debdd111-7be4-4fed-9798-1763e2cc7833..jpg

“Əqrəb mövsümü”nün rejissoru 18+ səhnəsi haqda: “Hələ harasıdır…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 288 dəfə baxılıb.

“Əqrəb mövsümü”nün rejissoru 18+ səhnəsi haqda: “Hələ harasıdır…” – MÜSAHİBƏ

“Məni hisslərim idarə edir. Hiss gəlir və ona uyğun hərəkət edirəm, alınır.
Biz özümüzü aldatmaqla deyil. Əgər gözümdə eynək olmasaydı, indi burda sizə
müsahibə verə bilməzdim”.

Bu sözləri Teleqraf.com-a müsahibəsi zamanı “Əqrəb mövsümü”, “Körpü” bədii
seriallarının, “Pərdə” trilogiyasının rejissoru Emil Quliyev deyib.

Onunla müsahibəni təqdim edirik.

– Emil bəy, əvvəlcə bir məsələyə münasibət bildirməyinizi istərdik. Niyə
müsahibə vermirsiniz?

– Mən kinoda yenicə addımlamağa başlayanda tanınmağımdan ötrü filmlərim barədə
kiminsə yazmasına, dəstək verməsinə ehtiyac duyurdum. Filmləri özüm üçün yox,
Azərbaycan kinosu üçün çəkirdim. Jurnalistlər də ya yox deyirdilər, ya da pul
istəyirdilər.

Bu da mənim xətrimə dəyirdi. Onların hamısını yadda saxlamışam. Kinli deyiləm,
amma unutmuram. Çox az sayda redaksiyalar təmənnasız yazı verirdilər, onların
hamısına təşəkkür edirəm.

Digər tərəfdən, müsahibə verəndə qarşı tərəfdən enerji alıram. Sizi tanımıram,
amma hiss etdim ki, sizdən gələn enerji pozitivdir.

– Sizi geniş auditoriyaya “Əqrəb mövsümü” tanıtdı. Belə bir fikir
söyləmisiniz, seriala keçid edəndən sonra daha film çəkməyəcəksiniz. Serial bu
və digər mənada sizin üçün nəyi dəyişdi?

– Bu yaxınlarda “Pərdəarxası: Mən burda tək olmuşam” filmini təqdim etdik. Bu
günə qədər filmə baxanların sayı 759-dur. Biabırçılıqdır. Mən daha film çəkmək
istəmirəm. Niyə çəkim axı?

– Ona qədər niyə çəkirdiniz?

– Ümidlə çəkirdim ki, alınacaq, düzələcək…

– Bəs “Əqrəb mövsümü” ilə kifayət qədər tanınan rejissorun son filminin
kinoteatrda uğur qazanmamasını nəyə bağlayırsınız?

– Bilmirəm. Onu bilirəm ki, film üçün təqdimat keçirdik. Bu ona görə idi ki,
tanınmış adamlar, jurnalistlər gəlsin, filmə baxıb, yazsınlar, paylaşsınlar.
Onların dostluğunda olan insanlar da həmin paylaşımları görüb, filmə bilet
alıb, baxsınlar. Beləcə yayılsın.

Deyim ki, pis filmdir, xeyr. Dramaturji, texniki cəhətdən, aktyor oyunu
baxımından yaxşıdır, amma niyə baxılmır? Təqdimata gələn insanlardan çox az
qismi film barədə nəsə yazdı. Şikayətçi olmayım, neyləyim? Kinoteatrlara film
çıxaran iki-üç nəfərdən biri də mənəm.

Əgər bu adamları dəstəkləmirlərsə, necə inkişaf etmək olar? O zaman sual
verirəm: mən niyə film çəkim? Bu səbəbdən daha çəkmək istəmirəm. Ən salamatı
serial çəkməkdir. İctimai Televiziya sifariş verir, çəkirik, efirində də
nümayiş olunur, tamaşaçılar baxır, bəyənir, fikirlərini hər yerdə yazırlar. Bu,
mənə bəs edir. Azərbaycanda mənim çəkdiyim filmlər heç kimə lazım deyil.

