri bir-birinə o qədər gözəl bağladı ki…

Mənim hasardan düşəndən sonrakı hərəkətlərim bir plana çəkildi. Bu çəkiliş
üsulu oyunuma çox kömək oldu. Səhnənin çəkilişinə “rec” verəndə yalan olmasın,
18 dəqiqə davam edirdi.

Digər nüans mənim uşaqlığımı oynayan oğlanla bağlıdır. Onun səhnələri
çəkiləndə artıq serialın 30 faizinin çəkilişləri tamamlanmışdı. O uşağın bir
tapıntısı mənim üçün rolun vacib açarı idi. Bəlkə də fikir vermisiniz, uşaq
pəncərənin qabağında dayananda ağzı ilə bir hərəkət edir. Mən onu finalda da
edirəm.

Belə bir tapıntını yaxşı ki, Emil mənə əvvəldə göstərmişdi. O səhnədən yola
çıxmaq obraza xüsusi çalar qatırdı.

“O zəhəri məhz özü üçün saxlamışdı”

– Əli, izləyicilərin ən çox narazı qaldıqları səhnələrdən biri Elnurun ölüm
anı idi. Dediyin sözlər yaxşı eşidilmirdi. Bu, texniki problem idi, yoxsa başqa
səbəbi var idi?

– Bunu həm texniki məsələyə, həm də aktyor işinə bağlayıram. Ağzımda qan
olduğuna görə tələffüzüm aydın olmadı. Bəlkə mikrofon məndən bir azca aralı
düşüb, yaxud yuxarıdakı bum səsi tam götürə bilməyib – bunu demək çətindir,
amma oradakı problemi özüm də hiss etdim.

Bilirsən, biz mətni bilirik deyə, deyilən söz aşağı tonda eşidilsə də, onu
başa düşürük, amma bilməyən tamaşaçı üçün söz aydın olmur. Tamaşaçı da haqlı
olaraq iradını bildirir.

– Sonuncu zəhər porsiyasını hansı Qurban üçün saxlamışdın?

– Emil bunu tamaşaçının mühakiməsinə buraxır. Amma obrazı canlandıran biri
kimi gəldiyim nəticə ondan ibarətdir ki, Elnur zəhəri məhz özü üçün saxlamışdı.
Əqrəbin özəlliyi, missiyası nədir? Əqrəb təhlükə hiss edəndə özünü sancır…
Yəqin ki, Ceyhun Hidayətli də, Azər Aydəmir də bunu düşünüblər. Elnur da
bilirdi ki, haradasa ilişə bilər və zəhər ona məhz o an üçün lazım idi.

Zəhəri niyə Qurbana saxlaya bilmədi? Çünki Elnur Qurbanın həyatda əzab çəkərək
yaşamağını arzulayırdı. Üç uşağını öldürüb, qızının hamilə qalmasını
planlayaraq Qurbanı bu dərdlə baş-başa qoymaq istəyirdi. Ona görə ki, Elnur
körpəliyindən bu dərdlə yaşayıb və “mənim dərdimi indi də sən yaşa” prinsipi
ilə hərəkət edirdi.

“Biz bu mərhələni çoxdan aşmalı idik”

– Tamaşaçı rəylərindən çıxış edərək, bir sual da verim. Çoxları Elnurun bacısı
ilə münasibətini iyrənclik kimi qələmə verdi. Sən necə qarşıladın? Şəxsi
fikirlərin maraqlıdır…

– Mən bunu iyrənclik kimi qəbul etmədim. Amma özüm üçün də dəhşətli idi. Bu
fakt mənə görə hadisənin ağırlığını, yükünü birə-beş artırdı.

Düşünürəm ki, bizim tamaşaçı bu kimi məsələləri hələ də öz içində həll edə
bilməyib. Bizdə açıq səhnələr belə birmənalı qarşılanmır. Eyni ilə bu da.
Halbuki biz bunları xarici filmlərdə görəndə normal qəbul edirik. Mənə elə
gəlir ki, biz bu mərhələni çoxdan aşmalı, stereotipləri çoxdan qırmalı idik.

Emil son zamanlar bədii və televiziya filmlərində sosial mesajlarla məşğuldur.
Xatırlayırsansa, “Körpü”də də bu var idi.

Bu sosial mesajların bir az, türklər demiş, “abartılı” olması bizə xoşagəlməz
görünə bilər, amma bunun içində insan xisləti və reallığımız var. Gəlin, bunu
aynamız kimi qəbul edək. Və özümüz üçün bir nəticə çıxaraq.

