Qərarlı bir şəkildə Afrində dayanmışıq. Asayış tam şəkildə bərqərar olana kimi orada qalacağıq. Sonra önümüzdə İdlib, Tel-Rifa, Münbiç var.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “İstanbul gənclər festivalında” çıxışında bildirib.
“Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları haqqında danışan Ərdoğan, bu əməliyyatların ilk növbədə Türkiyə ərazisinin terrorçu hücumlardan qorunması məqsədi daşıdığını diqqətə çatdırıb.
“Biz “Fərat qalxanı” əməliyyatını necə başladıq? Buna bizim gecikmiş müdaxilə hüququmuz var idi. Niyə görə məhz gecikmiş? Ona görə ki “Fərat qalxanı” əməliyyatı əslində “Zeytun budağı” adlanmalı idi.
Bu əməliyyat çox gecikmişdi, o daha əvvəl gerçəkləşdirilməli idi. Onu vaxtında həyata keçirsəydik Kilis bu qədər zərbələrə tuş gəlməzdi”, – deyə Ərdoğan vurğulayıb.