– Çox pessimist danışırsınız…

– Vallah, gedib Spilberqi, Tarantinonu gətirsəniz də yenə baxmayacaqlar. Bəlkə
adlarına görə baxarlar… Amma inanın, onlar burda yaşaya-yaşaya film
çəksəydilər, heç kim ona baxmayacaqdı.

Bəlkə deyəcəklər, filminizi yaxşı reklam etmədiniz. Amma daha nə edə bilərdik?
Mənə görə piarı yaxşı oldu.

– Yaradıcılığa qısametrajlı filmlərlə başlamış, hər kəsin komediya çəkdiyi
dönəmdə dram janrında filmlər çəkib, kinoteatrlara çıxaran bir rejissor olaraq
siz gənclərin ümid yerisiniz. Haqqınızda deyirlər ki, o, heç nəyi olmadan
çalışır, prodüser tapır, film çəkir…

– Prodüser tapmır… Öz dostlarından pul tapır. Axı bunun sonu olmalıdır. O
mənə verəcəyi pulu öz ailəsinə xərcləyə bilərdi. Mən son filmdə 120-130 min pul
batırdım. Soruşuram niyə?

– Amma Emil Quliyevin adı tanınır…

– Görün də… İmkanlı dostlarımdan pul alıb film çəkmişəm və fikirləşmişəm ki,
pulu çıxacaram. Amma alınmayıb. İndi qazanan mənəm, dostlar deyil. Çünki
hazırda kanal üçün çalışıram.

– İctimai Televiziyaya gəlişiniz necə oldu?

– Balaş müəllim (Balaş Qasımov – red.) sənətə, yaxşı işə qiymət verən
insandır. O başa düşür ki, qarşısındakı insanın qabında nə var və çəkdiyi
filmlər necədir… Özü də dünyagörmüş adamdır, filmlərimə baxıb.

Son filmimin təqdimatında da iştirak etdi. Həmçinin filmin treylerini pulsuz,
təmənnasız efirində yayımladı. Halbuki bu, böyük maliyyə tələb edir.

– Amma film də keyfiyyətlidir…

– Bilirsiniz niyə keyfiyyətli alınıb? Çünki onun başında duran adam peşəkar
prodüserdir. Çünki o müdaxilə etmirdi. Bu, çox vacib amildir. Əksər prodüserlər
hesab edirlər ki, müdaxilə edəndə iş yaxşı alınır, çünki hamı özünü
qarşısındakından daha ağıllı hesab edir. Balaş müəllimsə heç nəyə müdaxilə
etməməklə bu cür nəticənin alınmasına səbəb oldu.

Gedin müdaxilə edənlərə baxın… Onların çəkdiyi filmləri, serialları da
görmüşük, ortada bir şey yoxdur.

– Demisiniz ki, “Sonuncu pərdə” “Əqrəb mövsümü”ndən daha uğurludur…

– Yox, “Körpü”nü nəzərdə tutub demişəm. “Sonuncu pərdə” trilogiyanın digər iki
filmindən texniki, peşəkar yanaşma, bədii cəhətdən daha üstündür. Çünki artıq
püxtələşmişdik. Geridə iki dram, iki komediya çəkmişdim, o baxımdan həm özüm,
həm komanda olaraq daha təcrübəliydik.

“Körpü” isə serial olaraq həm texniki, həm vizual, həm musiqi tərtibatı
baxımından daha gözəl görünür. “Əqrəb mövsümü”nü də elə çəkmək olardı, sadəcə
orda komandanın bəzi vacib üzvləri gənc idilər.

Mən ümumiyyətlə debütantlarla işləyirəm. Debütantlar öz bildikləri kimi etmək
istəyirlər və buna görə aramızda mübahisələr olur. Bunun nəticəsində mən hər
dəfə istədiyim keyfiyyəti ala bilmirəm. Birlikdə bir neçə film işləyəndə
bir-birimizə yaxşı bələd oluruq, bu da işə müsbət təsir göstərir.

– “Əqrəb mövsümü”nün uğurunun sirri nədədir?