Ümumiyyətlə, incəsənət sahəsindən – teatrdan, kinodan, hətta ədəbiyyatdan
görüb oxuduğumuz şeylərdən nəsə götürürük və istəyirik ki, özümüzdə də mənən
nəsə dəyişsin. Məncə, bu addım məhz işin böyüklüyündən və məqsədi bir az da
yüksəyə qaldırmaq üçün idi. Hərçənd çox böyük qınağa səbəb oldu.

“Qatilin kimliyini bircə o bilirdi”

– Filmlərin, serialların sonuncu seriyasına tamaşaçı həmişə böyük ümidlər
bəsləyir. Amma bu, bəzən özünü doğrultmur, o zaman sanki bir boşluğa düşürsən.
“Əqrəb mövsümü”ndə Kənanla bağlı məsələdə açıq qalan suallar da az deyildi.
Onun ailə dramı, yoldaşı ilə münasibətləri, İstanbul əhvalatı və bunun kimi
digər məsələlər… Belə bir mənzərə yarandı: 11 seriyanı tərifləyənlər 12-ci
seriyadan sonra linçləməyə başladılar. Müşahidələrin nə deyir və sonuncu
seriyadan sonra səndə hansı təəssüratlar yarandı?

– Sənətçilər də, adi tamaşaçılar da baxdığımız filmlərin, serialların sonunu
bir formada təsəvvür edirik. Uydururuq, kosmik dərəcədə şişirdirik. Çünki
təxəyyülümüzü işə salırıq. Hansısa yaradıcı insanın təxəyyülü ilə qarşılaşanda
məyus oluruq. Açığı deyim, məndə də o hiss yaranmışdı.

Mənim əsl üzüm məhz 12-ci seriyada açılırdı. Çox həyəcanlı idim. Seriala
baxanda tamamən qatilin kimliyini unutmuşdum və özüm də qatili axtarırdım.
Bəzən Namazın, bəzən Kamranın üzərinə atırdım. Hərçənd kimliyini bilirdim…

Sosial şəbəkədən yazan kim, zəng edən kim… Hamı maraqlanırdı. Evdə də
soruşurdular, demirdim.

– Heç kimə deməmişdin?

– Bircə həyat yoldaşım Aliyə bilirdi. Çünki ssenarini əvvəldən onunla müzakirə
etmişdik.

“Buna sənət kimi yanaşmalıyıq”

– Əli, öpüşmə səhnəsi çox müzakirə olundu. Təndiqlərə Şəhanə Rzayeva çox cəsur
cavab vermişdi və səninlə tərəf müqabili olmağı yüksək qiymətləndirmişdi.

– Şəhanəni həqiqətən alqışlayıram. Bu səhnənin bizim cəmiyyətdə birmənalı
qarşılanmayacağına əmin idi. Mənə görə Azərbaycan aktrisası üçün o cür addım
atmaq çox dəyərlidir. Çəkilişlər zamanı Şəhanə hələ tələbə idi. Özü ilə də
söhbət etdim, dedi, nə yaxşı ki, sən bu işdə olmusan və bunu aşmaqda mənə
yardımçı oldun.

Ona da dedim və indi də deyirəm, buna sənət kimi yanaşmaq lazımdır. Biz bunu
işin yaxşı olmağı naminə edirik.

– Bu məsələ müzakirə olunan zaman Gülşad Baxşıyevanın mətbuatda fikirlərinə
rast gəldim və mənə həddən artıq qəribə gəldi. Deyir, o səhnəyə çəkilən
aktyorlar obrazdan çıxıblar və özləri kimi öpüşüblər. Əgər sabah onlardan hər
hansı biri desə ki, mən obraz kimi öpüşmüşəm, onun səmimiyyətinə heç vaxt
inanmaram. Əli, açığı, bu fikirlər məni üzdü. Burada məgər aktyor texnikası rol
oynamır?

– Bu, məhz aktyor texnikasıdır. Mən düşünürəm ki, artist əgər texnikanı
bilmirsə, ümumiyyətlə, artist deyil. İstər səhnə adamı, istər musiqiçi, istər
aktyor olsun. Texnikanı bilmirsənsə, sən sənətçi deyilsən, sadəcə, yaradıcı
insansan. Yaradıcılıq işə qədərdir, ondan sonra texnika başlayır. Əlbəttə, biz
texniki icra edirik. İncəsənət də məhz budur.

Məsələn, adam fiquru düzəldirsən, sonra sıra onun qaşlarını, gözlərini
incəliklə işləməyə gəlir. Bu xırdalıqlar artıq texnika tələb edir.

