c42139cb-4e62-4bdd-b307-6ebe0d2f5684..jpg

Əri işdə olan qadını azyaşlı uşağının yanında zorlamaq istədi – ŞOK TƏFƏRRÜAT

Baxış sayı: 921 dəfə baxılıb.

Əri işdə olan qadını azyaşlı uşağının yanında zorlamaq istədi – ŞOK TƏFƏRRÜAT

Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası Fəridəyə
(adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 22 iyun 2021-ci ildə baş
verib. Yaşar həmin gün saat 08:55-də Fəridəyə zor tətbiq etməklə cinsi əlaqədə
olmaq məqsədi ilə özü ilə çəngəl və dırnaq təmizləyən alət götürərək onun
yaşadığı mənzilin giriş qapısına gəlib. Yataq otağında çarpayıda uzanaraq yatan
Fəridənin köməksiz vəziyyətindən istifadə edib, onunla zorla cinsi əlaqədə
olmaq istəyib.

Özü ilə gətirdiyi çəngəl və dırnaq təmizləyən aləti hər iki əlində tutaraq
çarpayıda yatmış Fəridəyə yaxınlaşıb.

Çarpayıda yatan qadının evinə girdi

Fəridə oyandıqda Yaşar çəngəl və dırnaq təmizləyən alətlə ona hədə gəlib,
cinsi əlaqədə olmaq niyyətini bildirib. Qadın qışqırmaq istəyərkən əlində
tutduğu alətlə zor tətbiq edib, onun ağzını yumub.

Çarpayıdan qalxmaq istəyən Fəridəyə qarşı zorakı hərəkətlərini davam etdirib,
onun müqavimətini qırmağa çalışıb, ona bədən xəsarətləri yetirib.

Fəridə qışqıraraq köməyə adam çağırıb və Yaşarın qarın nahiyəsindən təpiklə
vurmaqla özündən kənarlaşdırıb.

İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin
29,149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa
ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamaya cəhd) və
157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar
olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə
ittiham elan edilib.

“Polisə pul verdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ittiham üzrə
özünü təqsirli bilməyib. O bildirib ki, iyunun 17-də saat 12 radələrində Bərdə
şəhərindən Bakı şəhərinə gəlib və qeyri-rəsmi yaşadığı Vəfa adlı qadının evində
təxminən 3 gün qalıb:

“Ət mağazam olduğu üçün iyunun 22-də Bərdə rayonundan Bakıdakı mağazam üçün ət
göndərməli oldum. Buna görə də saat 05:40-da taksi ilə Hövsan qəsəbəsindən
“Neftçilər” metro stansiyasının yaxınlığına gəldim. R.Rüstəmov küçəsinə gələrək
binanın qarşısında söhbətgahda oturaraq gözlədim. Təxminən 10 dəqiqə sonra
əyləşdiyim yerə üzərində 2462 nömrəsi yazılmış Post Partul Xidməti avtomobili
yaxınlaşdı.

Avtomobildən düşən polis əməkdaşı mənə yaxınlaşaraq tibbi maskadan nə üçün
istifadə etmədiyimi, nəyə görə orada dayandığımı və üzərimdə nə olduğunu
soruşdu. İşimlə əlaqədar həmin ünvanda olduğumu, “8-ci kilometr” bazarının saat
9-da açılması səbəbi ilə gözlədiyimi bildirdim. Sonra polis əməkdaşı üzərimi
əli ilə yoxlamağa başladı. Həmin polis əməkdaşına 7 manat verdikdən sonra
getdi”.

“Binanın blokuna girdim”

Yaşarın sözlərinə görə, bundan təxminən 10 dəqiqə sonra digər polis maşınının
onun olduğu istiqamətə gəldiyini görüb və yenidən polis əməkdaşlarının ondan
tibbi maskadan nə üçün istifadə etmədiyini soruşacaqlarından ehtiyatlanıb,
ətrafdakı binanın blok hissəsinə daxil olub:

“Məqsədim polis əməkdaşlarından gizlənmək idi. Əlimdə içərisində əşyalar olan
çanta vardı. Binanın ikinci mərtəbəsinə qalxaraq blokun pəncərəsindən binanın
həyətinə baxdım. Həyətdə heç bir şey görmədikdə təxminən bir-iki dəqiqədən
sonra yenidən birinci mərtəbəyə düşdüm.

Birinci mərtəbədə polis avtomobilinin səsini eşitdim, avtomobilin getdiyinə
əmin olduqdan sonra həyətə çıxdım, əvvəl oturduğum yerə döndüm. Söhbətgahda
çörək qırıntılarını göyərçinlərə və pişiyə atdıqdan sonra yaxınlıqda olan
mağazaya yollandım. Siqaret və su aldım, geri qayıtdım. Əynimdəki köynək ağ
olduğuna görə bazarda iş görən zaman çirklənməməsi üçün həmin köynəyi sellofan
torbanın içərisindəki digər köynəklə dəyişdim.

Yenidən mağazaya getdim, danışıq kartları, bir də su alaraq söhbətgaha
qayıtdım”.