– Onun sirrini bilsəydim, bütün işlərimi elə çəkərdim…

– Amma müəyyən nəticələr çıxarmaq mümkündürmü? Bildiyimiz qədər “Əqrəb
mövsümü” “Körpü”dən əvvəl çəkilib. Amma ilk olaraq “Körpü” yayımlandı və siz
ondan sonra “Əqrəb mövsümü”nü yenidən montaj edib, efirə verdiniz. Uğurun bir
səbəbi də bu ola bilər…

– “Körpü” bizim ilk ayaqaçdımız oldu. Efirdə yayımlanandan sonra
əyər-əskikləri görə, tamaşaçı reaksiyasını hiss edə bildik. Ona görə efirə bir
ay qalmış “Əqrəb mövsümü”ndə çox şeyi dəyişdik.

– Nəyi dəyişdiniz?

– Hər şeyi.

– Əlavə çəkiliş etdinizmi?

– Yox, etmədik. Strukturu, musiqi tərtibatını dəyişdik, bəzi səhnələri
çıxarıb, bəzilərini əlavə etdik.

– Filmin hansı mərhələsi sizin üçün daha vacibdir?

– Hər üç mərhələ. Ssenari mənə təqdim olunanda beynimdə canlanır, çəkiliş
zamanı başqa bir film, montajda isə tamam başqa bir film ərsəyə gəlir. Nəticə
etibarı ilə film montajda həll olunur, amma hər üç mərhələ vacibdir.

– Azər Aydəmir və Hikmət Rəhimov tandemi uğur qazandı. Başqalarını
çəksəydiniz, belə nəticə olardımı?

– Əgər peşəkar aktyorlar olsaydılar, bəli. Burda söhbət obraza uyğun gəlməkdən
gedir. Kastinq də məhz bunun üçündür.

– Onda sualı belə verək: həmin iki rola başqa aktyorları düşünmüşdünüzmü?

– Yox. Azər ssenarini yazanda fikrində özünü və Hikməti tutmuşdu. Mən də
oxuyanda başa düşdüm ki, dəyişməyə ehtiyac yoxdur. Amma geriyə qayıdıb yenidən
çəksəydik, başqa aktyorlar da oynaya bilərdi, lakin bu qədər effekti olmazdı.

– Üçüncü işbirliyi gələ bilərmi?

– Gələr. Gələcək də… “Əqrəb mövsümü”nün davamı çəkiləcək.

– Azər Aydəmir deyir ki, serial davam edən zaman telefonlarını söndürürmüş.
Siz necə?

– Çox yazırdılar, zəng edirdilər. Sosial şəbəkələrə girmək mümkün deyildi. Mən
başa düşürdüm ki, çoxu emosional təsirdən yazır.

– Yəqin ən çox qatilin kimliyi ilə maraqlanırdılar…

– Bəli, bunun üçün hətta pul da təklif edirdilər.

– Serialda mövzu və hadisələr çox fərqlidi. Bacı-qardaş münasibəti, öpüşmə
səhnəsi… Tənqiddən çəkinirdinizmi?

– Mən niyə tənqiddən çəkinim? Ssenarini Azər Aydəmir yazıb (gülür)… Mən başa
düşürdüm ki, cəmiyyət tərəfindən qəbul olunmaya bilər. Amma çox ciddi tənqidlə
qarşılaşmadıq.

– Deyirlər ki, sizin qəribə auranız, enerjiniz var. Deyilənə görə, aktyorlarla
qaranlıqda məşq edirsiniz, çəkiliş zamanı möcüzəvi hadisələr olur. Birinci
seriyadakı toy səhnəsi gerçək imiş, yaxud pişiyin gəlişi…

– Bilirsiniz, mən ona inanıram deyə baş verir.

– Əlinizdə tutduğunuz talismanınızdır?

– Yox, bunu mənə səhər verdilər, hələ də düzəldə bilmirəm (gülür)… Möcüzələr
çox olub. Demək olar ki, bütün filmlərimdə çəkiliş meydançasına heyvan gəlib:
pişik, it, quş… Təsəvvür edin, “Körpü” serialında bizə maraqlı, vahiməli
məkan lazım idi. Sabunçudakı 68 nömrəli məktəbi seçdik. Köhnə məktəb idi, amma
onu vahiməli hala gətirmək üçün kifayət qədər dekorasiya qurmalıydıq. Bu da pul
deməkdir, pul da yoxdur.