Bəxtiyar Xanızadənin bir sözü var, deyir, gözəl qadın təsəvvür edə bilərsən,
amma əgər texnikan yoxdursa, onu çəkə bilməyəcəksən. Texnikanı düzgün yerinə
yetirirsənsə və təbiiliyi tamaşaçıya ötürə bilirsənsə, orda başqa söhbət ola
bilməz.

“Bu cür düşünməyimin səbəbkarlarından biri odur”

– Bir var tanımadığın insanların – cəmiyyətin iradı, bir də var yaxınlarının,
sevdiklərinin iradı, nəyisə qəbul etməməyi. Bunu özündə aşa bilmisənmi?

– Çətinliklə rastlaşmamışam. Çünki təməl olaraq dəstək görmüşəm. Aliyə ilə
evlilikdən öncəki və indiki dostluğumuz bu məqamda çox kömək olur. Bu dostluğun
qarşılığı bir-birimizi sənətdə anlamağımız, bir-birimizi sənətin içində olan
bir insan kimi qəbul etməyimizdir.

– Əli, Aliyə (söhbət teatr tənqidçisi Aliyə Dadaşovadan gedir – red.)
dəryadır, incidir. Onun düşüncəsi və məsələlərə yanaşma tərzi çox fərqlidir.

– Nərmin, Aliyə mənə düşüncə və intellektuallıq tərəfdən çox kömək olur. Onu
özümdən qat-qat intellektual hesab edirəm. Bəlkə bu gün bu cür düşünməyimin
səbəbkarlarından biri də Aliyədir.

– Uzun illər Pantomima Teatrında çalışdın. Sonra “Reburs” adlı müstəqil
teatrda fəaliyyətini davam etdirdin. Ötən mövsüm Pantomima Teatrında “Şinel”
tamaşası ilə qarşımıza çıxdın. Öncə soruşum, “Reburs” fəaliyyətini davam
etdirirmi?

– “Reburs”da bir neçə tamaşalar hazırlandı, çox yaxşı da qarşılandı. Amma
təəssüf ki, biz onu işlədə, bilet satışını, prodüser işini həyata keçirə
bilmədik. Ona görə də fəaliyyətini dayandırmalı olduq.

Düz deyirsən, mən bir neçə il Pantomima Teatrından uzaq düşdüm. Hiss etdim ki,
aktyor əgər teatrda fəaliyyət göstərmirsə, özündən enerji xərcləyir. Və daha da
geri gedir.

O baxımdan hazırda doğma teatrımdayam. Yeni qurulan tamaşalarda oynayıram. Mən
oradan çıxmışam, oradan güc almışam, nə öyrənmişəmsə, nə qazanmışamsa o teatrın
sayəsində olub. Ora evim kimi gedirəm. Və mən orada olmaya bilmirəm.

– Azərbaycanda müstəqil teatrlar özünü formalaşdıra bilirmi?

– Müstəqil teatrların olması çox yaxşıdır. Biz bununla inkişaf edə bilərik.
Vaxtilə Pantomima, Yuğ, Kamera teatrı studiya kimi formalaşmışdı. İndi müstəqil
teatrların fəaliyyəti gələcəkdə o cür teatrların sıraya qatılmasını
şərtləndirir.

Ona görə indiki şərtlərlə müstəqil teatrların olması alqışa layiqdir.

“Serial bitəndən sonra anladım ki, səbəb bu imiş”

– Əli, Elnurdan sonra səni hansı obrazda görəcəyik?

– Hələlik konkret bir söz demək çətindir. Amma “Əqrəb mövsümü”nün finalından
sonrakı gün içimdə bir boşluq yarandı. Serialın finalından sonra Elnuru içimdə
bitirdim, vidalaşdım.

Bunu bir dəfə “Hamlet” tamaşasında da hiss etmişdim. Obrazın acısını,
nisgilini, depressiyasını həyatıma daşımışdım. Elnur da onun kimi oldu. Təəssüf
edirəm ki, “Əqrəb mövsümü” uzun müddət efirə getmədi. O müddətdə də mən çox
aqressiv olmuşdum, bunu hiss edirdim. Səbəbini bilmirdim və ümumiyyətlə bu
barədə düşünmürdüm. Amma serial bitəndən sonra anladım ki, səbəb məhz bu idi.
Bunu izah etmək çox çətindir.

“Əqrəb mövsümü”ndən həm yaradıcı baxımdan, həm də tamaşaçı kimi böyük zövq
aldım. Sevinirəm ki, bu cür kollektivlə işlədim: Emil, Azər, Hikmət, Abbas
Qəhrəmanov, Güşvər xanım, Şəhanə və digərləri. Hər birini öpüb bağrıma basıram.
Nə yaxşı ki, Azərbaycan sənətində belə yaradıcı və işə kömək olan insanlar var.

Source link