Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.
“Biz dində islahat aparmırıq. Bu, bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”, – deyən Ərdoğanın qeyd etdiyinə görə, Əl-Qaidə, İŞİD, Boko Haram kimi terror qrupları İslamı təhrif edirlər:
“Bəziləri sosial şəbəkələrdə mənə qarşı çıxışlar edirlər. Heç kimin İslamı təhrif etməyə haqqı yoxdur. Siz bu fəqiri (özünü nəzərdə tutur – red.) qorxuda bilməzsiniz. Mən İslamın haqqı olanı deyirəm.
Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir…İlahiyyatçılarımızın, mötəbər alimlərimizin isə ya səsləri çıxmır, ya da səsləri duyulmur. Ya da qorxurlar. Niyə qoxursan, qardaşım? Çıxacaqsan, gerçək nədirsə, onu da söyləyəcəksən…”
O, sonra Türkiyədə dini təhsilin vəziyyətinə toxunub və bildirib ki, Türkiyədə dini təhsilin, tədrisin sağlam təməl üzərində qurulmasına böyük ehtiyac var.
“Nazirliyimiz, Dəyanət İşləri Vəqfi dini təhsil sahəsində vaxtilə meydanı FETÖ kimi alçaqlara vermişdi. Bizə bundan yaxşı dərs ola bilərmi? FETÖ-nün ölkəmiz əleyhinə yönələn xain təcrübəsi bu sahədə yeni qayda-qanun yaratmaq baxımdan çox əhəmiyətlidir”, – deyə Ərdoğan sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com