Uşaqlarla ofisə gəldik, nə edəcəyimizi fikirləşməyə başladıq. İki gündən sonra
məktəb yandı. İkinci mərtəbəsi elə vəziyyətə düşdü ki, əsl vahiməlik səhnə idi.
Birinci mərtəbə yaxşı qalmışdı, lazım olan bəzi səhnələri orda çəkib, vahiməli
görüntü üçün yanğın olan ikinci mərtəbəyə qalxdıq.

– “Mən orda tək olmuşam” filmində inanclara toxunmusunuz. Ümumiyyətlə, orda
qadının o formada hamilə qalması çox təəccüblüydü. Bu, çox yayılmış hadisədirmi?

– Hadisənin olub-olmadığını dəqiq bilmirəm. Amma bunu mənə danışanda çox
bəyəndim və düşündüm ki, yaxşı dramaturji hadisə var və bundan gözəl bir hekayə
çıxa bilər.

– Sizin filmləri və ordakı sərt ifadə tərzini müasir rus filmlərinə
bənzədirlər. Daha çox “Axmaq”, “Zavod” filmlərinin rejissoru Yuri Bıkova. O
filmlərə baxmısınızmı?

– Bəli. Mənim rejissorum məhz Yuri Bıkovdur. Mən ondan təsirlənmişəm. “Pərdə”
struktur olaraq “Axmaq”dır. O filmdə qəhrəman hadisə ilə üzləşdi, dedi ki, mən
sistemi qıracam. Getdi, hər yeri gəzdi, axırı nə oldu? Sistem onu qırdı.

Bizdə də eyni şey oldu. Zaur dedi ki, bacım istədiyinə qovuşsun, bunun üçün nə
lazımdırsa, edəcəm, amma sonda sistem onu qırdı. Mən “Axmağ”a baxandan sonra
dedim ki, nəsə çəkmək lazımdır. Zaur rolunu oynayan Turalı (Tural Əhməd – red.)
çağırdım. Üç-dörd günə ssenarini yazdıq və çəkdik.

– Filmlərinizə baxandan sonra insanı natamamlıq hissi bürüyür və artıq
düşünmək olar ki, siz tamaşaçını bununla cəlb edirsiniz. “Mən burda tək
olmuşam”da hamı qəhrəmanın sonu ilə maraqlandı. O qədər insanı öldürən biri evə
gəlir, duş qəbul edib yatağa girir, film bitir…

– Gəlin sizə onun sonluğunu danışım. Ötən həftələrdə şəhərin mərkəzində üç
nəfəri güllələdilər, həmin an onları tutdularmı? Buna müəyyən vaxt lazımdır.
Hikmət (filmdə baş qəhrəmanı oynayan Hikmət Rəhimov – red.) rayonda gecə vaxtı
göz-gözü görməyən yerdə üç-beş nəfəri öldürüb, Bakıya çatıb evinə gəlib, çimib,
yatağa girib. Bəlkə ekranda titr gedəndə polislər qapını döyürmüş. Mən niyə o
kadrı verim?

Ondan sonra həbsxanada həyatını, onun həyata reabilitasiyasını, övladlarını
qəbul etməsini, qocalığını, ölümünü, sonra da oğlunun gəlib qəbirüstündə
ağlamasını da göstərim? Buna nə ehtiyac var? Hər şey hardasa bitməlidir.

– Axı, öyrəşmişik ki, bir filmin məntiqi sonluğu olur. İndiki halda tamaşaçı
“Emil Quliyev nə demək istəyir?” kimi böyük sualla üz-üzə qalır…

– Sonluğu göstərsəydik, maraqlı olmayacaqdı, siz də bura gəlməyəcəkdiniz.
“Körpü”də bitib, niyə baxmamısınız? İnanın ki, “Körpü” “Əqrəb mövsümü”ndən də
yaxşıdır. Yeganə hekayədir ki, sona qədər çatıb və heç kim də baxmır. Daha
doğrusu, baxırlar və onlar mən dediyim təəssüratla ayrılırlar.

