Qahirədə Ərəb Liqası dövlətlərinin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilib.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, toplantıda ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi, həmçinin Fələstində baş verən qanlı hadisələr müzakirə olunub.
“ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüquq normalarına ziddir”,- deyə Səudiyyə Ərəbistanının XİN-i Adil əl-Cübeyr çıxışında bildirib.
Onun sözlərinə görə, diplomatik missiyanın Fələstin torpağına köçürülməsi ilə fələstinlilərin hüquqları kobudcasına pozulub.
Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt öz növbəsində Vaşinqtonun bu addımının İsrail dövlətinin fələstinlilərə qarşı zorakı tədbirlərini daha da alovlandıracağını vurğulayıb.
Ərəb Liqası lideri eyni zamanda İsrail hərbçilərinin Qəzza zolağında törətdiyi qətllərin beynəlxalq səviyyədə araşdırılmasını tələb edib.
Qeyd edək ki, fövqəladə iclas Fələstin başçısı Mahmud Abbasın vəsatəti əsasında keçirilib.