“Bazarlıq edib, qadının evinə getdim”

Yaşar qeyd edib ki, bir qədər sonra həmin blokdan təxminən 40 yaşlı, üzü
saqqallı kişinin çıxdığını görüb:

“O, yaxınlaşaraq məndən siqaret istədi, ona 3 ədəd siqaret verdim. Həmin şəxs
məndən uzaqlaşaraq yenidən bloka daxil oldu. Təxminən 5-10 dəqiqə sonra yenidən
həmin bloka daxil oldum, əlimdəki sellofan torbanı blokun giriş qapısının sol
hissəsindəki iki daşın arasına qoyaraq oradan uzaqlaşdım.

Mobil telefonla adını “Cuku” kimi qeyd etdiyim şəxsə zəng edərək ət almaq
istədiyimi bildirdim. O, kəsimin olmadığını dedi. “8-ci kilometr” bazarında
işləyən Abdulla adlı şəxsə zəng vuraraq ona ətin olmadığını bildirmək istədim.
Onun mobil telefonuna zəng çatmadığını görüb bazara girdim. Bazarlıq edib
tanışım Vəfanın Hövsan qəsəbəsindəki mənzilinə getdim”.

“Şər, böhtandır”

Yaşar bildirib ki, zərərçəkmiş Fəridəni əvvəllər tanımayıb: “Yalnız
saxlanıldığım gün onu görmüşəm. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis
Şöbəsində ona seksual xarakterli hərəkətlər etdiyim deyildi.

Fəridəyə qarşı seksual xarakterli hərəkətlər etməyim, onunla zorla cinsi
əlaqədə olmaq istəməyim tam şər, böhtandır. Ya da Fəridə məni kiminləsə səhv
salır. 24-cü Polis Şöbəsində döyülmüşəm, mənə qarşı fiziki və psixi təsir
göstərilib”.

“Susmağımı tələb etdi”

Cinayət işi üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, Əli ilə ailəlidir, eyni
mənzildə qayınatası, qayınanası, üç övladı ilə yaşayırlar:

“İyunun 22-də səhər saat 08:45-də mənzilin giriş qapısının sol tərəfində olan
yataq otağında çarpayıda yanımda azyaşlı övladım Əsmərlə birlikdə yatmışdım,
digər övladlarım Samirə və Mahir isə digər yataq otağında yatmışdılar.

Qəfil eşitdiyim ayaq səslərinə yuxudan oyandım, gözlərimi açdıqda çarpayının
yanında gözündə qara rəngli eynəyi, təxminən 160-165 sm boyu olan, əvvəllər
tanımadığım, heç vaxt görmədiyim, təqribən 40 yaşlarında, orta bədən quruluşlu,
1 əlində çəngəl, digər əlində isə dırnaq sürtən olan bir kişi dayanmışdı.

O, şalvarını soyunmuş halda mənim yatmış vəziyyətdə olmağımdan istifadə edərək
çarpayıya tərəf yaxınlaşdı. Mənim onu gördüyümü hiss etdi, məndən susmağımı
tələb etdi”.

“Qaçaraq getdi”

Zərərçəkmiş şəxsin sözlərinə görə, Yaşar tam yaxınlaşdıqda əlində olan
alətləri ona tutaraq qəribə səs çıxarıb:

“Sanki bununla mənə cinsi əlaqədə olmağı təklif edirdi. Həmin an qışqırmaq və
köməyə adam çağırmaq istədim. O, sağ əlində olan alətlərdən birini sol əlinə
keçirdi, sağ əli ilə ağzımı yumdu. Mən uzandığım çarpayıdan qalxmaq üçün var
qüvvəmlə təkan verdim.

Yaşar əlimi ağzından çəkərək mənim sol qolumdan tutub sıxmağa başladı. Özümü
toparlayıb onun qarın nahiyəsindən təpiklə vurdum. Əlində olan iti uclu dırnaq
təmizləyən çarpayının üzərinə düşdü. Yanımda yatmış Əsmər səsimə oyandı,
ağlamağa başladı. Mən də uca səslə qışqırmağa davam etdim. Yaşar qaçaraq evdən
getdi”.

“Mənə xəsarət yetirib”

Zərərçəkmiş qeyd edib ki, daha sonra polisə məlumat veriblər:

“Baş vermiş hadisədən sonra iyunun 23-də Nizami Rayon Polis İdarəsində şüşə
arxasından təqdim olunmuş 3-4 nəfər şəxsin arasında mənə qarşı təcavüz etmiş
şəxsi tanıyaraq göstərdim. Hadisə zamanı qayınatam səhər tezdən işə getdiyinə,
qayınanam hava almaq məqsədilə küçəyə çıxdığına, həyat yoldaşım isə işi ilə
əlaqədar evdə olmadığına görə mənzildə yalnız azyaşlı övladlarım və mən
qalmışam. Hadisə zamanı mənə sol qolumdan və əlimdən xəsarət yetirilib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Yaşar 7 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Yaşarın müdafiəçisi tərəfindən apellyasiya şikayəti
verilib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını
istəyib.

Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan
edib.

Qərara görə, Yaşarın müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin
edilməyib.

Source link