Mən düşünürəm ki, “Körpü”də bitmiş hekayə, siz istədiyiniz sonluq var. Orda
hər şey yaxşıdır. Sadəcə hekayə kimisə cəlb edə bilər, kimisə yox. “Əqrəb
mövsümü”nü “Körpü”nün qəlibində çəksəydim çox əla serial olardı.

– Sizin bütün filmlərinizdə 18+ səhnələri var. Yaradılığınızda cəsarətli və
azadsınız…

– 18+ səhnələr hələ qabaqdadır (gülür).

– “Əqrəb mövsümü”ndə Elnur obrazını canlandıran aktyor Əli Əlizadə bizimlə
söhbətində dedi ki, çoxseriyalı bədii filmin final səhnəsi çətin çəkilib. Siz
iki saat düşünmüsünüz.

– Bəli, elədir. “Əqrəb mövsümü”nün final səhnəsini necə çəkəcəyimi bilmirdim.
Ümumiyyətlə, belə işləyirəm.

– Bütün səhnələri ekspromt çəkirsiniz?

– Bəli, bütün ekran əsərlərimi… Bütün səhnələri yerində fikirləşirəm. Çəkiliş
meydançasına gəlirəm, mətnə baxıram, qatlayıb kənara qoyuram. Oturub səhnəni
necə çəkəcəyimi fikirləşirəm. Siz çəkiliş meydançasına gəlib görsəniz ki, orda
nə baş verir, deyərsiniz ki, bu adam peşəkar deyil, buna necə iş verirlər…

– Həmişə ekspromt işləmək çətin deyilmi?

– Bəli, film çəkilişləri zamanı ekspromt çəkmək ola bilməz. Amma mən çəkilişə
gələndə mətnə baxıb, deyirəm ki, bunu çəkməyəcəyik, uşaqlar dəli olurlar.
Rekvizitlər, dekorasiya, hər şey puldur. Amma mən hər şeyi dəyişə də bilirəm.
Deyirəm, mənim pulumdan çıxar, oturub fikirləşirəm.

– Təxmini nə qədər fikirləşirsiniz?

– Bir-iki saat… Onu da deyim ki, üç saat çəkən vaxt da olub. Bu məndən asılı
olmayan bir haldır.

– Axı, siz peşəkarsınız…

– Elə bilirsiniz ki, peşəkaram. Bu, peşəkarlıq deyil. Bilmirəm nədir, amma
nədirsə, bu prosesi o idarə edir. Mən çəkiliş meydançasına gəlirəm və oturub
fikirləşirəm. Fikirləşəndən sonra bir-iki dubla çəkirəm.

“Əqrəb mövsümü”ndə ən uzun toy səhnəsi idi. O hissəni də operatorla mübahisə
edərək çəkdik.

– Yaradıcı insanlar “kapriz”li olurlar. Siz də “kapriz”li insansınız. Siz
gəlmədən öncə iş otağınızda işçiləriniz işıqları belə söndürüb, divar lampasını
yandırdılar.

– Bu, “kapriz” deyil, sadəcə işıq gözümə düşür. Hesab edirəm ki, işıq yuxarıda
deyil, aşağıda olmalıdır.

– Aktyorların “kapriz”lərini necə, qəbul edirsiniz?

– Normal qarşılayıram.

– “Əqrəb mövsümü” və “Pərdəarxası, mən burada tək olmuşam” filminin baş
qəhrəmanlarından Hikmət Rəhimov, yoxsa Azər Aydəmir daha “kapriz”lidir?

– Ümumiyyətlə, aktyorların hamısı “kapriz”lidir. Bu, normal haldır.

– Azər Aydəmiri, yoxsa Hikmət Rəhimovu daha uğurlu aktyor hesab edirsiniz?

– Hər ikisini uğurlu aktyor hesab edirəm. Mənimlə işləyən bütün aktyorlar
uğurludurlar. Mən filmlərimə uğursuz adamları çəkmirəm. Hamısının bir enerjisi
var. Amma hər birinin “kapriz”i var və çəkilişləri mübahisə edə-edə çəkirik.

– Təcrübəsi olan yaşlı aktyorlar qarşılarında cavan rejissor görəndə çox zaman
onları sınaqdan çıxarmaq istəyirlər. Rejissorla razılaşmırlar, dediklərinin
həyata keçməsini istəyirlər. Siz də bu vəziyyətlə qarşılaşmısınız?

