9b5596d2-ce31-4133-98b4-8ba412f5c08f..jpg

Ərdoğanın “Fransa akkordu”nun açması – TƏHLİL

Baxış sayı: 804 dəfə baxılıb.

Ərdoğanın “Fransa akkordu”nun açması – TƏHLİL

Fransanın Afrikadakı müstəmləkəçilik siyasəti 1960-cı illərin əvvəllərində
sona çatsa da, Paris keçmiş mülkləri üzərində təsirini davam etdirir.

Fransa həm öz maraqlarına xidmət etmək üçün, həm də keçmiş müstəmləkə
sənətkarlığı irsi ilə əlaqədar olaraq Frankofoniya Afrikasında hegemon mövqe
tutmağa və bu zolağı prestijli qala kimi saxlamağa cəhd edir.

Təbii ki, Fransa Afrikada inhisara malik deyil, onun kolonial irsi regionda
rəqabət mühitini şiddətləndirdiyindən qitədə Rusiya, ABŞ, Böyük Britaniya, Çin,
Türkiyə kimi oyunçuların da maraqları genişlənir.

Hərə öz məntiqi ilə regionda hakimlik kürsüsünə çıxmağı hədəfləyir, ümumi
planda isə bu, Fransa müstəmləkəçilik irsini tamamilə aradan qaldırmaq kimi bir
missiya formasında canlanır.

ABŞ, Böyük Britaniya və Türkiyə bu işdə hədsiz canfəşanlıq göstərən tərəf kimi
çıxış edə bilərlər və mümkündür ki, prosesdə Çinin də rolundan istifadə edilir.

Bu fikri ona görə səsləndiririk ki, Fransanın kolonial məntiqi qlobal arenada
zədələnir və Parisin xətlərini qıran ABŞ ilə Böyük Britaniya ikilisidir.

Bu mənada Afrikadan da Fransanın sıxışdırılıb çıxarılması qarşıda dayanan
məqsədlər seriyasıdır və Vaşinqtonla London gizli şəkildə digər dövlətləri öz
tərəflərinə çəkirlər.

ABŞ, Britaniya, Rusiya, Çin kimi aktorların son məqsədi, təbii ki, Afrikanı ağ
günə çıxarmaq deyil. Onlar, sadəcə olaraq, təbii sərvətlərin talanması
prosesində Fransanın pay almasına qarşıdırlar.

Bu, Fransanın hegemonluq iddialarının Afrika səhnəsindəki arzuları qarşısında
real maneələrdəndir.

Türkiyə də Fransaya qarşı qurulan beynəlxalq lövhəyə öz tezislərini yazmaqda
israrlıdır, çünki Paris Ankaranın maraqlarına meydan oxumaq tərzini tərgitmir.

Türkiyənin Afrikada maraqlarını böyütmək prinsipi istismar etmək,
çapıb-talamaq meyarlarına söykənmir. Türkiyənin Afrika regionu üzrə inşa edilən
siyasəti, əsasən, dördölçülü fazadadır. Ankara diplomatiya-siyasət,
iqtisadiyyat, mədəniyyət, təhsil alətləri ilə “qara qitə”dəki strateji
maraqlarını qoruyur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bilecik vilayətində gənclərlə görüşü
zamanı Fransanın Afrikadakı ekspansiya siyasətinə qarşı çıxış etməsi həmin fona
işıq tutur.

Ərdoğan çıxışında:

– Fransa Prezidenti Emmanuel Makronun dövlət başçısı postuna layiq olmadığını
göstərdi;

– Fransanın beynəlxalq arenada, o cümlədən Afrikada etibarını itirdiyini
söylədi.

Türkiyənin Afrika üzrə siyasəti tarixi əsaslara söykənir, amma Ankara bunu
müstəmləkəçiliyə, köləliyə qarşı mübarizə üsuluna çevirir.

Türkiyə seçdiyi formata görə Afrikada nüfuz qazanır.

Bunun əsas səbəbi:

Ankara başqa oyunçulardan fərqli olaraq diktaturalara maliyyə yardımlarını,
gizli silah tədarüklərini və bölücü siyasəti dəstəkləmir.

Bu baxımdan Türkiyə regionda iştirak edən və özlərini Afrikanın himayədarı
elan edən dövlətlərlə müqayisədə daha böyük hörmət qazanır. Bu vəziyyət
Afrikada Türkiyənin iqtisadi potensialına böyük faydalar gətirir.

Türkiyə Afrika qitəsində dinamik xarici siyasətini və tətbiq etdiyi çoxölçülü
alətləri Fransanın sıxışdırılması prosesinə töhfə kimi inkişaf etdirəcək.

Bu mənada Türkiyə Fransanın rəqibləri ilə əməkdaşlıq formatı qurmaqla Afrikada
öz izlərini getdikcə genişləndirəcək.

Rəcəb Tayyib Ərdoğanın çıxışındakı “Fransa akkordu” Türkiyənin dövlət
siyasətinin perspektivləri üçün yol xəritəsi olacaq.

Aqşin Kərimov

Source link