Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Elçin Məmmədovun Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, 2016-cı il noyabrın 5-də Qaradağ rayonun Ələt qəsəbəində Rasim Abıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Elçin Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.
Nəticədə “Nissan”da olan sərnişinlər – Birləşmiş Ərəb Əmirliyi vətəndaşları – 1975-ci il təvəllüdlü Suhail Saeed Rashed Saeed Almeqbal və onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Lamees Ziad Mahmoud Jbarah aldığı ağır xəsarətlərdən hadisə yerində keçiniblər.
İstintaqın gedişatında cinayət məsuliyyətinə taksi xidməti ilə məşğul olan Elçin Məmmədov cəlb edilib. Məlum olub ki, Azərbaycana səyahət edən xarici vətəndaşlar “Yanar dağ”ı görmək üçün 189 taksi xidmətinə müraciət ediblər, lakin yolda yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd edək ki, qəza zamanı E.Məmmədov, onun daha bir sərnişini, həmçinin “Mercedes” avtomobilinin bir sərnişini müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.ÇıxışYolu.Com