– O qədər… Məsələn, aktyor Abbas Qəhrəmanov… Onun dəhşət xarakteri var.
Əslində, bu müsbət cəhətdir. Abbas müəllimlə “Əqrəb mövsümü”nün qaraj
səhnəsində mübahisə elədik. Çəkilişdə dedi ki, bu səhnə belədir, sən səhvsən.
Cavab verdim ki, yaxşı, mən səhvəm, gəlin sizin təkliflə çəkək. Çəkdik və sonra
dedim ki, indi mənim variantımı çəkək.

Çəkiliş bitdikdən sonra dedim ki, seçin. Səhnəyə baxdı və dedi ki, sənin
variantın düzdür, yaxud əksinə… Hər şey mübahisələrin nəticəsində yaranır.
Bütün aktyorlarımız yaxşıdır, sadəcə onlara qiymət verilmir. Aktyora şərait
yaradılmalıdır, onlar davamlı ekran əsərlərinə çəkilməlidirlər. Tək mənimlə iş
olmaz.

– “Əqrəb mövsümü” serial sahəsinə təkan verəcəkmi?

– Düşünürəm ki, bu sahəyə təkanı olmayacaq. Hər şey İctimai Televiziyanın
ətrafında fırlanır. Bu kanal olmasaydı, kim mənə belə azadlıq verərdi? Heç kim!
Bu kanal olmasa biz yenidən çabalayacağıq.

– Türkiyədən iş təklifi olsa, dəyərləndirərsiniz?

– Türkiyə ilə Azərbaycanın ortaq layihəsində işləyərəm. Niyə Türkiyədə
çalışım? Orda mənim kimi o qədər rejissor var ki… Bəs, bizim kino sahəsində
kim işləsin? Hamımız getsək, öz kinomuzu kim inkişaf etdirəcək?

Mən adi insanam, öz ölkəm üçün çalışıram. Demirəm ki, burda mənim kimilər
azdır. Ümumiyyətlə, kino sektorunda çalışanlar azdır. Mən gedim, o getsin,
burada kim qalacaq? Mən filmlərimi heç vaxt festivallara göndərməmişəm.

– Festivala göndərdiyiniz filminiz var…

– Qısametrajlı filmləri nəzərdə tutursunuz? O vaxt qısametrajlı filmlər
çəkirdik. Əziyyətimiz var idi, uşaqlar da deyirdilər ki, gəlin festivallara
göndərək. O formada filmlər festivallara göndərmişik və əliboş qayıtmışıq.
Festival siyasiləşmiş arenadır. Ona görə də festivallara qatılmaq istəmirəm.

– Festivallarda filmlərin seçilməsi baxımından siyasi istiqamət olsa da böyük
mədəni yönü də var.

– Festivala film göndərməkdə məqsədim nədir? Məni harasa dəvət etsinlər və
orada da istifadə etsinlər. Dəvət edəcəklər, filmin adı çəkiləcək, qonorarım
artacaq və sair. İstəmirəm… Burdakı uğur mənə bəs edir. Mənim xoşbəxtliyim üçün
çox şey lazım deyil.

– Festivalda sizin çəkdiyiniz film Azərbaycan məhsulu kimi təqdim olunur. Siz
də Azərbaycan kinosu üçün çalışırsınız. Bu da çalışmağın bir yönü deyilmi?

– Əlbəttə, sizinlə razıyam. Film ölkəmin məhsulu olsun, burda çəkilsin və
təqdim olunsun.

– Dünyada ən məşhur rejissorları festivallar vasitəsilə tanımışıq.

– Fikrinizlə razıyam, qəbul edin ki, o iş mənim yox, prodüserin işidir.
Mənimsə prodüserim yoxdur. O işlə məşğul olsam filmlərimi kim çəkəcək?

– Ekran əsərlərinizin çoxu müəllif filmləridir. Ön planda sizsiniz və
festivallarda da əsas meyar budur.

– Bu işlə məşğul olmaq üçün prodüser lazımdır. Yuxarıda qeyd etdiyim kimi
mənim prodüserim yoxdur…

– “İkinci pərdə” filminin uğurlu kassa toplaya bilməməsinə görə ekran əsərinin
prodüseri Orxan Mərdanla işbirliyinizi sonlandırdınız?

– Xeyr. Sadəcə iş belə alındı. Orxan Mərdanla indiyə qədər dostluğumuz davam
edir. Həftədə bir dəfə zəngləşirik, tez-tez görüşürük. Sadəcə işbirliyi
alınmadı. Mən sərbəst olmağı sevirəm, istəmirəm ki, başımın üzərində prodüser
olsun.

Balaş Qasımov isə elə bir yaradıcı insandır, hiss etmirsən ki, elə bir
prodüserin var. Doğurdan da bu belədir.

– Balaş Qasımovun dövlət maliyyəsi var və onu lazimi, keyfiyyətli işlərə sərf
edir. Bu da hər adamın işi deyil. Orxan Mərdan öz gücü ilə ayaqdadır. Bu mənada
onun narahatlığını anlamaq olar…

– Orxan Mərdan qazanmaq istəyir və bu, çox normaldır. Çünki dövlət maliyyəsi
yoxdur. O istəyir ki, çəkdiyi film gəlir gətirsin. Orxan hazırda Taleh
Yüzbəyovla işləyir. Başa düşür ki, Taleh Yüzbəyovun ən azından gəliri var. Niyə
Talehi qoyub mənimlə işləsin? Mənim filmlərin faktiki olaraq gəlir gətirmir.
Orxan Mərdanın bu addımını alqışla qarşılayıram.

– Heç bir filminizdən gəlir əldə etməmisiniz?

– Heç bir filmimdən gəlir əldə etməmişəm. Sadəcə işimi sevirəm. 10-12 ildir
kino sahəsində çalışıram, amma filmlərimdən gəlirim olmayıb. Bu, normal hal
deyil, başa düşürəm.

Hazırda “Körpü”nün davamını çəkirik. Hazırlıq işləri gedir. Buna görə mənə
qonorar veriblər. O qonorarı isə indi oturduğumuz və yandakı digər otaqların
təmirinə xərclədim. Çünki insanlar normal stulda əyləşsinlər, iş otağımız isti
olsun, bura çox soyuq idi. Çalışıram elə edim ki, insanlar normal ab-havada
çalışsınlar.

– “Körpü” teleserialında qəhrəman dəyişəcəkmi?

– Baş qəhrəman Nofəl Şahlaroğludur.

– Serial sektorunu hamı təndiq edir. Siz bu sahəni necə dəyərləndirirsiniz?
Vəziyyət nə zaman düzələcək?

– Bu sahənin düzəlməsi üçün yaxşı maliyyə, prodüser və inam lazımdır. Çox
peşəkar insanlar kənarda qalıblar. Onlara heç kim iş vermir, verməyəcəklər də.
Çünki onların gördükləri işlər jurnalist araşdırması olmadığına görə kənarda
diqqətsiz qalır. O qədər peşəkar rejissorlar tanımışam ki… Mən təklif edəndə
onlarla işləmək istəmədiklərini deyirlər, risk etmirlər. Halbuki risk bizim
sahəyə hava və su qədər lazımdır. Cəsarətli olmaq gərəkdir.

Mənim fərqliliyim odur ki, bu günə qədərki filmlərim öz tapdığım maliyyə
hesabına çəkilb. Ona görə də rahat idim, film uğursuz olsa da heç kim mənə bir
söz deməyəcək.

– Uğurunuzun sirri azad yaradıcı insan olmağınızdır?

– Bəli, azad olmağımdır.

– Sizi hissləriniz, yoxsa məntiqiniz idarə edir?

– Məni hisslərim idarə edir. Hiss gəlir və ona uyğun hərəkət edirəm, alınır.
Biz özümüzü aldatmaqla deyil. Əgər gözümdə eynək olmasaydı, indi burda sizə
müsahibə verə bilməzdim. Çəkilişdə də beləyəm. Çünki insanlardan enerji alıram.

Elə insan var ki, heç enerji almır, yaxud az enerji alır. Amma mən çəkilişə
gələn kimi hamıdan enerji alıram. Hətta gecə də eynək taxdığım anlar olub. Qara
eynəklə işləyəndə göz kontaktım olmur və o baxımdan evə də normal halda
gəlirəm. Eynəksiz işləyəndə isə evə gedəcək halım olmur.

– İnsanlara enerjinizlə təsir edə bilirsiniz?

– İnsanlara təsir edə bilməsəydim aktyorlarla işləyə bilməzdim. Elə bilirlər
ki, filmdir, kadrlar dəyişib və bu qədər. Elə deyil. Savadsız ola bilərsən,
için boş ola bilər, amma filmdəki enerjini hiss etməlisən. “Pərdə” filmi çox
kiçik məbləğə çəkilib, amma içində o qədər enerji var…

– Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən sifariş
almısınızmı?

– Hələ yox. Amma sifariş mənə deyil, kanala olur. Kanal da istədiyi rejissoru
seçir.

– Qadınlarla bağlı trilogiyanız hansı mərhələdədir? Fikrinizdən dönməmisiniz
ki?

– Elə bir layihə var. Amma heç kim maliyyələşdirmir. Ailə və qadın problemləri
ilə məşğul olan quruma getdim, maliyyələşdirmədilər.

– Ailəlisinizmi?

– Bəli, ailəliyəm, iki övladım var.

– Ailəniz filmlərinizə necə münasibət göstərir?

– Həyat yoldaşım məni dəstəkləyir, uşaqlar yox.

– Həyat yoldaşınız da kino sahəsindəndir?

– Xeyr. O, məni kinoya gətirən adamdır. Həyat yoldaşım mənə təkan verib.

– Kinonun içində olmayan adama kino adamı ilə yaşamaq çətin deyil ki?

– Bəli, çətindir. Amma müdrik qadındır və başa düşür ki, bu olmasa hər şey
dağılar. O balaca hekayələri oxuyurdu, danışırdı, mən də ilhamlanıb ilk filmimi
-”Paradoks”u çəkdim.

– Həyat yoldaşınız hansı filminizi daha çox sevir?

– “Körpü” filmini. O da, mən də “Körpü”nü çox sevirik. Bu filmə indiyə qədər
də baxıram. Orda qəhrəmanlar sonda çıxıb gedirlər. Hiss edirəm ki, onlar
getməməlidirlər.

– Öz həyatınızdan film çəkmək istəyərsinizmi?

– Bütün çəkdiyim ekran əsərləri dolayısı ilə mənim həyatımdır. Hamısında bir
az varam.

– Həyatda necə bir insansınız? Adət-ənənəyə bağlısınız?

– Çox rahat insanam. Filmlərimdə göstərdiyim problemlərin hamısı vaxtilə məndə
vardı. Amma illər boyu onlardan uzaqlaşdım. Mübarizəm bu olub. İnsanlar
adət-ənənəni özlərini aldatmaq üçün fikirləşiblər.

– Kino sizi daha yaxşı insan edib?

– Filmlər olmasaydı, mən Razin “talkuçka”sında corab oğurlayardım. Uşaq
olarkən oğurlayırdım. Ehtiyacım yox idi, amma uşaq idik, bekarçılıqdan edirdik.

– Müsahibənizi hansı sözlə bitirmək istərdiniz?

– Onda gərək oturub gözləyək… Öz ruh halımı bilmirəm. Amma istərdim ki, bəzi
şeylər dəyişsin. Mənə elə gəlir, bizim ən böyük problemimiz olduğumuz kimi
görünməməyimizdədir. Biz olduğumuz kimi görünməyə çalışmırıq. Olmadığımız kimi
görünmək istəyirik. Ən böyük problemimiz budur. Bunlar olmasa hər şey düzələr.
Nə qədər yalan olar?

Demirəm ki, mükəmmələm, yalan danışmıram. Əgər sənin danışdığın yalan ətrafa
ziyan vermirsə, o böyük yalan deyil. Bəzi yalanlar var, faciələrə səbəb olur.

Niyə həyatımızı yalan üzərində quraq? Bəs, düzgün həyatı kim yaşayacaq? Əgər
hamımız yalan üzərində yaşayırıqsa… Nə isə… İstərdim, dəyişək.

Source link